sedanews.az
sedanews.az

Xalidə Bayramova niyə dünən işdən çıxmalı idi?

7-05-2021, 12:59 406 dəfə baxılıb

Xalidə Bayramova niyə dünən işdən çıxmalı idi?



Xalidə Bayramovanın işdən çıxarılmamasının səbəbləri haqda dünənə qədər – təxmini deyil, məhz dünənki tarixə qədər – media yazırdı və doğrudan da hamı üçün sual bu idi: bu şəxsi niyə işdən çıxarmırlar?
Nəhayət, ötən gün Səbail icra başçısı bu xanım müavininin işdən çıxarılması haqda, əlbəttə ki, razılıq alındıqdan sonra, əmr verdi. Əslində, Səbail icra başçısı onu öz təşəbbüsü ilə işdən xaric etməmişdi. Bunun səbəbi Baş Prokurorluq idi. Bir müddət öncə Baş Prokurorluq X.Bayramovaya xəbərdarlıq etmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat vermişdi. Buna səbəb isə X.Bayramovanın rayon poliklinikalarından birinə zəng edərək, qohumuna koronavirus əleyhinə vaksin vurulmadığı halda guya vaksin vurulduğu barədə sənəd verilməsini tələb etməsi olmuşdu.
Etiraf edək ki, bu “işin” üzərinə son günlər gedirlər və dövlətin burda birbaşa iradəsi var. 3-4 gün öncəyə qədər isə vaksin vurdurmaq istəməyən, ancaq rəsmi olaraq vurdurmuş kimi qələmə alınmaq istəyənlər tibb bacısına 10-15 manat müqabilində bu işi həll edirdi. Bir çox hallarda isə poliklinikalarda tibb işçiləri özləri vaksin vurulmasını imitasiya edirdilər: qolunu qaldırırdın, iynəni toxundurub çəkirdilər - guya vurdular. Bu barədə sosial şəbəkələrdə ictimai fəallar da ciddi narahatlıqlarını bildirmiş və vaksin vurduran insanlardan iynənin vurulmasına birbaşa nəzarət etməyi, vurulduğuna əmin olmaq üçün yanında “şahid aparmağı” tövsiyə etmişdilər.
Tibb bacıları vaksinləri niyə vurmasın ki? Saxlayıb baha qiymətə satası da deyillər...
Bu suala cavab olaraq müxtəlif ehtimallar irəli sürülür, ən ağlabatanı budur: vaksinasiya otağı yüksək səviyyədə tibbi avadanlıqlarla təchiz edilməlidir ki, vaksin vurulduqdan bir neçə dəqiqə sonra yan təsirləri özünü göstərərsə, təcili müdaxiləyə şərait olsun. Üstəlik, təcili müdaxilə üçün peşəkar həkim personalına və ümumiyyətlə, həkimlərin yerində olmasına ehtiyac var. Poliklinikalarda vaksinasiya otaqlarının tibbi avadanlıqlarla təchiz edildiyi haqda məlumatlar mövcuddur və bu məlumatlara inanmamaq üçün əsasımız hələ ki yoxdur. Ancaq poliklinika heyəti tam tərkibdə orda olurmu? Peşəkardırlarmı? Bu suallara birmənalı cavab vermək mümükn deyil.
Bütün bunlardır bəzi tibb bacılarının adamın qolu əvəzinə zibil qablarını vaksinasiya etməsinin səbəbi – ağrımayan başlarına dəsmal bağlamamaq istəyi...
Bu təfərrüat və ehtimalları ona görə xırdaladıq ki, Xalidə Bayramovanın işdən qovulma “suçunun” miqyasını göstərə bilək. Yəni əslində Xalidə Bayramova “heç nə” üstündə qovuldu.
Halbuki Baş Prokurorluq Xalidə Bayramova haqda bu cəsarətli-ləyaqətli tələbi, tələbnaməni və xəbərdarlığı 2018-ci ildə, Elinanın ölümü zamanı etməli idi.
Xatırlayırsınızsa, özünü məktəbin 2-ci mərtəbəsindən atan qız üçün təcili yardım əvəzinə məktəb direktoru Xalidə Bayramovanı çağırmışdı. Niyə direktor icra başçısının müavininə xəbər vermişdi? Niyə o gələnə qədər təcili yardım çağırılmamışdı? Niyə özünü binadan atan Elina toksikologiyaya göndərilmiş və yenə vaxt itirilmişdi?
Elinanın ölümü ilə bağlı X.Bayramova istintaqa da, məhkəməyə də ifadə verdi və süddən çıxmış ağappaq qaşıq oldu...
Elə düşünülməsin ki, Baş Prokurorluğun son təqdimatını qınamaq istəyirəm. Qətiyyən! Baş Prokurorluğun bu təqdimatı alqışlanasıdır. Sadəcə, 2,5 il gecikib...
Ramil Usubovun DİN-də qurduğu bir sistem var: azacıq səhvi olan xüsusilə zabit heyət qəti bağışlanmır, dərhal vəzifədən çıxarılır və əksər halda ümumiyyətlə daxili işlər orqanları sıralarından xaric edilir.
Usubov gedib, amma indi də DİN-də qaydalar bu cürdür: ictimai müzakirəyə çıxdımı, polisin hansısa günahı təsdiqləndimi – dərhal o DİN işçisi işdən qovulur - ta onun stajı, xidmətdəki uğurları, bu vaxta qədər sədaqətlə çalışmasına-filan baxılmır.
Uzun müddət bu cür sistemi “Gestapo rejimi” adlandırıb, qınayanlardan olmuşam. Ancaq illər keçdikcə bu sərt hərbi sistemin səbəblərini anlamışam. Əgər bu sərt cəza tədbirləri olmasa, polisdə xidmət edən bəzilərinin nələr edə biləcəyini təsəvvür edirsinizmi? Əgər bu cəzalar olmasa, ictimai nəzarət anlayışının şifrin altında olacağını anlayırsınızmı?
Demirəm DİN hər şeyi bunun sayəsində düzəldib, amma bu sərt inzibati tədbirləri düşünənlər çox doğru bir qərar veriblər!
Bu yanaşmanı bütün məmurlara – İH-dən tutmuş, təhsil işçilərinə (rəhbər işçilər, direktorlar nəzərdə tutulur) qədər tətbiq etmək vacibdir.
Əgər bu baxış olsaydı, Xalidələr vaxtında cəzalansaydı, Elinalar sağ qalardı, dövlətin vaksinasiya kimi, digər siyasətlərinin qarşısında məmurlar cəsarət edib kötük olmazdılar...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA