sedanews.az
sedanews.az

Qiyamət” bir nəsr buketidir...

24-04-2020, 15:02 2 464 dəfə baxılıb

Qiyamət” bir nəsr buketidir...





 Biz, ədəbi-fəlsəfi mükaliməmizdə dəfələrlə vurğulamışıq ki, ruhsallıq insan ömrünün idrakda təcəlla edən mühüm cizgisidir. Fəhm sahibləri məhz bu əhatədə yaradıcı oblast tapa bilirlər. İstedadlı qələm sahibi Əziz Yazarın hislər dünyasının istisində də elə bu tərzlər mürgü vurur... Səmimi etiraf edək ki, onun vəcd anında çırpınan qorxulu epik duyğuları ilə süslənmiş “Qiyamət”i də bir nəsr buketidir... 
 Zənnimizcə, qorxu bir vəhşət yuxusudur; lakin gerçək yuxudur, nə vaxtsa baş verəcək prosesdir...
 Elə qiyamət də qorxulu yuxular qədər üzücüdür. Yuxular, ən azından, bir an sürür, onun içindəki qorxular da elə bir anlıqdır, fəqət qiyamət xofu keçici deyil...
 Bəlkə də Nuhun tufanı olmasaydı, biz də qiyaməti bir gecənin qorxulu yuxusu hesab edəcəkdik... İstedadlı yazıçı, sanki qiyaməti iki-üç kərə görmüş Əziz Yazarın tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin redaktorluğu ilə 2020-ci ildə «Mücrü» nəşriyyatında işıq üzü görmüş «Qiyamət» fantastik romanında da qorxu acı həyat girdabıdır; burada əsas proses gerçək ixtilaflardır, müəllif bir növ, hazırkı günün son çağlarına elegiya yazıb, bəşərə maddi-nəfsi ehtirasdan qopmağı tövsiyə edib.
 Bəri başdan deyək ki, «Qiyamət» fantastik ideyadır, (indiki zamanda) hər an baş verə biləcək (bəlkə də baş verən) zəruri faktdır; məchulu bəlli, miqyası genişdir. Fəqət, bəşərin hansısa ləngərli bir burulğana məhkumluğu səbəbindən onun vaxt-zaman sayğacında rəqəmlər hələ ki, sıfırlanır. Belə demək mümkünsə, hələ ki, yırtıcı goreşənlər (romanda göstərildiyi kimi) əyri barmaqlarını qarşılarındakı kreslolarda oturmuş ifritə qadınlara tuşlayıb Əlahəzrət Alicənaba (sadəcə) şikayət edirlər. Və hələ ki, yer üzündə zülm, istibdad hökmrandır deyə o Alicənab da qadınları (sadəcə) iti-ehtiraslı baxışlarla süzür... Beləcə, zülüm də artır, zülümkar da... elə şəhvət-ehtiras da. Bu da qiyamət üçün başlıca zəmin yaradır.  
 Əzizin «Qiyamət»inə bir qədər fərqli (nöqteyi-nəzərdən) yanaşsaq, görərik ki, Lutun, Nuhun dövründə də Qiyamətin əlamətləri oxşar idi. Fəqət o zamanlar (bəlkə də) Axır, Son iztirablarını qələmə alan yazıçı olmadığından qiyamət xəbərini peyğəmbərlər verirdi. Bu gün (isə) dünyada peyğəmbər yoxdur, (bəlkə də) bu səbəbdən qapımızın ağzında dayanan fəlakətləri bizə məhz yazıçı - Əziz Yazar çatdırır...
 Bəlli ki, Müqəddəs Kitablarda qiyamət barədə müxtəlif fikirlər var; Əziz Yazarın «Qiyamət»i bu ssenari üzərində qurulmasa da, sonuc eyni ovqatda birləşir - dünyanın sonu yaxındır, bəşər əhli maddi-nəfsi yanğılarını ehtiraslı qadın kimi qucub, bir sözlə, kimsə fəlakət acılarının fərqində deyil.
 Filoloji rakursdan nəzər yetirəndə, görürük ki, (əslində) «Qiyamət»in ədəbi dili pyes ixtilaflıdır; yəni, bu əsər (ədəbi dilcə) romandan daha çox nəsrin pyes xarakterinə uyğun gəlir. Lakin format roman formatıdır, hadisələr roman israrlıdır.  
