Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər

Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
“Deyirlər, igidin adını eşit, üzünü görmə”. Bu atalar sözü boşuna deyilməyib. Bir insan haqqında o qədər fərəhləndirici, öyücü sözlər eşitsən ki, o artıq sənin təfəkküründə üzünü görmədən bir mifə, qəhrəmana çevrilir. Yadımdadır, hardasa 20 il bundan öncə “Xural” qəzetində onun bir məqaləsini oxudum və heyrətə gəldim. Yüksək rütbəli bir şəxs haqqında olduqca kəskin yazı yazmışdı. Öz-özümə dedim: “Bu kimdir belə, qurd ürəyi yeyən insan?” Mən mətbuata ondan bir-iki il qabaq gəlsəm də, onun bu cəsarəti məni heyran etdi.
Həmin ərəfədə mən “Haqqın sədası” qəzetinin təsisçisi və baş redaktoru idim. Fikirləşdim ki, mən də qəzet rəhbəriyəm, o da. Amma düşüncə tərzimiz, söz demək üslubumuz tamam fərqli idi. O vaxtlar mətbuat azadlığı indikindən daha yaxşı idi. Mən sonralar “Molla Nəsrəddin XXI əsrdə” jurnalını təsis edib kütləvi surətdə dərc etməyə başladım. Əvəz bəydən cürət alıb kəskin məqalələr dərc etdim. Jurnal tez bir vaxtda Azərbaycanın rayon və kəndlərində sevildi. Hər gün rayonlardan və Bakıdan onlarla təbrik məktubu redaksiyamıza gəlirdi. Amma onun tirajı cəmi on il çəkdi. Adi qəzetlərin işıq üzü görməsi üçün redaksiyalara pul ayıran Mətbuat Şurasının üzvləri bizə bir qəpik də yardım etmədilər. Biz də isə imkansızlıqdan jurnalın nəşrini məcburən dayandırdıq.
Mən həmin vaxtlar Əvəz bəyi bir jurnalist, “Xural” qəzetinin təsisçisi və baş redaktoru kimi qiyabi olaraq çoxdan tanısam da, taleyin işinə bax ki, müavinim Elnur Şükürovun və Əvəzin eyni vaxtda həbs olunması, eləcə də eyni dövrdə keçirilən məhkəmə prosesləri bizləri dəfələrlə bir araya gətirdi. Elə həmin ərəfədə onların gözəl, saf, pak əqidəyə və amala malik olması hər gün bizi bir az da bir-birimizə yaxınlaşdırdı. Onun sonuncu həbsində mən demək olar ki, Əvəz bəyin bütün sülaləsini və yaxınlarını tanımaq imkanı qazandım.
Bəzən güllənin öldürə bilmədiyini söz öldürür. Yəni böhtanlar, yalanlar, üzədurmalar insanı iflic gününə salır, necə ki dağ kimi bir Əvəzi o hala saldı... Nə isə, qayıdaq bu günümüzə. Necə ki Əsli ilə Kərəmin, Koroğlu ilə Nigar xanımın adı yanaşı çəkilir, Əvəz bəyin vəfalı, sədaqətli həyat yoldaşı Məlahət xanım da təkbaşına haqq uğrunda illərlə mübarizə apardı və qələbə çaldı. Onun adını bu yazıda hallandırmamaq ən azı günah olardı.
Əvəz bəyin iki ağıllı, dərrakəli qız övladı var. Hər ikisi İstanbulda təhsil alaraq gözəl mütəxəssis olublar. Məhz onların uğurlarıdır ki, Əvəz bəy bu gün hələ də ayaqdadır. Deyirlər, dərmandan çox, xəstəyə həyat verən qururverici hisslər və anlardır. İnşallah, Əvəz bəy nəvələrinin böyük toyunda əl qaldırıb oynayacaq!
Əvəz Zeynallı hər dəfə müalicə kursları aldıqdan sonra Bakıya dönür. Müalicə ehtiyaclarını ödəmək üçün 9+3 il günbəgün yatdığı yeraltı aləmdə baş verən bütün prosesləri, hər anı dəqiqəbədəqiqə, saatbasaat, günbəgün qələmə alaraq, bəlkə də, 40 kitablıq gündəliklərini “Selcanın məmləkəti” kitabı adı altında çap etdirib satışa çıxarır. Mən də Əvəz bəyin hər gəlişində ona kitabların satışında əlimdən gələn köməyi etməyə çalışıram.
Bunlar qalsın bir yana, məni heyrətləndirən başqa bir amil idi. O insan axınında mən insanların Əvəz bəyə olan ən ali, səmimi, içdən gələn sevgisinin, yaxınlığının, doğmalığının şahidi oldum. Həmin insan selində insanların kitabı bəhanə edib, bəlkə də, öz ehtiyac duyduqları vəsaiti ona sevə-sevə verdiklərini gördüm. Neçə-neçə insanın çəkinə-çətinə, ehtiyat edə-edə bir kitab götürüb, əvəzində kitabın dəyərindən qat-qat artıq yardım etdiyinin şahidi oldum. Əvəz bəyin bu kitab satışında istər aşağı, istərsə də yuxarı təbəqədən olan, vətətinə, millətinə sadiq adamları gördüm.
Bu mənzərəni izlədikcə ani olaraq ürəyimdən belə bir fikir keçdi: “İlahi, xalqın bu sevgisini, bu məhəbbətini hansı pulla, hansı var-dövlətlə almaq mümkün olardı görəsən? Bu, mümkündürmü?” Əlbətdə ki, yox.
Arada dönüb yanaşı oturduğum Əvəz Zeynallıya baxıb: “Ey Uca Allahım, bapbalaca, bu cılız, çəlimsiz bədənə bu boyda əzəməti, qüdrəti, dəyanəti, cürəti, ləyaqəti, sadəliyi eyni zamanda necə sığdıra bildin?” – deyə düşünmədən ötüşə bilmirdim. Mən həmişə demişəm, yenə də altını xətt çəkərək deyirəm: Əvəz kimi insanları zaman ən azı 100 ildən bir yetişdirə bilər. Belə insanların birini itirmək milyonlarla insanı itirmək deməkdir. Əvəzlər asanlıqla əvəz olunmur. Düzdür, ölüm də, qalım da Allahdandır, amma Yaradan dərd də verib, dərman da. Gəlin, xalq olaraq ona dəstək olaq, onun yaşaması üçün əlimizdən gələni edək. Çünki o, xalqın yolunda özünü fəda edib və edir, xalq da ona sahib çıxmalıdır.
Onun kimi insanlar təkcə bizlərə yox, bəşəriyyətin saflaşması üçün gərəklidir.
Şair-publisist
Mehman Göytəpəli
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: