İclasda Haniyəyə sui-qəsd, instaqramın bağlanması və s.müzakirə olunacaq
Üç həftəlik fasilədən sonra Türkiyədə bu gün Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanır. İclasın əsas gündəm məsələsi İranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi olacaq.
Sui-qəsddən sonra Yaxın Şərqdə artan gərginliklə yanaşı, İranın İsrailə qarşı cavab bəyanatı və İsrailin Fələstin və Livana hücumları da müzakirə olunacaq. Artan gərginliyə qarşı Türkiyənin ata biləcəyi addımlar və diplomatik münasibətlər də görüşdə müzakirə ediləcək məsələlər arasındadır.
Nazirlər Kabinetinin iclasında ötən həftə İnformasiya Texnologiyaları Qurumunun Instagram sosial media platformasına tətbiq etdiyi giriş qadağası da müzakirə olunacaq. İnformasiya Texnologiyaları Qurumunun qərarı ilə bağlanan Instagram üçün prosesin necə işləyəcəyi və Metaya tətbiq olunacaq sanksiyalara Nazirlər Kabinetinin iclasında aydınlıq gətiriləcəyi gözlənilir.
Daxili məsələlərdə isə gündəm iqtisadiyyat olacaq. Qeydiyyatdan kənar fəaliyyətlərlə mübarizə çərçivəsində atılan addımlar qiymətləndirilərkən, yoxlamaların artırılması da müzakirə ediləcək. Digər tərəfdən inflyasiya ilə mübarizə də qiymətləndiriləcək.
MİT-in koordinasiyası ilə ötən həftə Ankarada baş tutan məhbus mübadiləsi də Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq. ABŞ və Rusiya arasında 26 nəfərlik məhbus mübadiləsi bütün dünyaya təsir etdi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı artan gərginliyi azaltmaq üçün Türkiyənin bundan sonra atacağı diplomatik addımlar da Nazirlər Kabinetində müzakirə olunacaq. Görüşdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti gözlənilir.
Qeyd edək ki, iclasın Bakı vaxtı ilə saat 16:30-da başlanması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.