sedanews.az
sedanews.az

Yaşadığınız bu 60 illik ömür yolu, qoyduğunuz iz böyük bir insanlıq yoludur

17-08-2023, 11:29 877 dəfə baxılıb

 Yaşadığınız bu 60 illik ömür yolu, qoyduğunuz iz böyük bir insanlıq yoludur
                 60 yaşın mübarək!
Ah, nə deyim, nə söz qoşum bu aləmdə mən sana,
Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana...
                                                            Səməd Vurğun

Mən sizi özümə qardaş seçmişəm, Nazim!

İzzətim, hörmətim, əziz qardaşım,
Gücüm, cəsarətim, əziz qardaşım.


   Deyirlər ki, insan dünyaya gələrkən onun taleyi Allah tərəfindən verilir. Ulu Tanrının yazdığına heç kəsin şübhəsi olmayıb. Hər bir insanın taleyi alın yazısından asılı olsa da, həyatında tutduğu mövqeyə, əməyə, zəhmətə münasibəti, çalışqanlığı, mübarizliyi iradəsinin gücünə arxalanmaqla sınaq meydanından salamat, üzüağ çıxmaq üçün səbrli, dözümlü olmağı tələb edir. Məhz sizin həyatınız bu nöqteyi-nəzərdən nəsillərə nümunədir, Nazim. Şair demişkən:

Hər insanın ömür yolu əfsanəvi bir dastandır,
Pis yaşasan, bir xaraba, xoş yaşasan, gülüstandır.


   Siz də nəsillərə nümunə olan bir insansınız. Zəhmətsevərsiniz, ailəcanlısınız. Neçə illərdir ki, qürbət ölkələrdə fəaliyyət göstərib ailənizin yaxşı yaşamasını təmin edirsiniz. Nümunəvi ailə başçısısınız. Ömür-gün yoldaşınız Şəfiqə bacımız pedaqoji sahədə görkəmli alimdir. Pedaqoji elmlər namizədidir. Xarici Dillər Universitetinin dosentidir. Çox şadam ki, taleyin qismətindən onun dissertasiya müdafiəsində iştirak etmişəm. Onun Müdafiə Şurasının üzvlərinə, opponentlərinə verdiyi məntiqi, müdrik cavablara diqqət kəsildim, heyran oldum. Müdafiədən sonra təşkil olunmuş məclisdə də onun insani xüsusiyyətinə, ələlxüsus, qonaqpərvərliyinə qibtə etdim.
   Tanrı qismət etdi ki, bir gün Nazim qardaşım şeir-sənət xiridarı, gözəl şeirlərin, bu şeirlərə bəstələnmiş mahnıların müəllifi olan oğlu Vüsal Həbiblinin toy şənliyini idarə etmək üçün məni məclisinə dəvət etdi. Sizi inandırıram ki, 35 il ərzində belə nümunəvi məclis görməmişdim. Qonaqların Nazimə olan məhəbbətini, mehr-ülfətini gördükcə yadıma bir bənd şeir düşdü:

Söylə, dil açarmı öz ömrün bağın,
Söylə, qızınarmı heç can otağın,
De, səni sevərmi oğul-uşağın,
Özün qazanmasan öz hörmətini?!


Allah-Təala sizin kimi insanları yaxşılıq etməkdən ötrü xəlq etmişdir. Böyük alimimiz Xudu Məmmədov yazırdı ki, yaxşılıq elmdir. N.Gəncəvi də yazır ki:

Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sənə.


   Siz əsl vətənpərvərsiniz. Azərbaycanımızı sevən insansınız. Vətənə ilk məhəbbətiniz doğulub, boya-başa çatdığınız ulu Şirvanımızın, əsrarəngiz, İsmayıllıdan, onun səfalı Mollaisaqlı kəndindən başlayır. Vətəndən uzaqda olanda kəndiniz üçün qəribsəyirsiniz. Bakıya gələn kimi səhərisi doğma kəndinizlə görüşə gedirsiniz. Şair demiş:

Çaylar hardan başlayır?
Bulaqların gözündən.
Vətən hardan başlayır?
Kəndimizin özündən. 


   Ömür! O, elə bir nemətdir ki, hamıya bir dəfə verilir. Kiminə çox, kiminə az. Biz bu az-çoxluğu illərə ölçürük. Amma ömürləri illərin sayına ayırıb seçmirik. İllər insana ömür verir. Nazim, əzizim, sizin də həyatınız örnək olub, mənalı keçib, günlərə, aylara, illərə ömür vermisiniz. İstər ailədə, istərsə də cəmiyyətdə böyük nüfuz qazanmısınız. Bir şairin söylədiyi kimi:

Nüfuzu adma bağışlamırlar, 
Nüfuzu qazana biləsən gərək.


   Siz, ey 60 illik yubileyini qeyd edən qardaşım, xoşbəxtsiniz. Özünüz kimi hamını da xoşbəxt görmək istəyirsiniz. Müdriklərdən birinin dediyi kimi: «Bir şəxsin xoşbəxtliyini hamının xoşbəxtliyindən tapmaq olar...». 
   Əzizim, yaşadığınız bu 60 illik ömür yolu, qoyduğunuz iz böyük bir insanlıq yoludur. İnanıram ki, bu yolda nəslinizin ilk yolçusu deyilsiniz. Sizdən əvvəl də bu yolun sadiq yolçuları olub, sizdən sonra da olacaq. Elə Vüsal Həbibli də bu yolun əsl davamçılarındandır. Əlbəttə, «ot kökü üstündə bitər». Nə yaxşı ki, sizin kimi insanlar var bu həyatda. Yoxsa insanlığı və əsl dostluğu qiymətləndirməyi bacaran və humanist ideyalardan zövq alan, bəhrələnən insanlar üçün darıxdırıcı olardı bu fani dünya. Haqqınızda nə qədər xoş sözlər desəm, yenə də azdır. 
Zəlimxan Yaqub demişkən:

Ömür xatirəyə dönər, ya dönməz,
İllərin izi var xatirələrdə.
Keçən əyyamların, ötən günlərin 
Dadı var, duzu var xatirələrdə.


   Məlumat üçün bildirim ki, ömrünün 60-cı ilini yaşayan Nazim həyatını fərəhlə yaşayıb. Fərəh insanı yaşadır. Fərəh olmasa, insan həyatının şirinini, acısını bilməz. İnsan öz işində fərəh görürsə, onun ömrü uzanır. O, ömür-gün yoldaşı, istedadlı alim, nümunəvi ali məktəb müəllimi olan Şəfiqə xanımın, oğlu, istedadlı şair, neçə-neçə şeirin, bəstəkar mahnılarının sözlərinin müəllifi Vüsal Həbiblinin -ümumən övladlarının, şirin nəvələrinin uğurlarını gördükcə, fərəhlənir, ömrü uzanır.
Eşidəndə ki, Nazimin 60 yaşı tamam olur, adam inanmaq istəmir. Çünki o qədər şux, cavanqəlbli bir insandır ki, 60 yaşı haqladığını ağlına belə gətirə bilmirsən. O da Xızır peyğəmbər kimi xeyirxahlıq mücəssəməsidir. 

Getdi o günlərin, o günə yadlaş,
Ömür bir oyundur, oyuna tablaş. 
Hələ əzrayılı udmusan, qardaş,
Hələ 6:0 sənin xeyrinə.


   Nazim qardaşım haqqında nə qədər xoş sözlər yazılsa, deyilsə, yenə də azdır. Mənim 67 yaşım var. Həyatda qarşıma çox sayda yaxşı adamlar da, pis adamlar da çıxıb. Bunlar insanın öz qismətidir. Ancaq mənim qarşıma çıxan Allahın sevimli bəndəsi, zəngin mənəviyyatlı insan olan Nazimdir. Əgər dostlar xəzinədirsə, onda mən neçə-neçə zəngin xəzinə sahibiyəm. Əgər dostlar nemətdirsə, onda mənim qədər nemətə heç kimin əlim çatmayıb. Mən fəxr edirəm ki, Nazim kimi insanla yaxşı münasibətdə olmuşam. «Hədisi-Şərif»də qeyd olunur ki, Allah yumşaq xasiyyətli və gülərüz şəxsi sevir. Bir də buyurur: «Allahın sevimlisi olmaq üçün xalqın sevimlisi olmalısan».
Dostum Nazimin ən gözəl xüsusiyyətlərindən biri də səxavət əhli olması, alicənablığıdır. Füzuli yazır:

Comərd odur, süfrəsi də qəlbi kimi geniş, açıq,
Dostuna da, düşmənə də səxavətli, əliaçıq.


   Nazim qardaşım, məsələ o deyil ki, neçə il yaşamısan, məsələ odur ki, necə yaşamısan. Zəhmətsevər insansınız. Neçə illərdir ki, xarici ölkələrdə gəmi kapitanı kimi fəaliyyət göstərirsiniz. Heç bir çətinlikdən qorxmursunuz. Xoşbəxtliyinizin də əsası zəhmətkeşliyinizdədir. Dante yazırdı ki, dənizin dibindən dürr çıxartmaq çox çətindir, xoşbəxtlik əldə etmək ondan da çətindir. Bir beytdə deyildiyi kimi:

Səadət hər kəsin öz əlindədir,
İşində, gücündə, əməlindədir.


  Nazim - 60! Bu, təkcə quru, cansız bir rəqəm deyil. Sanki dil açıb danışır. İsmayıllıdan, Mollaisaqlıdan Bakıya sarı uzanan ömür yolunun eniş-yoxuşundan, sevincindən xəbər verir. 
Ailə kiçik dövlətdir. Nazim və Şəfiqə xanım qoşa qanadlardırlar. Qanadlar qoşa olanda insan daha uzaqlara, səmalara, ənginliklərə uçmaq iqtidarında olurlar. Qoşalıq xoşbəxtlik mücəssəməsidir. Övladları ağıllı, kamallı, əxlaqlı böyüyüb cəmiyyətimizə yaraşıq qatırlar. Nazimin 3 fidan nəvəsi var. Nazim yaşının altmışında da elə gənclik illərinin çılğın duyğuları ilə yaşayır. 
Qardaş, 60-a yaman tələsmisiniz, ha. 60 yaşında da müdrikliyinizin, insanpərvərliyinizin, səmimiyyətinizin ülvi hisləri öz yerindədir. Hələ qarşıda 70, 80, 90, 100 var. 
  Hər kəsin qəlbində gözəl hislər, nəcib duyğular yatır. Gərək o hisləri, o duyğuları oyada biləsən. Nazimin ürəyindəki insanlıq çeşməsinin gözü çoxdan çağlayır. Bu çeşmənin saf, büllur suyu, laylası dostlarının üstündədir. 
  Əziz dostum, xahiş edirəm, hələ qocalıqdan söz açma! Sağlıq olsun, 70 illik yubileyinizi  İsmayıllıda, Mollaisaqlıda keçirəndə söz verirəm ki, Aşıq Əhmədin bu 4 bəndlik şeirini deyəcəm:

Aşıq qardaş, yolun düşsə, saz götür,
Şən keçir toy-büsat İsmayıllıda. 
İlham al «Mican»ın bağ-bağatından,
Çal, oxu, yaz-yarat İsmayıllıda.


  Hörmətli dostumu, nurlu insanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, can sağlığı, gələcək işlərində uğurlar arzulayıram. Bu nuru Allah ondan 70-də, 80-də, 90-da və 100-də də almasın!

Tahir Şirvanlı,
filologiya üzrə fəlsəfə doktoru







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA