sedanews.az
sedanews.az

Ermənistana daha bir AĞIR "İTKİ" - Tehran Bakı ilə razılığa gəldi

1-12-2021, 14:24 303 dəfə baxılıb

Ermənistana daha bir AĞIR "İTKİ" - Tehran Bakı ilə razılığa gəldi


Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sayca XV olan Zirvə görüşü maraqlı məqamları ilə yadda qaldı. Bu Zirvə görüşü Azərbaycan üçün xüsusilə tarixi əhəmiyyət kəsb edir. Belə ki, Aşqabad sammiti Azərbaycan diplomatiyasının uğuru sayıla biləcək növbəti əlamətdar hadisələrlə diqqət çəkməyi bacardı.
Öncə onu qeyd edim ki, İƏT-in qəbul etdiyi sənəddə Azərbaycanın ünvanına təbrik yer aldı. Bu hadisə bir daha təsdiq etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 30 illik erməni işğalına son qoyaraq doğma yurd-yuvasını azad etməsi ilə bölgədə və regionda reallığı xeyrinə dəyişdi və proses, bu gün də davam etməkdədir. Belə ki, Azərbaycana təbrik ünvanlayan bu dövlətlər sırasında Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində yer alan 3 ölkə (Qazaxıstanın, Qırğızıstanın və Tacikistan) də var. 
Digər maraqlı məqam isə ondan ibarətdir ki, Aşqabadda sammit çərçivəsində keçirilən görüşlərdə 44 günlük müharibədən sonra aralarında bir gərilim yaşanan Azərbaycan-İran münasibətlərinin yeniləndiyini deyə bilərik. 
Artıq normala dönən, bəlkə əvvəlkindən daha yaxşı olacaq İran-Azərbaycan münasibətlərindən gözlənildiyi kimi ilk narahat olan tərəf elə məhz Ermənistan oldu. İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəstək olmadığı iddiası ilə İrəvanda anti-Rusiya təbliğat maşınını son 2-3 gündür İrana qarşı etirazlar əvəz etməyə başlayıb. Bu amil bir daha Ermənistana uzun illər yardım etməkdən usanmayan, ona hər cür dəstəyini əsirgəməyən qonşu dövlətlərə bir görk oldu ki, rəsmi İrəvan üçün dost, qonşu anlamı yoxdur, onlar istənilən an hər kəsə xəyanət edərlər, üzlərinə ağ ola bilərlər.
Üçüncü və çox önəmli məsələ isə Azərbaycan, Pakistan və İran arasında imzalanan qaz sazişi ilə bağlıdır. İmzalanan bu saziş, 3 ölkənin birgə əməkdaşlığı baxımından yeni bir səhifənin başlanğıcı deməkdir ki, bu iqtisadi əlaqələr eyni zamanda sözügedən ölkələr arasında siyasi bağların da etibarlılığının artmasına səbəb olacaq.
Beləcə Aşqabad sammiti Azərbaycan, türk, islam dövlətləri adına növbəti böyük bir birliyin təməli idi. Belə ki, əgər buna kimi, rəsmi Tehran ermənipərəst mövqeyi ilə yadda qalırdısa, qəbul etdiyi hərbi-siyasi qərarlar İrəvanın əlini gücləndirməyə hesablanırdısa, Azərbaycanın iradəsi, qətiyyətli siyasəti İranın belə mövqeyini yumşaltmasına, reallığı qəbul edib Azərbaycanla kompromisə gedərək nəinki bir masa arxasında oturmağa, eyni zamanda gələcəyə hesablanmış iri qaz sazişlərinin tərkibi olmağa kimi gətirib çıxardı. Belə olan təqdirdə deyə bilərik ki, Ermənistanın əli daha da zəiflədi və istər 10 noyabr 2020-ci il, istər 11 yanvar 2021-ci il üçtərəfli birgə bəyanatları olsun, istərsə də təxminən 5 gün öncə (26 noyabr) Soçidə imzalanan növbəti üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün Nikol Paşinyan hakimiyyətinin heç bir şansı qalmır. Çünki istər Birinci Qarabağ müharibəsi olsun, istərsə də ondan sonrakı 30 illik işğal siyasəti zamanı İran daim Ermənistanı iqtisadi tənəzzül girdabından xilas edən dövlətlərdən olub. İndiki halda isə heç şübhəsiz ki, artıq rəsmi Tehran Bakının da maraqlarını, mövqeyini nəzərə alacaq. Aşqabadda Azərbaycan və İran Prezidentlərinin görüşü zamanı dövlətlərin ikitərəfli münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, rəsmi Tehran artıq Zəngəzur dəhlizinin açılmasına mane olmaq, ona alternativ hər hansı bir addım atmaq fikrindən daşınıb.
Görünür ki, postkonflikt dövründə əsas qayəsi qonşularla münasibətləri daha da yaxşılaşdırmaq, birgə olaraq dünyanın əziyyət çəkdiyi iqtisadi böhrandan xilas olmaq üçün inkişaf istiqamətində təsirli addımlar yolunu seçən Azərbaycanın əlini yeganə olaraq verdiyi sözlər, imzaladığı bəyanatlar, götürdüyü öhdəliklərin əksinə Ermənistan sıxmaq fikrində deyil. Bunun isə Ermənistan üçün aqibətinin necə olacağı heç kəsə sirr deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 il ərzində əməl etməyən, beynəlxalq hüququn prinsip və normalarını ayaq altına atan, hər dəfəsində müxtəlif bəhanələrlə həlledici məqamda danışıqları pozmağa çalışan Ermənistan artıq 1 il bundan əvvəlki imkanlardan da məhrum olub. Bu isə o deməkdir ki, İrəvan daha ağır günlərlə qarşı-qarşıya qala bilər. 
Təxminən bir ay əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son açıqlaması zamanı bildirmişdi ki, üçtərəfli İşçi Qrupunun noyabrın 29-da toplanması nəzərdə tutulur. Hətta Kreml rəhbəri də Soçidə üçtərəfli İşçi Qrupunun yaxın günlərdə yenidən tam sürətlə qaldıqları yerdən fəaliyyətlərini davam etdirəcəklərini desə də həlilik bu barədə hər hansı bir tərpənişin şahidi deyilik. Çox güman ki, fors-major situasiya olmasa, Rusiya dövlət başçısının dediklərinə istinad etsək, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xəttlərinin açılması istiqamətində üçtərəfli İşçi Qrupunun yaxın günlərdə toplantısı bərpa edilə bilər. Nəzərə alsaq ki, Prezident İlham Əliyev də Aşqabad Zirvəsində "Zəngəzur dəhlizi reallığa çevrilir" sözlərinə yer verdi, və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etdi, o zaman gözləntilərin özünü doğrultmaq ehtimalının daha da artmış olduğu qənaətinə gəlmək olar.
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA