Oktyabr ayının Cavid xatirələri

Oktyabr ayı Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan, ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran, milli dramaturgiyamızda yeni bir mərhələnin əsasını qoyan dahi Hüseyn Cavidin həyatı ilə sıx bağlıdır.
1882-ci il oktyabrın 24-də qüdrətli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid dünyaya gəlib. 1919-cu il oktyabrın 22-də şairin oğlu, istedadlı bəstəkar Ərtoğrul Cavid, 1923-cü il oktyabrın 2-də isə qızı Turan Cavid anadan olub.
1982-ci ilin oktyabr ayının günləri isə Cavid irsinin tarixində xüsusi yer tutur. Həmin günlərdə böyük şairin nəşinin qalıqları sürgün edildiyi və dəfn olunduğu uzaq Sibirdən Azərbaycana gətirilməsi ilə bağlı mühüm hadisələr yaşanırdı.
Hüseyn Cavidin nəşinin qalıqlarının Sibirdən Vətənə gətirilməsi Azərbaycan xalqının milli-mənəvi yaddaşında silinməz iz qoyan tarixi hadisələrdən biridir. Bu məsuliyyətli işin həyata keçirilməsində iştirak edən şəxslərdən biri də 1980-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsində çalışmış, hazırda istefada olan daxili xidmət polkovniki, 88 yaşlı Həmid Cəfərovdur.
İllərin sınağından keçmiş iti yaddaşı ilə o, bu gün də 1982-ci ilin oktyabrını kövrək duyğularla xatırlayır. Həmin tarixi missiyanın gerçəkləşməsində Azərbaycanın o vaxtkı rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsi təşəbbüsünün və köməyinin mühüm rol oynadığını vurğulayır.
Həmid Cəfərovun xatirələrində, onun tükənməz Cavid sevdası ilə təqdim etdiyi xronologiyada Hüseyn Cavidin cənazəsinin qalıqlarının doğma yurda - Naxçıvana gətirilməsi yalnız tarixi bir hadisə deyil, həm də milli yaddaşa, mənəvi dəyərlərə və böyük sənətkarın əziz xatirəsinə ehtiramın təcəssümüdür:
2 oktyabr 1982-ci il. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Naxçıvana səfəri zamanı görkəmli Azərbaycan şairi Hüseyn Cavidin nəşinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi məsələsi müzakirə olundu. Heydər Əliyev bu nəcib təşəbbüsə xeyir-dua verdi. Məsələnin müsbət həllinə nail olmaq üçün Bakıya qayıtdıqdan sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi L. İ. Brejnevə və SSRİ DTK-nın sədri Y. V. Andropova müraciət etdi.
12 oktyabr 1982-ci il. Naxçıvan Vilayət Partiya Komitəsinin bürosu Hüseyn Cavidin məzarının tapılması və nəşinin qalıqlarının Azərbaycana gətirilməsi barədə qərar qəbul etdi. Qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Qara oğlu Cəfərova həvalə olundu.
14 oktyabr 1982-ci il. Həmid Cəfərov Naxçıvan MSSR daxili işlər nazirinin müavini Telman Əliyev və Babək rayonundakı Daş-üzlük kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirovla birlikdə Moskvaya uçdu. Buradan böyük şairin məzarını axtarmaq, onun nəşinin qalıqlarını Vətənə qaytarmaq məqsədilə uzaq Sibirə doğru yola düşdülər.
18 oktyabr 1982-ci il. Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsinin katibi E. N. Antipin Həmid Cəfərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini hərarətlə qəbul etdi. Tayşet rayonunun Şevçenko kəndində yerləşən, Hüseyn Cavidin vaxtilə məhbus həyatı yaşadığı 21 saylı koloniyanı və şairin dəfn olunduğu qəbiristanlığı tanıyan şəxslərin müəyyənləşdirilməsi üçün müvafiq göstərişlər verildi.
20 oktyabr 1982-ci il. Azərbaycandan gəlmiş nümayəndə heyətini Tayşet Şəhər Partiya Komitəsinin birinci katibi O. İ. Qortunov qəbul etdi. Şəhərin rəhbər işçiləri ilə görüş keçirildi, Hüseyn Cavidin taleyinə dair arxiv sənədləri araşdırıldı.
21 oktyabr 1982-ci il. Tayşet Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 141 saylı və rayon sanitar-epidemioloji stansiyasının 142 saylı sərəncamları ilə Həmid Cəfərova Hüseyn Cavidin nəşinin qalıqlarının qəbirdən çıxarılaraq aparılmasına icazə verildi.
İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndinə yollanan axtarış dəstəsi böyük şairin dəfn olunduğu 59 saylı qəbri tapdı. Beləliklə, illərlə Sibir torpağında uyuyan Hüseyn Cavidin nəşinin qalıqları doğma Vətənə qaytarılmaq üçün torpaqdan çıxarıldı.
