sedanews.az
sedanews.az

Azərbaycan-Türkiyə Münasibətləri Dünyaya Nümunədir

9-06-2021, 15:42 783 dəfə baxılıb

Azərbaycan-Türkiyə Münasibətləri Dünyaya Nümunədir 

“Bir millət-iki dövlət” - Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən deyilmiş bu sözlər bu gün iki ölkə münasibətlərinin bütün sahələrində öz təsdiqini tapır.

                                                                             

İqtisadi maraqların dünyanı idarə etdiyi bir vaxtda Azərbaycan-Türkiyə münasibətləri yalnız öz mənafelərini önə sürən, hər şeyə korporativ maraqlar prizmasından yanaşan ölkələrə əsl örnəkdir. Bir çox ərəbdilli, slavyandilli ölkələrin nümunəsində görürük ki, xalqların etnik birliyi heç də mütləq mənada onların siyasi, iqtisadi, mənəvi birliyi demək deyil. Azərbaycan-Türkiyə münasibətləri  etnik, dini birliklə bərabər həm də ruh birliyi, mənəviyyat, əqidə birliyi ilə güclüdür. Bu güc isə “Yurdda sülh, cahanda sülh” (Atatürk) çağırışının XXI əsrdəki təzahürüdür. Təcrübə göstərir ki, iqtisadi, siyasi, hərbi gücə malik olan böyük dövlətlər heç də həmişə, sözün əsl mənasında, böyüklük sərgiləyə bilmirlər. Bunun üçün zəngin dövlətçilik ənənələri olan xalqın davamçıları olmaq lazımdır. Qədim ortaq tariximiz, dövlətçilik ənənələrimiz uzun əsrlər boyu daim əlaqələrimizin bu və ya digər şəkildə inkişafına təkan vermişdir. 

Bu gün bölgədə və dünya miqyasında öz sözünü deyə bilən dövlətlər olaraq Azərbaycan və Türkiyə regional və qlobal əhəmiyyətli birgə iqtisadi layihələr həyata keçirirlər. Böyük geosiyasi əhəmiyyəti olan bu layihələr xalqlarımızın rifahına xidmət edir. Ölkələrimizin müvafiq qurumları arasında daim yeni əməkdaşlıq sazişləri imzalanır, layihələr işlənir, təkliflər irəli sürülür. Bu layihələr təkcə Azərbaycanın və Türkiyənin deyil, digər tərəfdaş ölkələrin də maraqlarına xidmət edir. İstifadəyə verilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası dediklərimizə sübutdur.

Ötən il işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yekunlaşan Vətən müharibəsi isə bölgədə tamamilə yeni geosiyasi və geoiqtisadi reallıq yaratmaqla Azərbaycan-Türkiyə münasibətlərində yeni imkanlar açdı. Türkiyə şirkətlərinin böyük maraq göstərdiyi Zəngəzur dəhlizinin yaxın gələcəkdə reallaşması ilə Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiyaları güclənəcək, eləcə də qardaş Türkiyə ilə iqtisadi-ticari əlaqələr daha da möhkəmlənəcək. Zəngəzur dəhlizi həm də Türk dünyasını birləşdirən mühüm iqtisadi, humanitar bağ olmaqla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin də vacib tranzit marşrutu olacaqdır.

Təbii ki, həm əvvəlki dövrlərdə, həm 44 günlük müharibə dövründə, həm də işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığı indiki dövrdə Azərbaycan və Türkiyənin sərgilədikləri birlik, bərabərlik, qətiyyət dünyaya bir mesajdır. Ölkələrin iqtisadi tarixi göstərir ki, yalnız gəlir əldə etmək məqsədilə qurulan əlaqələr, yaradılan əməkdaşlıqlar bəlli məqamdan sonra bitir. Lakin Azərbaycan-Türkiyə əlaqələrinin keçmişi və bu günü onun böyük, şanlı gələcəyindən də xəbər verir. Güc doğrudan da birlikdədir. Bu birliyə, bu qardaşlığa təkan verən qüvvələrdən ən önəmlisi xalqlarımız arasındakı mənəvi yaxınlıq, qardaşlıq münasibətləridir. 

Bu ilin 1-3 iyun tarixlərində Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankaraya səfəri də Türkiyə-Azərbaycan əlaqələrinin yeni müstəviyə çıxmasından xəbər verir. Partiya liderləri arasında olan dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verir. 

İki qardaş ölkənin iqtisadi, siyasi, mədəni əlaqələrinin inkişafı, aparılan bərpa və quruculuq işləri, müharibədəki parlaq qələbəmiz, əslində bütün bölgə xalqlarının rifahını təmin edəcək, yetər ki, bu xalqlar bu xoşbəxt gələcəyin yaxında olduğunu dərk edə, qiymətləndirə bilsinlər. Məsələn, Rusiya artıq Türk Şurasının böyük güc və birlik olduğunu görür, dərk edir və bu səbəbdən də ölkədəki türkdilli xalqları əsas gətirərək bu birliyə üzv olmağa can atır. Bu bir daha onu göstərir ki, Türkiyə və Azərbaycanın aparıcı qüvvə olduqları Türk Şurası regionda yaradılan bütün birlik və təşkilatlardan etibarlıdır, güclüdür. O yerdə ki, birlik, bərabərlik , inkişaf var, ora həmişə başqaları üçün də cəlbedici olmuşdur. Zaman həqiqətən göstərdi ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”. 



Güllü Yoloğlu

Tarix üzrə elmlər doktoru, türkoloq








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA