Bələdiyyələr və Vətəndaşa Xidmət – Binəqədi qəsəbə Bələdiyyəsində Baş Verənlər İctimai Narazılıq Yaradıb
Binəqədi qəsəbə sakinləri olan birinci Qarabağ müharibəsində şəhid olmuş Elman Məhərrəmovun qardaşı Nail Məhərrəmov, qazi Arif Abdullayevin anası Cəmilə xanım Rüstəmova və Nazlı adlı xanım vətəndaş bu yaxınlarda ciddi problemlər səbəbilə bələdiyyəyə müraciət etmək üçün gəldiklərini bildirdilər. Lakin onların müraciəti nəinki cavablandırılmadı, əksinə, bələdiyyə binasından kobud şəkildə uzaqlaşdırılaraq və özünü sədr müavini kimi təqdim edən Pərviz adlı şəxs onlara “çıxın çölə gedin kənar yerdə məsələnizi həll edin, bura bizim şəxsi mülkümüzdür vətəndaşın yox” deyərək, problemi dinləməkdən imtina etdi.
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Həsənov Bəylər isə nə vətəndaşları qəbul etdi, nə də bizim suallarımıza cavab verməyə razılıq verdi. Sakinlər deyirlər ki, "biz heç bu bələdiyyə sədrini görməmişik, səs də verməmişik. Kim onu seçibsə, özü də cavabdehdir. Yeni sədrin üzünü belə görməmişik."
Sakinlərin sözlərinə görə, nə içməli su, nə işıq, nə yol, nə də kanalizasiya probleminin həlli ilə məşğul olan bir rəhbər yoxdur. Vətəndaşlar dəfələrlə icra hakimiyyətinə də müraciət etsələr də, bu günə kimi bu məsələlərlə maraqlanan heç kim olmayıb.
Qeyd edilməlidir ki, bələdiyyələrin Azərbaycan Respublikası Konstitusiyası və "Bələdiyyələrin statusu haqqında" qanunla müəyyən olunmuş vəzifələri mövcuddur. Bu vəzifələrə ərazi sakinlərinin sosial-məişət problemlərinin həlli, vətəndaşların şikayətlərinə baxılması və şəhid-qazi ailələrinin xüsusi qayğı ilə dinlənməsi daxildir. Bu vəzifələrin icra olunmaması artıq təkcə vicdan məsələsi deyil, hüquqi məsuliyyət daşıyan bir haldır.
Belə hallarda vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, media və jurnalistlər mühüm rol oynayır. Onların ictimai nəzarəti və problemin işıqlandırılması, bu cür halların qarşısının alınmasında əsas amillərdəndir.
Bu cür hadisələr yalnız tənqid üçün deyil, həm də sistemli şəkildə xidmətlərin yaxşılaşdırılması üçün gündəmə gətirilməlidir. Vətəndaşlar bələdiyyədən şəffaflıq, cavabdehlik və real xidmət gözləyir. Yerli idarəçilikdə vətəndaşa hörmət və dinləmək mədəniyyəti formalaşmalıdır.
Sonda isə Binəqədi sakinlərinin adından bələdiyyə sədri Bəylər Həsənov Oqtay oğluna bir neçə sual ünvanlamaq istərdik:
1.Nə üçün vətəndaşların müraciətləri qəbul edilmir?
2.Şəhid və qazi ailələrinin səsi niyə eşidilmir?
3.Binəqədi sakinlərinin illərlə davam edən su, işıq, yol və kanalizasiya problemi niyə hələ də həllini tapmayıb?
4.Vətəndaşların seçmədiyi, tanımadığı bir sədrin fəaliyyətini necə şəffaf hesab etmək olar?
Cavablarınızı gözləyirik, çünki bu suallar artıq təkcə Binəqədi sakinlərinin deyil, bütün cəmiyyətin narahatçılığına çevrilib.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Afət Məmmədova