sedanews.az
sedanews.az

Məcnun Məmmədov G20 Kənd Təsərrüfatı Nazirlərinin Toplantısına qatılıb

17-09-2024, 15:13 183 dəfə baxılıb


   Azərbaycan Braziliyanın Kuyaba şəhərində keçirilmiş “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısında təmsil olunub.
REAL bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
23 ölkədən kənd təsərrüfatı nazirlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Toplantıda müxtəlif ölkələrin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər də iştirak edib. Braziliyanın ilk dəfə ev sahibliyi etdiyi tədbirin əsas məqsədi dayanıqlı kənd təsərrüfatı qurulması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclıqla mübarizə tədbirlərini müzakirə etməkdir.
  Tədbirdə çıxış edən M.Məmmədov bildirib ki, bütün dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası, su qıtlığı aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaradır. Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçirilən layihələrin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynadığını deyən M.Məmmədov əlavə edib ki, bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər. Nazir Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb.
  Nazirlər Toplantısında əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması yolu ilə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına toxunulub.
  İki gün davam edən tədbirin sonunda Bəyannamə qəbul olunub. Sənəddə dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması, aqrar sahədə ailə-kəndli təsərrüfatlarının rolunun gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsinə dəstək, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi, aclıq və yoxsulluğa qarşı mübarizə tədbirləri ilə bağlı çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi öz əksini tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA