31 Mart-Azərbaycanlıların Soyqırımı Günü
Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 mart faciəsi isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.
Hər il martın 31-də azərbaycanlıların soyqırımı gününü hüznlə qeyd edirik. 1918-ci ilin soyqırımı qurbanlarını yad etmək uşaqdan-böyüyə hər kəsin vətəndaşlıq borcudur. Xalqımıza qarşı törədilmiş qətllərin dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından qalan kütləvi məzarlıq türk-müsəlman xalqlarına qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir.
Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bu qırğınlar Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə həyata keçirilmişdir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.
Təbii ki, erməni-bolşevik dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqda tarixi faktları kiçik bir yazıya yerləşdirmək mümkün deyil. Lakin sadalanan faktlar da yetərlidir ki, 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilsin.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Suraxanı rayonu, Nazim Rəfiyev adına
104 nömrəli tam orta məktəbin direktoru Mehdiyev Kərəm