Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür. Bu sözləri politoloq Asif Nərimanlı Suriyanın devrilmiş lideri Bəşər Əsədin Rusiyadan sığınacaq alması və Moskvaya yerləşməsi haqda qeyd edib.
“Əsədin son günlərində Qərblə İranı Suriyadan çıxarmaq qarşılığında hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratdı. Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir.
Bununla yanaşı, HƏMAS liderinin öldürülməsindən sonra Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib.
Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür, xüsusilə müxaliflərlə danışıqlarda maraqlarının təmin edilməsi üçün Əsəddən kart kimi istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir”, - o bildirib.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.