Ruh düşkünlüyü başladı: ermənilər nələr yazır?
Ermənistan mediasını ciddi izləyənlər çox yaxşı hiss edə bilərlər: ümumilikdə bütün xəbərlərdə ciddi ruh düşkünlüyü və inamsızlıq hökm sürür.Ermənistan MN-nin gündə yalnız bir dəfə yaydığı videoda “məhv edilən texnika” görüntüsünün necə əks-effekt verdiyini artıq erməni mediası da anlamağa başlayıb: qeyri-dəqiq zərbə, hədəfin yanına düşən mərmi və toz-duman. Adətən bu “məhvetmə” heç sona qədər də göstərilmir.
Əvəzində isə Azərbaycan Müdafiə Nazirliyi hədəflərin necə dəqiq zərbə endirdiyi, düşmənin ağır texnika və canlı qüvvəsinin necə məhv edildiyini tam aydınlığı ilə, eyni zamanda gündə bir neçə göstərir. Bunları isə təkcə Azərbaycan xalqı yox, ermənilər də izləyir.
Xüsusilə Suqovuşan, Talış və Hadrutun azad edilməsindən sonra Ermənistan ictimaiyyəti, sosial şəbəkə istifadəçiləri və mediasının nəinki yazı, xəbər paylaşımlarında da düşkünlük var. Erməni mediasının xəbər lenti yalnız “Azərbaycan sülhü pozdu” (halbuki “sülh” deyilən anlayış yoxdur, humanitar atəşkəsdən söhbət gedir və humanitar atəşkəsi də Ermənistan onun elan edildiyi gün Gəncəyə “Skad” ballistik raketi ilə endirdiyi zərbə ilə məhv edib), Rusiya və digər ölkələrin sülh çağırışlarına aid geniş materiallardan ibarətdir. Bir də Ermənistan Müdafiə Nazirliyinin gündə bir neçə dəfə ümumi sözlərdən ibarət “döyüş şəraitinə nəzarət edirik” misalı heç bir video və foto ilə əsaslandırılmayan məlumatları...
Siyasi anlamda isə Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək çabaları başlayıb: bir tərəfdən “dqr”in tanınması cəhdləri, digər tərəfdən Qarabağa silah daşınması və bunun üçün diapor nümayəndələrinin səfərbər olunması, xarici ölkələrdən yardım alınması müzakirələri gedir. Bütün bu müzakirələrdə Ermənistan rəsmilərinin yenə “dqr”dən “dövlət” kimi danışmağa davam etməsi, paralel olaraq cəbhəyə daha çox canlı qüvvə və texnika yığılması çağırışları istər-istəməz, Ermənistan siyasətçilərinin öz xalqını hansı şəkildə istismar və məhv etdiyini təsəvvür etməyə imkan yaradır.
Nəinki Qarabağda, İrəvanda belə kommunal xidmətlərdə ciddi axsamalar müşahidə olunur. Xandəndidə isə ümumiyyətlə həyat yoxdur: erməni sosial şəbəkə istifadəçiləri və Xankəndidən reportaj hazırlayan müxbirlərin yazdığına görə, şəhər demək olar ki, tam boşaldılıb, Xankəndidə qalan yalnız bir qrup hərbçi və milislərdir.
Milislərin Xankəndidə boşalan mənzilləri talan etməsini isə ermənilər özləri yazırlar.
Erməni sosial şəbəkə istifadəçilərinin hazırda ən çox diqqət etdiyi məqam ölən və itkin düşən əsgərlərdir. Ermənistan MN dünənə qədər 430 əsgərinin öldüyünü açıqlamışdısa, dünən axşama doğru artıq 3 siyahı elan etməyə məcbur oldu: 1-ci siyahıda 51, ikincidə 45, üçüncüdə isə 17 hərbçisinin ölümünü təsdiqlədi. Beləliklə, yalnız bir gün içində ölənlərin rəsmi sayı 113-ə (ümumi 532) çatdı.
Ancaq erməni sosial şəbəkə istifadəçiləri minlərlə itkindən xəbər gözləyir – hər yerdə bu əsgərlərin fotoları yayılır, onların öldü-qaldısını öyrənmək istəyirlər...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.