 «Qiyamət»də müxtəlif obrazlar, fərqli sifətlər var. Məsələn, biz orada Allah surəti də görürük, mələk, şeytan sifəti də, həmçinin, yekəqarın məmur, harın və lovğa din xadimlərinin, cəmiyyəti qarışdıran xırda vəzifə sahiblərinin, ac qarnının hayına qalan, bir qab yemək üçün Vətənə belə xəyanətə hazır olan tiplərin də eybəcər formaları burada özünə yer alıb. Sanki bu obrazlar Kral, Əlahəzrət, Alicənab, Çalsaqqal, Dindar, Aligyeri, Çarıqbaş, Enlisifət, Yastıbaş, Uzunsaqqal və s.-in tipik təzahürüdür.
 Əsərdə ideya-israrçı baxış siyasi zəminlərə də xüsusi diqqət çəkir. Məlum olur ki, son qiyaməti məhz siyasi qütblərdə təbəqələşən yırtıcı qlobalistlər törədəcək və hazırkı sistemin həmin məcraya sığması müəllifi bərk sarsıdır. Açığı, elə «Qiyamət»in də hadisə qatında - obrazların tipik davranışında siyasi resurlar mümkün qədər diqqət çəkir. Təbii ki, buna onlarla misal çəkmək olar. Bu sistemli misallardan birinə diqqət yetirək:
 «Toplantıdır. Üzündə, başında tük olmayan sırtıq üzlü biri əsəbi həyəcanla nitq söyləyir:
 - Qoz bağları salmaq haqda Əlahəzrətə yazdım. Buna səlahiyyətim vardı, çünki Birinci Katib idim. Araşdırmadan izn verdi. Bax, belə! - Baş barmağı ilə «əla» işarəsi verir. - Əkdim. Qozların yetişib yeyilən vaxtı Tanrı bəlası gəldi. Qozumuzu yeyib yetişdirməmiş qarğa buludu iki günə apardı hamısını...»
 Bu ideoloji fikir qatında yeknəsəq siyasi qütbləşmə resursu sezilir; müəllif gizli komponentlərlə cəmiyyəti üzən ağır detallara bədii rəng vurur, əslində, yığcam bir fikir vaakumunun içinə sonsuz siyasət nöqtələri yerləşdirir... Bax, bu, Əziz Yazarın yazıçı bacarığıdır.
 Belə demək mümkünsə, «Qiyamət»də min illərin (və bu günün) ovqatı var; biz də (hamılıqla) onun əhatəsindəyik, maddi duyğularımız bizi hələ də nəfsi asılılıqda «boğur» və biz həyatın astar üzündə nələrin baş verəcəyindən xəbərsizik (necə ki, dünyanın qapısını döyən öldürücü Koronavirus pandemiyasından xəbərsiz idik. Elə qiyamət də bu pandemiya kimi gələcək - qəfil...)
 «Qiyamət»də mülayim qorxu və xəfif islahetmə var. Ancaq biz bu əsərdə o qorxu və islahdan canına (gerçək) vəhşət acıları hopan insan surətləri görmürük. Müəllif (bununla) bəlkə də bir işarə verir ki, insan özü bir qiyamətdir; çünki bütün zamanlarda dünyaya məhz insan(lar) çox acı bir sonluq verib.  
 Əsərdə sürreal-mistik səmtlər də aşkar görünür, lakin bu istiqamət(lər)in dünya ixtilafına çıxışı inandırıcıdır. Elə buna görə kitabda (pünhan - gizli məcralarla) din və bəşəriyyət kodeksləri (qismən) ehtiva edir, belə deyək, kitabın süjet xəttində din, tarix, əhatəli zaman və (bir də) ən əsası, mövcudluğa əks insan baxışı özünü qabarıq göstərir. Son çağlar bu israr yeni meyllərə qarışıq səmt versə də, «Qiyamət»də bu zəmin daha aşkar var-gəldədir. Səmimi deyək ki, Əziz Yazar öz «Qiyamət»ində yeni din-cəmiyyət quruculuğu, yaxud, dünyanın az vaxtda məhvə uğrayacağı xəbərini bəşəriyyətə çatdırmaq iddiası güdmür, əksinə, bu istiqamətdə mövcud qarışıq vəziyyətlərin açılması, xalqlararası gerçək tolerant prosedurların, multikultural dəyərlərin uyğun xarakter və təsnifatda cilalanması üçün bir ideya irəli sürür.
