“TARİXİMİZİ QIZIL HƏRFLƏRLƏ YAZMIŞ SİLAHLI QÜVVƏLƏR GÜNÜ”
Silahli Qüvvələr Günü hər bir ölkənin tarixində vacib günlərdəndir. Hazırkı dövrdə bu daha da aktualdır. Çünki, hazırda dünyanın bütün ölkələri narahat –siyasi hadisələr içində çalxalanır. Bu siyasi münaqişələr silahlı toqquşmalarla müşayət olunur. Biz uzunmüddətli müharibədən yenicə çıxmış dövlətlərdənik. Qələbə qazanmaq çətin, onun nəticələrini qoruyub saxlamaq daha da çətindir. Şükürlər olsun ki, dövlətə ağıllı siyasətçi, mahir Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir. Onun çevik və məqsədyönlü siyasəti ölkənin azadlığı, suverenliyi və Konstitusiya Quruluşunun müdafiəsinə hesablanmışdır. Beynəlxalq siyasi arenada nüfuzu daha da yüksəlməkdədir.
Bu gün “Səda” televiziyasında həmin günün şərəfinə hazırlanmış verilişin qonaqları şəhid atası Elçin bəy və Birinci Qarabağ müharibəsinin qazisi, ilahiyyatçı Hacı Həsən Hüseyni idi.
Mən Qazi Hacı Həsənin yaradıcılığını daim izləyirəm. Onun reabilitasiyada olmasına baxmayaraq hərbi geyimdə bayram verilişinə özünü yetirməsi və xalqı təbrik etməyə müvəffəq olmasına təəccüblənmədim. Cihad, xalqa xidmət onun üçün sağlamlığından da öndədir. Bəli, o, belədir!
Elçin bəy silahlı qüvvələr günü münasibətilə bütün hərbçiləri, şəhid ailələrini, qazi və veteranları təbrik etdi. Bildirdi ki, bizim qələbəmizə görə onlara borcluyuq. Övladlarımız canlarını Vətən yolunda fəda etdilər. Onların içərisində mənim oğlum kimi çox sayda ailənin yeganə övladı olanlar var. Bir valideyn kimi itkimin ağrısı nə qədər böyük olsa da, onların bacardıqları igidliyin qüruru iki qat böyükdür. Onlar bizə qələbə sevinci və azadlığın əvəzsiz şirinliyini yaşatdılar. Söz, sənət sahibi olan yerdə danışmaq mənə düşməz. Onların ən böyük nümayəndəsi, Qazi Hacı Həsən Hüseyni olan yerdə mən söz deməyə ehtiyac duymuram.
Aparıcı Hacı Həsən Hüseyniyə bir qazi və ilahiyyatçı kimi düşüncələrini tamaşaçılarla bölüşməyi xahiş etdi.
Hacı Həsən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün hərbçiləri “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə təbrik etdi. Birinci Qarabağ müharibəsində, bütün bu 30 il ərzində ayri-ayrı döyüşlərin, 2016-cı il Aprel Döyüşlərinin, 44 günlük Vətən Müharibəsinin, Antiterror Hərəkatının iştirakçılarını, qəhrəmanlarını salamladığını dedi. Əlavə etdi ki, bu illərin ən unudulmaz, parlaq qəhrəmanları Mübariz İbrahimovu, Polad Həşimovu və onların simasında minlərlə onların silahdaşlarını yad edir, ruhlarına dualar oxuyuram. Onlar öz mübarizələri ilə sübut etdilər ki, bu xalqın əzmini qırıb, onun dini dəyərərini əllərindən ala bilməzsiniz. Mübariz kimi bir igid bir orduya bərabərdir. Təkbaşına düşmən sıralarına girib bütöv bir hissəni yerlə yeksan edə bilər.
Bu gün ən çox da Müdafiə Nazirliyi əməkdaşlarının bayramıdır. Mənim komandirim olmuş, bu gün xidmətini Müdafiə Nazirliyində davam etdirən Sərvər Cəbrailovu və onun həmkarları olan zabit heyətini bu gün münasibətilə təbrik edirəm.
Allah şəhidlərimizin ruhunu şad etsin. Xalqımızın övladlarından bu səviyyədə yetkinlik görəndə insanın sinəsi qürurla qabarır. Bu gün ordumuz həm texniki, həm də mənəvi cəhətdən ən nümunəvi ordulardandır. Onların dini-mənəvi yetkinliyi, əqidə möhkmliyi bir çox ordularda tapılmayan cəhətlərdəndir. Mən bir ruhani olaraq bir çox şəhidin mərasimində iştirak etmişəm. Həmişə də onların şəhadətinin uca məqamını hiss etmişəm. Onların çoxu, “Ya Əli”, “Ya Hüseyn” şüarı ilə şəhadətə hazır vəziyyətdə, hətta dəstəmazla döyüşə girirdilər. Islam yolunda Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə hicrət etdi, seyyidüş-şühəda, şəhidlər sərvəri İmam Hüseyn (ə) bu mənəviyyat uğrunda bütün ailəsi ilə birlikdə şəhid oldu. Onların bayrağını ucaldan, adlarını başlarındakı çalmalarda həkk edib mübarizə aparan bir şəhidin məqamı Allah qatında mötəbər olmaya bilərmi? Allah müqəddəs Qurani-Kərimdə insanları Allah yolunda cihada çağırıb. Bu yolda həlak olan hər kəs şəhiddir və Allah qatında məqamı ucadır.
Onlar “Hubbul Vətən, minəl iman” – “Vətəni sevmək imandandır” kəlamını şüar edərək Vətəni dardan qurtardılar. Son qələbəyədək canlarını fəda etməkdən imtina etmədilər, qorxub çəkilmədilər. Hətta, qolunu, ayağını itirənlər belə Vətən sevgisini itirmədilər. Dünyaya sübut etdilər ki, Azərbaycan ordusu hər cəhətdən formalaşmış, qüdrətli bir ordudur...
Natiq sözlərini aşıq İsfəndiyarın yaradıcılığından bu sətirlərlə tamamladı:
Səfərə çıxanda tut ətəyindən
Küllü kainatın bir ağası var.
Meylini dolandır haqqın yoluna,
Dünyanın min qovğa, min qəzası var.
Allah ağıl verib, ağılla dolan,
Şər-böhtan söyləmə, danışma yalan.
Allahını bir bil, Qurana inan,
Yoldan azanların min cəzası var.
Havalanma, əldə varın olanda,
Hökm dildə, ixtiyarın olanda,
Dara düşüb intizarda qalanda,
Çağır Yaradanı, min bəlası var.
Allah, Məhəmməd, on iki imam,
Köməyiniz olsun Sahib-əzzaman.
Rədd olsun qudurğan, tökülməsin qan,
Xalqımın dilində bi duası var.
Aşıq İsfəndiyar, dəyişir zaman,
Milləti qırdırır çuğul, kor şeytan.
Dünyada bir olsun əhli-müsəlman,
Müsəlman xalqının bir qıbləsi var.
Allah bizi dinimizdən, Qibləmizdən, yolumuzdan, Vətənimizdən ayrı salmasın! Amin ya Rəbbəlaləmin! Bayramınız mübarək!
Verilişin çəkilişində əməyi keçən Vəliyev Mahir Süleyman oğlu, Mehdiyev Mehman Mətləb oğlu və Bağırova Arzu Tofiq qızı və b. bayram münasibətilə ölkəmizin bütün hərbi kontingentini, şəhid ailələrini, qaziləri və müharibə veteranlarını bu veriliş vasitəsilə təbrik edir.
Bir veteran anası kimi mən də onların, xüsusilə oğlum Əli Nadirovun cəbhə yoldaşlarını, komandirlərini, hərbi qulluqçuları təbrik edirəm. Kəlbəcərin azad edilməsi uğrunda döyüşərək təltif edilmiş Əli kimi yüzlərlə əsgərin, orada şəhid olmuş əsgərlərin, qazi qardaşlarımızın günüdür bu gün. Ən çox da əsgər analarının günüdür bu gün... Ordumuz xalqımıza zəfər bəxş etdiyi kimi, daim onun asayişi keşiyində də ayıq-sayıq dayanır. Biz onların sayəsində azad, qorxusuz və rifah içində yaşaya bilirik.
Azərbaycan xalqını Siahlı Qüvvələr günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək dostlar!
Dilbər Ağayeva
Tarixçi-hüquqşünas AJB-nin üzvü