Şairin xatirəsi İslam dininə uyğun ehsan verilməklə, eyni zamanda 100 yaylım atəşi ilə yad edildi. Bu kövrək anlar yalnız bir məzarın açılması deyildi. Bu, sürgünlərə, ayrılığa və məşəqqətlərə məhkum edilmiş böyük sənətkarın xalqına qovuşması yolunda atılan tarixi addım idi.
23 oktyabr 1982-ci il. Hüseyn Cavidin nəşinin qalıqları xüsusi vaqonla Tayşetdən İrkutska gətirildi.
24 oktyabr 1982-ci il. Hüseyn Cavidin nəşi ilə İrkutska qayıdan Azərbaycan nümayəndə heyəti vilayət rəhbərliyi tərəfindən qəbul olundu. Böyük şairin 100 illik yubileyi uzaq Sibirdə qeyd edildi. Taleyin sərt sınaqlarına baxmayaraq, onun adı, yaradıcılığı və mənəvi böyüklüyü burada da ehtiramla yad olundu.
25 oktyabr 1982-ci il. Hüseyn Cavidin nəşi İrkutskdan Moskvaya aparıldı. Moskvaya uçuş zamanı stüardessa Heydər Əliyevin tapşırığını Həmid Cəfərova çatdırdı:
- Hüseyn Cavid Moskva-İrəvan-Naxçıvan marşrutu ilə deyil, 861 saylı reyslə Moskvadan birbaşa Bakıya “uçmalıdır”!
Bu tapşırıq böyük söz adamının Vətənə dönüş yolunun necə böyük diqqət və məsuliyyətlə təşkil olunduğunu göstərirdi.
26 oktyabr 1982-ci il. Respublika rəhbərinin, Azərbaycan ədəbiyyatının böyük qayğıkeşi Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə Hüseyn Cavidin nəşinin qalıqları Şirvanşahlar sarayına gətirildi. Noyabrın 2-dək burada ölkə ictimaiyyətinin böyük söz ustadı ilə vida görüşləri keçirildi.
27 oktyabr 1982-ci il. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində Hüseyn Cavidin harada dəfn olunması məsələsi Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun rəhbərliyi ilə müzakirə edildi. Böyük şairin doğma vətəni Naxçıvanda torpağa tapşırılması qərara alındı.
2 noyabr 1982-ci il. Hüseyn Cavidin uzun illər yaşayıb-yaratdığı Bakıdakı evində - Əlyazmalar İnstitutunda şairlə vida mərasimi keçirildi. Heydər Əliyev başda olmaqla respublikanın rəhbər işçiləri fəxri qarovulda dayandılar. Bu, böyük sənətkarın xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsi idi.
Həmin gün Hüseyn Cavidin nəşi Bakıdan Naxçıvana yola salındı. Onu qızı Turan Cavid, sənət adamları və ictimaiyyət nümayəndələri müşayiət edirdilər. Böyük şair doğma yurdda sevgi və ehtiramla qarşılandı. Nəşinin qalıqlarının Naxçıvana gətirildiyi ilk gecə onun cənazəsi ata yurdundakı evində saxlanıldı.
3 noyabr 1982-ci il. Naxçıvan Dram Teatrında izdihamlı vida mərasimi keçirildi. Saat 15:00-da Hüseyn Cavid Naxçıvan şəhərində, Cavid bağında sonsuz ehtiramla torpağa tapşırıldı.
Beləliklə, böyük sənətkarın Sibir sürgünündən başlanan uzun və məşəqqətli ayrılığı onun doğma torpağında əbədiyyətə qovuşması ilə başa çatdı. Hüseyn Cavid Vətənə qayıtdı. Cənazəsinin qalıqları Naxçıvan torpağına tapşırılsa da, ruhu və ölməz irsi Azərbaycan xalqının qəlbində əbədi yaşamaq haqqı qazandı.
Cavid ətirli bu xatirələri Həmid Cəfərov ömrünün 88-ci səhifəsində, illərin arxasında qalmış o unudulmaz günləri sanki yenidən yaşayaraq, bizimlə bölüşdü. Onilliklər öncə olduğu kimi, bu gün də böyük şairi sonsuz məhəbbət və ehtiramla xatırladı. Bir daha şahid olduq ki, zaman onun yaddaşında bir çox izləri silsə də, Hüseyn Cavidin Sibirdən Vətənə qayıdışının mənəvi ucalığını, o tarixi missiyanın məsuliyyətini və həyəcanını silə bilməyib.
Hikmət Xudiyev,
Əməkdar jurnalist
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: