Suriya məsələsində İranın Türkiyə ilə fikir ayrılıqları və prosesə yanaşmadakı fərqlər qalmaqdadır. İran xarici işlər naziri Abbas Arakçının Türkiyəyə səfəri və türkiyəli həmkarı Hakan Fidanla görüşməsi bu fikir ayrılıqlarını aradan qaldırmağa kifayət etməyib.
Türkiyə Suriya Prezidenti Bəşər Əsədin uzun müddətdir danışıqlardan yayınması və Ankaranın görüş təklifini qəbul etməməsindən sonra mövqeyini sərtləşdirib. Ankarada baş tutan görüşdə Hakan Fidan bunu həmkarı Abbas Arakçıya açıq şəkildə bildirdi: “Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır”.
Görüşdən sonra “Əl-Ərəbi Əl-Cədid” nəşrinə açıqlama verən Abbas Arakçı isə hazırda Suriya böhranının yekun həllinə imkan yaratmaq üçün hazırlıq aparıldığını vurğulayıb. Buna baxmayaraq, o, Türkiyənin fərqli mövqe tutduğunu da etiraf edib:
“Tehran Türkiyə ilə mövcud fikir ayrılıqları ilə bağlı məsləhətləşmələrə və dialoq aparmağa çalışır”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” qruplaşması Hələb və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib, hazırda Həmanın 8-ci kilometrliyində Suriya rejim qüvvələri ilə döyüşlər gedir.
Türkiyənin açıq şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı terrorçulardan təmizləyib. ASO-nun növbəti hədəfinin Menbiç olacağı gözlənilir.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.