sedanews.az
sedanews.az

Təbii fəlakət və bələdiyyə məsuliyyəti: Quba rayonunun Küpçal-Dağlı bələdiyyəsi su problemini necə həll etdi?

4-06-2025, 10:01


Son günlər Quba rayonunda qeyri-sabit hava şəraiti və güclü yağıntılar bölgədə bir sıra sosial-texniki problemlərə səbəb olub. Xüsusilə Küpçal-Dağlı bələdiyyəsinə aid ərazilərdə sel suları içməli su sisteminə ciddi ziyan vurub. Ərazidəki boru xətlərinin bir hissəsi zədələnib, bəzi yerlərdə isə torpaq sürüşməsi nəticəsində tamamilə sıradan çıxıb. Nəticədə kənd sakinləri su təchizatında ciddi çətinliklərlə üzləşiblər.


Amma yaranan bu çətin şəraitdə bələdiyyənin çevikliyi və operativliyi sosial rifah baxımından diqqətəlayiq örnək oldu. Küpçal-Dağlı bələdiyyəsi təbii fəlakətin ilk saatlarından etibarən ərazidə səfərbərlik elan edərək, bərpa işlərinə start verib. Bələdiyyənin əməkdaşları çətin relyef və əlverişsiz hava şəraitinə baxmayaraq, fasiləsiz şəkildə zədələnmiş infrastrukturun bərpası ilə məşğul olublar.
Yeni boruların quraşdırılması, mövcud xətlərin bərpası və qoruyucu tədbirlərin görülməsi nəticəsində əhalinin içməli suya çıxışı mərhələli şəkildə təmin olunmağa başlanılıb. Artıq kəndin bir hissəsində su təchizatı bərpa olunub, qalan hissələrdə isə işlər davam edir.
Yerli sakinlərin sözlərinə görə, bələdiyyənin operativ müdaxiləsi onların gündəlik həyatına rahatlıq gətirib. “Biz çarəsiz qalmadıq, bələdiyyə dərhal hərəkətə keçdi. Gördükləri işlərə görə təşəkkür edirik,” – deyə kənd sakinlərindən biri bildirib.


Küpçal-Dağlı bələdiyyəsinin rəhbəri Natiq Bəxmirzəyev uzun illərdir bu sahədə fəaliyyət göstərən və vətəndaşların problemlərinə operativ reaksiya verməklə tanınan təcrübəli məmurlardandır.
Bəxmirzəyev Natiq Nadir oğlu 24 oktyabr 1980-ci ildə Quba rayonu Qırmızı qəsəbəsində anadan olub. 2002-ci ildə Bakı Biznes Universitetinin hüquq fakültəsini bitirdikdən sonra hərbi xidmətdə olub. Yerli idarəetmə sahəsində 2010-cu ildən fəaliyyət göstərən Natiq Bəxmirzəyev müxtəlif bələdiyyələrdə sədr və sədr müavini vəzifələrində çalışıb. 2020-ci ildən bu günə qədər Küpçal-Dağlı bələdiyyəsinin sədridir.
Onun rəhbərliyi dövründə kənddə infrastruktur layihələri, sosial təşəbbüslər və sakinlərlə açıq ünsiyyət ön planda olub. Su probleminin operativ həlli də bu idarəçilik üslubunun nəticəsidir.


Quba rayonunun Küpçal-Dağlı bələdiyyəsinin göstərdiyi çevik fəaliyyət bir daha sübut edir ki, yerli özünüidarəetmə orqanları yalnız torpaq və əmlak məsələləri ilə deyil, fövqəladə situasiyalarda da vətəndaşların yanında ola biləcək güclü institutlar olmalıdır.
Məsuliyyətli idarəçilik, çevik qərarlar və vətəndaş məmnuniyyətinə yönəlik fəaliyyət modeli nümunə kimi göstərilə bilər. Bu cür yanaşma həm cəmiyyətin rifahına, həm də dövlət-vətəndaş münasibətlərində etimadın artmasına xidmət edir.
Afət İlkin






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA