Xəbər verdiyimiz kimi, Zelenski, Makron və Tramp, 7 dekabr 2024-cü il tarixində Parisdə, Elize Sarayında görüşüblər.
Milli.Az xəbər verir ki, Zelenski keçən həftə Parisdə Tramp ilə görüşdən sonra, ABŞ-nin seçilmiş prezidentinin "Ukraynadakı müharibəni bitirməkdəki güclü iradəsinə" görə təşəkkür etdiyini bildirib.
Fransa Prezidenti Emmanuel Makron şənbə günü Elize Sarayında Zelenski və Tramp ilə üçtərəfli danışıqlara ev sahibliyi edib. Danışıqlar, ABŞ-ın gələcək administrasiyasının Ukraynaya göstərəcəyi dəstəyin səviyyəsi ilə bağlı Kiyevdə narahatlıqların artdığı bir vaxtda keçirilib.
Zelenski sosial media platforması X-də yayımladığı açıqlamasında bildirib:
"Ən vacib məsələ bu müharibəni necə bitirmək üzərində birlikdə işləməkdir - bu, bizim əsas prioritetimizdir. Parisdə keçirilən görüşdə məhz bu mövzuya fokuslandıq."
Zelenski əlavə edib:
"Prezident Makrona bu görüşü təşkil etdiyi üçün minnətdarlığımı, Prezident Trampa isə müharibəyə ədalətli son qoymaqda güclü iradəsi üçün dərin təşəkkürümü bir daha ifadə edirəm."
Donald Tramp, hakimiyyətə gəldikdən sonra təxminən üçillik münaqişəni "24 saat ərzində həll edəcəyini" iddia edib. Bu, Ukraynada ciddi narahatlığa səbəb olub, çünki bunun üçün ölkənin böyük ərazi güzəştləri etmək məcburiyyətində qalacağı qorxusu yaranıb.
Bazar günü Tramp "dərhal atəşkəs" çağırışı edib və Truth Social platformasında Zelenskinin "razılığa gəlməyə və bu dəliliyi dayandırmağa" hazır olduğunu yazıb.
Zelenskinin hərbi çağırışla bağlı mövqeyiEyni zamanda, Zelenski ABŞ rəsmilərinin Ukraynada çağırış yaşını 18 yaşdan başlayanları da əhatə edəcək şəkildə genişləndirmək təkliflərini rədd edib.
"Biz mövcud briqadaların avadanlıqla təmin edilməsinə və şəxsi heyətin bu avadanlığı istifadə etməyi öyrənməsinə fokuslanmalıyıq. Əsgərlərin gəncliyi ilə avadanlıq və təlim çatışmazlığını kompensasiya etməməliyik," deyə o, çərşənbə axşamı etdiyi açıqlamada bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.