Qazax oyunu: Soros, ermənilər və velikoruslar necə "dil tapdılar"? - TƏHLİL
Qazaxıstanda vəziyyət səngimək bilmir. Ölkənin müxtəlif iri şəhərlərində küçələrə çıxmış kütlə yerli icra hakimiyyətlərinin (akimat) binalarını ələ keçirməyə, sonra da dövlət qurumlarının yerləşdiyi binalara daxil olmağa çalışır.
Küçələrə polislərlə yanaşı, hərbçilər çıxarılıb.
Etiraz aksiyalarına qatılanlar polislərə və hərbçilərə hücumlar edirlər.
Toqquşmalarda 7 nəfər ağır yaralanıb ki, onların dördü polis əməkdaşlarıdır.
Qazaxıstanda nə baş verir?
İlk əvvəl onu vurğulayım ki, Qazaxıstanda vəziyyətin gərginləşməsində, destabilizasiyada ilk baxışdan nə qədər inanılmaz və hətta paradoksla təsir bağışlasa da, kollektiv Qərbin "rəngli inqilab" ssenariləri hazırlayaraq reallaşdırmağa çalışan strukturları ilə Rusiyadakı neoimper və velikorus şovinizmi ideologiyasını fəaliyyət prinsipi hesab edən qüvvələrin maraqları tam üst-üstə düşüb.
Artıq üçüncü gündür ki, Qazaxıstanda etiraz aksiyaları səngimir. Ölkənin qərbindəki Menqistau vilayətində başlanan aksiyalar sonradan ildırım sürətilə bütün vilayətlərə və şəhərlərə yayıldı.
Etirazlara səbəb avtomobillər üçün maye qazın qiymətinin 2 dəfə (60 tenqedən 120 tenqeyədək) bahalaşması olub.
Yanvarın 1-də Kurik, Janaozen və Akşukur şəhərlərində insanlar küçələrə çıxmışdılarsa, indi bütün iri şəhərlərdə aksiyalar şiddətilənib.
İlkin olaraq iqtisadi məzmunlu tələblər dəyişərək sırf siyasi şüarlara çevriliblər. Hazırda Almata, Aktau, Karaqanda, Nursultan şəhərlərində küçələrə çıxanlar çadır şəhərcikləri qurmağa başlayıblar.
Onlar rüşvətxorluq və korrupsiyaya son qoymağı, işsizliyə son qoyulmasını, yeni zavodlarla fabriklərin inşasını, habelə Qazaxıstan Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevin postundan istefasını tələb edirlər.
İndi əsas şüar "Şal, ket!"ə ("Qoca, get!") çevrilib: hədəf Nursultan Nazarbayevdir.
2019-cu ildə Qazaxıstan Prezidenti postundan istefa verəndən sonra N.Nazarbayev Təhlükəsizlik Şurasının sədri, Konstituasiya Şurasının üzvü və iqtidardakı "Nur Otan" partiyasının sədri postlarındadır.
Aksiya iştirakçılarına qarşı Qazaxıstan polisi və Milli Qvardiyası səs-işıq qumbaraları ilə gözyaşardıcı qaz tətbiq edir. Küçələrdə yanan polis maşınlarının sayı artır.
İlk baxışdan Qazaxıstandakı vəziyyətin indiki partlayış həddinə çatması ilk əvvəl Rusiyanın bölgədəki maraqlarına ağır zərbədir. Əslində, gerçəkdən də belədir.
Çünki kollektiv Qərbin Rusiyanın sərhədləri boyunca Moskvanın təsirindən çıxmış və ya çıxmaqda olan ölkələrdən ibarət "qurşaq" formalaşdırması əslində Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası" əsərindəki ideologemlərin reallaşması deməkdir.
Baş verənlərin detallarına fikir versək, aksiyaların sosial şəbəkələr vasitəsilə idarə olunduğu aşkar görünür. Telegram və WhatsApp messencerlərində fasiləsiz translyasiyalar Baltikyanı ölkələrdən, Polşadan və Ukraynadan maliyyələşir.
Şərhlərdə "bot"ların fəallığı və spamı da həmçinin.
Lakin hadisələrin situativ təhlili hər şeyin göründüyü kimi sadə olmadığını göstərir.
Qazaxıstandakı hadisələr şübhə yoxdur ki, Rusiya və ABŞ arasında Cenevrədəki sammit ərəfəsində Moskvanın mövqelərini zəiflətmək cəhdidir. Kollektiv Qərb bu minvalla Rusiya-NATO müzakirələrində rəqibini geri çəkilməyə vadar etməyə çalışır.
Prinsip etibarilə, Qazaxıstanda hakimiyyət üçün heç bir real təhlükə yoxdur. Çevriliş, üsyan, qiyam və s. cəhdlərindən danışmağa belə, dəyməz.
Proseslərin taleyi Almata və Aktobe şəhərlərində həll olunur. Əgər bu şəhərlərdə vəziyyət nəzarətə alınarsa, iğtişaşlara son qoyulacaq.
Vəziyyətin kontrolda qalacağı isə şübhəsizdir, çünki indi küçələrdə olan gənclər Qazaxıstandakı hakimiyyətin mahiyyətini və mənşəyini əsla anlamırlar.
Polis və Milli Qvardiya narazıdır: səbəb, iğtişaşların dağıdılması üçün kart-blanşın, icazənin verilməməsidir. Sərt şəkildə, qanun çərçivəsində.
Ölkədə vəziyyət ümumən sakit olsa da, sosial şəbəkələrdə "partlayış həddi" görüntüsü yaradılıb.
Qazaxıstanda Almatıda binalardan tüstü çıxırsa, hakimiyyət Nursultan şəhərindədir.
