Azərbaycana məxsus "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin səhmlərinin müvafiq olaraq 74%-nə və 26%-nə nəzarət edən Elşən Quliyev və Ceyhun Abdullayevin Türkiyədə məhkəməsi başlayıb.
"Finans.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar türk iş adamı Yunus Akgünün 1 milyon ABŞ dolları məbləğində vəsaitini özündən xəbərsiz, "İnvest-AZ" vasitəsilə ölkədən qanunsuz çıxarmaqda, dolayısı ilə ələ keçirməkdə, yəni, dələduzluqda ittiham olunur.
İrəli sürülən ittiham üzrə təqsirləndirilən şəxslərin 17 il müddətinə həbsi tələb edilir.
Zərərçəkmiş qismində tanınan Y.Akgün ifadəsində bildirib ki, investisiya şirkətinin məqsədini əvvəlcədən anlamayıb:
“Davamlı olaraq zərərlə işlədiyini bəyan edən "İnvest-AZ"ın əslində istifadə etdiyi birja platforması üzərindən qanunsuz fəaliyyətlə məşğul olduğunu, investorlara reallıqdan uzaq qiymətlər təqdim etdiyini, mövcud olmayan qiymətlərlə əməliyyatlar apararaq təminat hədləri ilə oynadıqlarını başa düşdüm".
E.Quliyev və C.Abdullayevlə birgə Türkiyə vətəndaşı Ümit Arcanlı da ittiham olunur./report.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.