Atatürkün yanında və önündə oturmağın fərqi – 12 fakt
Bu gün Mustafa Kamal Atatürkün doğum günüdür.Kult.az Mustafa Kamal Atatürkün şəxsi həyatı ilə bağlı maraqlı faktları təqdim edir:
1. Mustafa Kamal Atatürkün çox fərqli zövqü və süfrə mədəniyyəti olub. Səhər yeməyini sevməyən Atatürk axşam yeməyi üçün yuxudan gec oyanardı. Türk qəhvəsi və siqareti normadan artıq istifadə edər, axşam yeməyi zamanı süfrəsində 10 nəfərdən az qonaq olmasını sevməzdi.
2. Atatürk inanırdı ki, insanları tanımağın ən yaxşı yolu onlar ilə bir süfrəyə əyləşməkdir. Buna görə də sınamaq istədiyi bir şəxsi süfrədə qarşısında, tərifləmək istədiyi şəxsi isə yanında əyləşdirərdi.
3. Mustafa Kamal yaltaq, ikiüzlü insanları heç sevməyib. Deyilənə görə, bir gün onu ömürlük Türkiyə prezidenti elan etmək üçün təklif verənlərə çox qəzəblənib, “Siz məni Misir kralı Fuada, ya da Albaniya kralı Zorqamı bənzətmək istəyirsiniz?” - cavabını verib.
4. Atatürkün təmizlik və simmetriya ilə bağlı sərt qaydaları mövcud idi. Dolmabaxça sarayında tez-tez tarixi portretləri, evində, qonaq getdiyi yerlərdə belə əyri duran əşyaları düzəldirdi. Onun bu davranışı ömrünün sonuna qədər davam edib.
5. O, qonaq gələn əcnəbi dövlət başçıları, rəsmilər və onların ölkələri, mədəniyyətləri haqda öncədən məlumat toplayarmış. Qeyd olunur ki, əfqan kralının Türkiyə səfəri öncəsində Atatürk bir ay Əfqanıstanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti haqda xüsusi dərs alıb.
6. 1937-ci ildə ziyafət zamanı Türkiyədı səfərdə olan Yaponiya vəliəhdi Takamatsunu yapon mifologiyası və ədəbiyyatı haqda söhbəti ilə çox heyrətləndirib.
7. 1939-cu ildə Türkiyəyə rəsmi səfər edən İran şahı Rza Pəhləvinin uzunboy olması səbəbi ilə ona rəhbər edəcək generalın cüssə və boyca ondan geri qalmaması üçün Türkiyə Silahlı Qüvvələrinin ən hündür və ən iri cüssəli generalı Fəxrəddin Altayı şaha mehmandar olaraq təyin edib.
8. İngiltərə kralı Eduardın Türkiyə səfəri zamanı Atatürkün onun şərəfinə verdiyi ziyafətdə bütün xidmətçilər türklərdən ibarət idi. Ziyafət əsnasında servis göstərən türk ofisiant müvazinətini itirərək yıxılır. Atatürk üzünü krala tutaraq, “Mən xalqıma hər şeyi öyrətdim, ancaq başqalarına xidmət etməyi öyrədə bilmədim” - deyir.
9. Atatürk ilə bağlı bilinməyən bir məlumat da onun öz əli ilə yazdığı “Həndəsə” kitabının bu gün də Türkiyə məktəblərində tədris edilməsidir. 44 səhifədən ibarət olan bu kitabda elmi terminlər sadələşdirilib, tədrisin türk dilində aparılması vurğulanıb.
10. Atatürk kimi ömrü cəbhələrdə keçən bir müzəffər ordu generalı haqda ən təəccüblü fakt onun müharibə meydanları xaricində qan görərkən halının pisləşməsidir. Getdiyi bölgələrdə onun üçün kəsilən qurbanlara baxa bilməz, kəsim əsnasında üzünü əks tərəfə çevirərdi.
11. Atatürk 1881-ci ildə dünyaya gəlsə də, onun doğulduğu gün bəlli deyil. Anası Zübeydə xanımdan eşitdiyinə görə, o, bir bahar səhəri dünyaya gəlib. Buna görə də Atatürk Samsuna getdiyi və türk istiqlaliyyət savaşının başladığı 19 may tarixini özü üçün doğum günü seçib.
12. Atatürkün heyvanlara qarşı xüsusi sevgisi olub. Yalovaya getdiyi bir gün qəssabdan 50 lirəyə aldığı və sonradan Foks adlandırdığı itini çox sevərmiş. Foks Atatürklə birlikdə rəsmi və qeyri-rəsmi bütün səfərlərə qatılar, məclislərə ondan öndə girərək onun gəldiyini xəbər edərmiş. Foks öldükdə Atatürkdən xəbərsiz onun dərisi soyularaq maket formasında hazırlanaraq Atatürkə təqdim edilib. Atatürk balaca dostunu bu halda görə bilməyəcəyini bildirərək bastırılmasını istəyib. Lakin onun bu arzusu yerinə yetirilməmiş və bu gün də İstiqlaliyyət muzeyində sərgilənir.
Qeyd edək ki, Mustafa Kamal Ataürk 10 noyabr 1938-ci ildə İstanbulda, Dolmabaxça sarayında vəfat edib. Məzarı Ankarada, Anıtqəbirdə yerləşir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.