Yasamal rayonu 19 saylı Poliklinikada Pullu Tibbi Xidmətlər: Hüquqlar Tapdanır, Cavabdehlik Yoxdur
Səhiyyə sistemi vətəndaşın rifahı və sağlamlığını təmin etməyə borcludur. Lakin bəzi hallarda bu sistemin bəzəkli divarlarının arxasında ciddi qanun pozuntuları və vətəndaş hüquqlarının kobud şəkildə pozulması halları müşahidə olunur. Bakı şəhərində fəaliyyət göstərən 19 saylı poliklinikada üzə çıxan faktlar bu narahatedici vəziyyətin bariz nümunəsidir. Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki poliklinikada tibbi sığorta ilə müalicə almaq mümkün deyil. Qan analizi, USM və Rentgendən keçmək üçün gərək həkimin cibinə ürək açan pul qoymalısan ki, səni yaxşı müayinə etsin. Ona görə də ödəniş etmək məcburiyyətində qalırlar. Halbuki, bu xidmətlər dövlət tərəfindən maliyyələşən ilkin tibbi yardım kateqoriyasına daxildir və vətəndaşa pulsuz xidmət göstərilməlidir. Əgər dövlət büdcəsindən maliyyə ayrılırsa, o zaman vətəndaşdan əlavə ödənişin tələb olunması qanun pozuntusudur və bu vəsaitin hara getdiyi sual altındadır.
Bu poliklinikada ən çox problem yaşayanlar isə dövlət bağçalarında körpələrə məsuliyyətli xidmət göstərən aşpazlardır. Qanunvericiliyə görə uşaq bağçalarında çalışan aşpazlar 6 aydan bir poliklinikada analiz verirlər və analizə isə 30 azn ödəniş edirlər. Bəs bunun müqabilində tələb olunan 30 azn ödənişə qəbz verilirmi? Poliklinikanın qeydiyyat və qan analizi şöbəsinin əməkdaşı olan Günay və Fərqanə adlı tibb bacıları verdiyi məlumatda bildirdilər ki, məktəbəqədər təhsil müəssisələrində çalışan aşpazlar hər 6 aydan bir qan analizindən keçirlər və bu zaman 30 azn dövlət rüsumu ödəyirlər. Həmin ödənişi isə aşpaz yox “OBA” şirkəti tərəfindən ödənildiyi bildirildi. Lakin araşdırmalar göstərir ki, bu ödənişlər ya işçilərin öz hesabına aparılır, ya da ümumiyyətlə ödənişlər edilmədən sənədləşdirilir. Belə çıxır ki, ya işçilər sistematik şəkildə aldadılır, ya da rəsmi sənədlərdə saxtalaşdırma halları var. Mənbənin verdiyi məlumata görə qan analizi şöbəsinin tibb bacısı Günay xanım bizim araşdırmalarımızdan sonra narahat olaraq, bağçaya zəng edib və şikayət etdiklərinə görə əsəbləşdiyini bildirib. Oba marketin Veysəloğlular şirkətinin əməkdaşları ilə əlaqə saxladığımız zaman, uşaq bağçasında xidmət göstərən aşpazların 19 saylı poliklinikaya ödənilən 30 manat vəsaitin bizim şirkətlə heç bir əlaqəsi olmadığını açıqladılar.
Ən ciddi və cəmiyyət üçün təhlükəli olan məsələ isə onkoloji xəstələr üçün nəzərdə tutulmuş təyinatların pul müqabilində verilməsidir. Mənbələrin verdiyi məlumata əsasən, bəzi həkimlər bu həyati əhəmiyyət daşıyan təyinatları pulu olmayanlara ya gec, ya da ümumiyyətlə təqdim etmirlər. Bu cür yanaşma yalnız peşə etikasına deyil, həm də insanlığa və qanunlara ziddir. Onkoloji xəstələr üçün dərmanlar və müalicə formaları dövlət tərəfindən ödənişsiz şəkildə təqdim olunmalıdır. Əgər bu təyinat pulla satılırsa, bu artıq təkcə maliyyə pozuntusu deyil – bu, insan həyatına biganəlik və vicdansızlıqdır.
Çox təəssüflər olsun ki, suallarımızın dəqiqliklə cavabını almaq mümkün olmadı. 19 saylı poliklinikanın şöbə müdiri Zemfira xanım baş həkim Aytən Qurbanovanın məzuniyyətdə olduğunu bildirdi və bu məsələyə heç bir əsaslı cavab verə bilmədi. Nəticədə, bütün suallar qeydiyyatçı Günay xanımın izahatları ilə “həll olunmağa” çalışılır. Belə bir struktura sahib olan tibbi müəssisədə vətəndaşlar kimə güvənməlidir?
Bu faktlar göstərir ki, 19 saylı poliklinikada ciddi yoxlamalar aparılmalı, ödənişli xidmətlərin hüquqi əsasları araşdırılmalı və şəffaflıq təmin olunmalıdır. Dövlətin ayırdığı resurslar ya məqsədyönlü istifadə edilmir, ya da vətəndaşa çatmır.
Mövzu yalnız bağça əməkdaşlarının haqqının yeyilməsi deyil. Bu, ümumilikdə vətəndaşlara göstərilən xidmətlərdəki şəffaflıq və məsuliyyət böhranıdır. Hər bir aidiyyəti qurum bu məsələyə aydınlıq gətirməlidir. Çünki bu, sadəcə analiz deyil — vətəndaş etimadının analizidir.
Afət Məmmədova