Digər məqam isə Rusiyadakı şovinist, neoimper qüvvələrlə Rusiyada və Qazaxıstanda yaşayan erməni icmasının "mediativ fərd"lərinin mövqelərinin tam üst-üstə düşməsidir.
Rusiyalı jurnalist ("Vesti" nəşri) Andrey Medvedyev, aşkar ermənipərəst "Sinyaya Boroda" (Mavi Saqqal) Telegram kanalı, Erməni diasporunun "himayə"si altında fəaliyyət göstərən rusiyalı "hərbi jurnalist" və millətçinin idarə etdiyi "Starşe Eddı" Telegram kanalı, erməni diasporunun daha bir əlaltısı, rusiyalı hərbi müxbir, millətçi Aleksandr Kots, Rusiyada yaşayan erməni bloqçu Mina Xaçatryan və başqaları indi fasiləsiz olaraq Qazaxıstandakı olaylardan "yazırlar".
"Ukraynada iqtisadi tələblər altında başlayan, lakin çox keçmədən millətlərarası qarşıdurma mərhələsinə çevrilən vəziyyətin necə başa çatdığını hamımız xatırlayırıq", - onların çılğın açıqlamalarının refreni belədir.
Rusiyadakı şovinistlərlə ermənilər və ermənilərə lakeylik edənlər Ukrayna ilə analogiyalar apararaq vurğulayırlar ki, rəsmi Moskva mütləq şəkildə Qazaxıstanda etirazçılarla hakimiyyətə xəbərdarlıq edərək bildirməlidir: "Ruslara hücum cəhdləri birbaşa olaraq Rusiyaya hücum kimi qəbul olunmalıdır".
Halbuki Qazaxıstanda etnik zəmində heç bir toqquşma yoxdur. Fəqət, buna rəğmən, velikorus şovinistlərlə ermənilər paradoksal da olsa, kollektiv Qərbin ssenarisinin oyunçularına çevrilərək süni gərginlik, toqquşmalar və iğtişaşlar formalaşdırmağa çalışrılar.
Məhz buna görə Ukrayna yada salınır, bu ölkənin şərqi Qazaxıstanın şimal bölgələri, yəni rusların və rusdillilərin çoxsaylı şəkildə kompakt yaşadığı məkanlarla müqayisə olunur, ruslarla rusdillilərin "təhlükəsizliyinin təminatı problemi"indən bəhs olunur və ən nəhayət, Rusiyanın "müdaxiləsi amili" ön plana çıxarılır.
Göründüyü kimi, velikorus şovinistləri ilə ermənilər sosial şəbəkələrin rusdilli seqmentində katalizator rolunu oynayaraq Qazaxıstana hərbi müdaxiləni "istisna" etmir, ölkənin hətta parçalana biləcəyini və "şimal bölgələrin ayrılacağını" təxminləyirlər.
Absurd, marazma və idiotizmdir.
Nədən ki, "Şimali Qazaxıstan vətənpərvərləri"nin belə alarmist bəyanatlarının Qazaxıstanda vəziyyətin mümkün qədər pisləşməsi arzularından qidalandığı bəllidir.
Amma hər şey ermənilərlə şovinistlərin planlarının tam tərsinə oldu.
Velikorus şovinistləri, hətta Rusiyanın bəzi dövlət mənsubları "tarixdə Qazaxıstan adlı dövlət və qazax etnosu olmayıb", "indiki Qazaxıstan Rusiyanın hədiyyə etdiyi ərazilərdə yaradılıb" və bu kimi sarsaq bəyanatlarla çıxış etsələr də, səslənənlər Rusiyada antiqazax düşərgənin mövcudluğunu göstərir.
Onlar Qazaxıstanın dövlət başçısı Tokayevin eynən Belarus prezidenti Aleksandr Lukaşenko kimi davranmasını arzulayırlar.
Di gəl, Ukrayna və Belarusda yaşanmışlarla Qazaxıstanda indi baş verənlər homogen deyil.
Bəli, Corc Sorosun maliyyələşdirdiyi fiqurlar Ukrayna, Qazaxıstan və Ermənistanda olduğu kimi, Qazaxıstanda da təsir rıçaqlarına yiyələnməyə can atırlar.
Amma indiki olaylar klassik "Maydan" prosesindən fərqlidir və daha dərin daxili genezisə malikdir. Bu səbəbdən elə indidən etibarən Qazaxıstanda hakimiyyət potensial "maydanogen" amilin istənilən təzahürünü əzməyə can atacaq.
Kollektiv Qərb Qazaxıstanda "demokratiya uğrunda mübarizə"yə başlayıbsa, Minskdə qarşılaşdığı müqavimətlə üzləşəcək.
Və ən sonda: Qazaxıstandakı proseslər türkdilli dövlətlərin birgə fəaliyyətinə, əməkdaşlığın inkişafına və miqyasının genişlənməsinə qarşı yönəlmiş aksiyalar da sayıla bilər.
Qazaxıstanın hazırda Türk Dövlətləri Təşkilatında və ümumiyyətlə, türkdilli dövlətlərin inteqrasiya prosesində aktiv rol oynadığı danılmazdır.
Bunu hədəfə alaraq Qazaxıstanda guya ultramillətçilərin aktivləşməsi, rusdillilərin təqib olunmsı, ölkədə dövlət dilinin çəkisinin artırılmasına yönəlmiş qanuni və məntiqi addımları "seqreqasiya siyasəti" kimi qələmə vermək niyyətlərinin haradan qaynaqlandığını, hansı məqsədlərə xidmət etdiyini təxminləmə əsla çətin deyil.
Hədəf sadəcə Qazaxıstan deyil ki...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.