 Həm də yaxşı haldır ki, müəllif əsərdə dünya qavraması, ibtidai və müasir cəmiyyət reallığı, vəhy gerçəkliyi, dini-mistik təlimlərdə insan amili, nəfs və tale məsələləri, ayinçilik, mənəvi-mədəni proseslər, kamilləşmədə müdrikləşmə məğzləri, islami münasibətlər, Allahın yeganəlik faktı və s. nüansları yeni baxış və düşüncəyə hesablaya bilib və bu təsirlərdən doğan «Qiyamət»in məchul-məlum istiqamətlərini bizə sarı çevirib. Ən azından bəlkə də buna görə kitab oxucunu bütünlükdə ruhsal bir səmtə aparır.
 Yaxud müəllif (bəlkə də) nəfsi girdablarda çabalayan cəmiyyət axınına qarşıdır, müasir yüksəlmə ilə tanışlıq onu həyat qaydaları ilə uzlaşmağa məcbur edir. Nəticə etibarilə o, mənəvi sınmalara zəmin yaradan fiziki görkəmləri labüd mütləqə itələmək və işıqlı aləmə uzanan qapılara yol yormaq niyyətindədir. Əminik ki, onun döydüyü qapıların arxasındakılar papaqlarını qarşılarına qoyub qiyamət barədə əməlli-başlı düşünəcəklər.
 Bəllidir ki, dinsizləşmə, dinə münasibətdə əksləşmə cəmiyyətə bəzən faydasızlıq da gətirir. Əziz müəllim bunu dəqiq bildiyindən əxlaq, din, zaman və həyat zərurətlərini kitab boyu bayağı səmtlərdən yayındırıb, təfəkkürləri doğru ünvana itələyib. Şübhəsiz, bu zəminə görə «Qiyamət» kitabında cəmiyyət-din reallığı həyat-tale cəhdləri qədər önəmlidir və buradakı ruhsallıq özünün modern ovqatdəyişməsi ilə daha təsirlidir. Bu, bir də o anlama gəlir ki, ömür boyu çoxlarının fərqində olmadığı həyat izharları Əziz Yazar qənaətində nə vaxtsa fərqində ola biləcəyimiz həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər çox vaxt eldə bu tipiklikdə real qiymətini alır. Bunu kitabdakı bir sıra dialoqlarla da isbat etmək olar. Məsələn, Yastıbaşla Qozmenin qarşı-qarşıya söhbətində bu ixtilaf daha müfəssəldir:
 - Hələ qiyamətin sonunacan yaşlanacaqsan.
 - Axı, necə?
 - Hüzura getməyəcək, sürünəcəksən. Əsl ələ salmaq, bax, onda olacaq. Ayaqqabımın palçığını üstünə sürtüb keçəcəm.
 - Razı deyiləm. Bayaq o moizəçi dindar dedi ki, qocalıq gəlməyəcək. İnkişafın qapısı daşla hörülüb, giriş ləğv olunub...
 Bu dialoqda həyat zərurətləri fəlsəfi-dinamik təcəlla doğurur - belə deyək, burada əvvəlin nə vaxtsa bir sonla bitəcəyi ehtimalı bəzən mümkün olmayan bir proses kimi diqqət çəkir. Qocalığın gəlməyəcəyi - qiyamət günü, son dəhşətlərin bəşəri qəfil haqlayacağı gün çoxunun o vücudda olmayacağına işarədir. Elə inkişafın da bir gün bitəcəyi bu mənaya eyham vurur. İnanmaq istəyirik ki, Əzizin «Qiyamət»indəki eyham dünyanın inkişafdan qalmasına əsas verir və bu, öz xaotik-praqmatik səciyyəsi ilə birbaşa kosmos əsrinin yırtıcı təfərrüatlarına istinad edir.  
 Romanda ciddi sosioloji problemlərdən sayılan ünsiyyət (bir model olaraq) sanki araşdırmaya cəlb olunub. Burada həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur. Bu mənada, deyə bilərik ki, adıçəkilən kitabın ictimai-ədəbi məğzi bir az da taleqavramadır və Əziz müəllim bunu bəzi obrazların ədəbi təyinatında dürüst aça bilib.
 «Qiyamət»dəki qiyamət qlobal məsələdir. Çünki qorxunun varid olduğu məkanda ovqat tez dəyişir; buna da real təsiretmələr zəmin yaradır. Bu, başqalaşma qorxusu da əmələ gətirir... Və baxmayaraq ki, mövzu fantastikdir, hazırkı günün fəlakətlərinə aşkar zəmin verir. Əcəba, bəşər bu dəhşətlərə hazırdır? Necə ki, (əsərdə deyilir) məhbusların yanından tələsik ötən Dindar uzaqlaşaraq qışqırır:
 - Çata bilməyəcəksiz! Müqəddəs Hüzura saniyələr qalır. Günəş batan kimi bu ölkə əbədi zülmətə qərq olacaq...
 Bu minvalla biz kitab boyu müəllifin epik-ictimai dərkində fərqli israrlar görürük. Bu əhatədə miqyas tapan fəlsəfi qatlar insanın (əslində, müəllifin özünün) idrak mərtəbəsindəki fəhmlərə təşnədir. Bəlkə də buna görə «Qiyamət»dəki epik tərz zaman içində çırpınan qara kölgələr kimi təsir verir; lakin tam mənada aşkara çıxara bilmirik ki, müəllifi gileyə tuş edən səbəblər idraki vəcddən qaynaqlanır, yoxsa şüurüstü qatda sanbal tapan yazıçı fəhmindən... Bütün hallarda özümüzü o əhatənin içində görür və bu təlatümlərdən vəcdə gəlirik.
 Ümumiyyətlə, «Qiyamət» bir hayqırtı kimi mənalanır, ruhumuzu çox uzaq səmtlərə - idrakın üst qatlarında zahir olan gerçəklərə, vəcd anında yaranan susqunluğa, həniri günəş istisi qədər ilğımlı olan duyğulara çəkir. Biz həmin anı yaddaşımızın dərin qatlarında çırpınan işığa bükür, o işığın daha nurlu olması üçün ruhumuzu sakit hücrələrə yönəldirik.
 Xülasə, kitabda mülayim-kəskin çırpıntılar çoxdur və biz müəllifin ötkəm ruhunu, pərişan-ovqatverici təsirlərini aşkar sezirik. Fəqət ortadakı məyusluq, taledən gileylənmə oxucu olaraq bizi ciddi düşündürür, əsərdəki obrazlarla dialoq qurmağa məcbur edir. Biz məhz bununla adıçəkilən kitabın sanbalını, oradakı ictimai-fəlsəfi zəmini qabarıq müşahidə edə bilirik.
 Əziz Yazarın bütün eyhamlarında şüuraltı bir nəsnə də var. O, fizioloji qatda durub, bizi ayıq olmağa çağırır.  Təəssüf ki, varid olduğumuz cəmiyyətdə adamların əksəri şüuraltı hisslərdə qərar tutub, eşqanə vəcdi ehtiras kimi dərk edir və sevgi onlar üçün sadəcə, bir vüsal tərpənişidir.
 Əziz müəllim roman boyu öz obrazlarının isti (və yırtıcı) baxışlarını gözüaçıq, fəal və çevik tərzdə verib, onların şüurda cilalanan hisslərini böyük bir ömür anı kimi göstərməyə çalışıb. Biz çox yaxşı görürük ki, o, öz eyhamında sistemsiz eşqə yad baxış sərgiləyir və bu, faktiki olaraq dürüst ictimai mənaya zəmin verir. Belə deyək, necə ki, ruhi xəstələr arasına salınmış (sağlam) bir insan dəliliyə yoluxmasa da, bir müddətdən sonra ətrafındakılara dəli təsiri bağışlaya bilər, eləcə də Əziz Yazarın «Qiyamət»indəki xüsusi eyham çoxlarını onun ruhi-düşkün bir düşüncənin ortadoksal çırpıntıları altında əzildiyinə inandırar. Unuduruq ki, Əziz Yazarın fantastik ehtimallarında həyatla təsirli vasitələr bir-birilə əks əlaqədə sistem qurur - daha dəqiqi, zora məğlub insanın idrak qatları qapanır, onun vəcdanə hissləri donur, nəhayətdə, acizlik onu ətraf aləmin dərkinə xəstə təxəyyüllü fərd kimi sığışdırır.
 Nəticə etibarilə, «Qiyamət» günümüzün xəbər qaranquşudur və biz bu «elçi»nin dediklərini qulaq ardına vurmamalıyıq. 
 Hikmət Məlikzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA