Ukrayna güzəştə getsə, “görünməz ordu” Rusiya ilə müharibəyə başlayacaq

Hətta Ukrayna sülh sazişi çərçivəsində ərazi güzəştlərinə məcbur edilsə belə, Rusiya işğal olunmuş torpaqlarda rahatlıq tapmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Böyük Britaniya nəşri bildirib ki, Rusiyanın arxa cəbhəsində artıq Ukraynanın genişmiqyaslı gizli müqavimət hərəkatı fəaliyyət göstərir və uzunmüddətli kölgə müharibəsinə hazırlaşır.
Ukraynanın partizan hərəkatı “Ateş”in agentləri nəşrə öz fəaliyyətləri barədə danışıblar. Onlardan biri - işğal olunmuş Makeyevkadan olan mülki şəxs Rusiya patrulları və logistikasını həftələrlə izlədikdən sonra rus ordusu üçün silah daşınan dəmir yolu xəttini necə partlatdığını təsvir edib.
“Məqsəd sadə idi: xətti uzunmüddətli istifadəyə yararsız hala salmaq ki, hərəkət dayansın. Bu, qoşunlarımıza bir qədər əlavə vaxt qazandırdı”, - ukraynalı partizan deyib.
Onun sözlərinə görə, bu cür əməliyyatları Ukraynanın işğal olunmuş ərazilərində, eləcə də Krım və Rusiyanın dərinliklərində fəaliyyət göstərən “Ateş”in azı 2000 üzvü həyata keçirir.
Məlumata görə, 2025-ci ildə işğal olunmuş ərazilərdə qeydə alınan diversiyaların yarıdan çoxuna məhz “Ateş” cavabdehdir.
“Atəşkəs müharibənin bitməsi deyil, sadəcə onun yeni mərhələsinə keçiddir. Görünməz orduya çevriləcəyik. İşğal əbədi deyil”, - hərəkatın sözçüsü bildirib.
“Ateş”in sıralarına təkcə mülki şəxslər yox, Rusiya hərbçiləri də daxildir. Onlardan biri - səfərbər edilmiş Rusiya əsgəri söyləyib ki, onun fəaliyyəti Ukrayna qüvvələrinin bir neçə kilometr irəliləməsinə kömək edib.
Partizan hərəkatında hesab edirlər ki, Kreml üçün işğal olunmuş Ukrayna ərazilərinin hər hansı razılaşmadan sonra tam nəzarət altına düşəcəyini düşünmək ölümcül səhv olar:
“Müqavimət təkcə cəbhədə deyil, bu, insanların qəlbindədir. İşğal nə qədər uzun sürsə, qəzəb də o qədər dərin olacaq”.
Ukraynalı partizanlar əlavə edirlər ki, onlar sülh gözləmirlər, azadlığa hazırlaşırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: