
Ukrayna keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyasının vəd etdiyi yüz milyonlarla dollar məbləğində maliyyə vəsaitini hələ də almayıb. Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin adının açıqlanmasını istəməyən Kiyev rəsmisinə istinadən verdiyi xəbərə görə, Ukrayna hakimiyyəti Vaşinqtonun vəd etdiyi maliyyə dəstəyini xatırlatmağın diplomatik narazılığa səbəb ola biləcəyindən ehtiyat edir.
Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın yardım müraciətlərinə bəzən soyuqqanlı münasibət göstərib.
Ukraynanın maliyyə yardımından məhrum qalmasının səbəblərindən biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması olub.
Bundan əlavə, Vaşinqton Kiyevə ayrılan vəsaitlərin mümkün sui-istifadəsi ilə bağlı narahatlığını ifadə edib.
Bayden administrasiyasının vəd etdiyi vəsaitin Ukraynanın enerji obyektlərinin bərpasına yönəldilməsi nəzərdə tutulurdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.