Ankaradan verilən MESAJ - Zelenski Ərdoğanın çətiri altında...
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü rəsmi danışıqlarla yanaşı, diqqətçəkən görüntülərlə də yadda qalıb.
Ankarada keçirilən qarşılanma mərasimində yağış altında çəkilən foto sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Rəsmi mərasim zamanı yağış başladığından Ərdoğan əlindəki çətiri Zelenski ilə bölüşüb və tərəflər bir çətir altında dayanaraq foto çəkdirib. Bu görüntü dərhal sosial mediada rezonans doğurub və müxtəlif siyasi yozumlarla müzakirə olunmağa başlayıb. Bir çox analitiklər Ərdoğanın bu jestini sadəcə nəzakət xatirinə deyil, həm də Ukraynaya verilən simvolik dəstək kimi qiymətləndirir.
Hadisə xüsusilə Ukrayna ilə bağlı son günlər yaşanan proseslər fonunda daha çox diqqət çəkib. Ankaradakı görüşdən qısa müddət əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda uzun müddət sonra ilk dəfə ABŞ və Rusiya arasında yüksək səviyyəli görüş keçirilib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin bu görüşdə iştirak etməsini istəsə də, Vaşinqton və Moskva bu təklifdən imtina edib. Bu barədə danışan Ukrayna lideri görüşün onlar üçün “sürpriz” olduğunu bildirib və bununla bağlı məlumatı yalnız mediadan aldıqlarını etiraf edib.
Parisdə Avropa liderləri arasında keçirilən görüşdə də Ukrayna məsələsi əsas müzakirə mövzusu olsa da, Zelenski orada da iştirak etməyib. Bu vəziyyət Ukrayna liderinin beynəlxalq diplomatik proseslərdə bir qədər kənarda qalması ilə bağlı suallar doğurub.
Məhz belə bir məqamda Ankaraya səfər edən və Ərdoğan tərəfindən isti qarşılanan Zelenskinin Türkiyə liderinin çətiri altında dayanması siyasi metafora kimi dəyərləndirilir. Bəzi ekspertlər bu görüntünün "dünyanın beşdən böyük olduğunu" deyən Ərdoğanın beynəlxalq məsələlərdə müstəqil mövqe tutduğunun və Ukraynanın da Ankaranın diplomatik çətiri altına girdiyinin simvolu olduğunu qeyd edirlər.
Türkiyə indiyə qədər Rusiya-Ukrayna müharibəsində balans siyasəti aparıb, həm Kiyevlə strateji tərəfdaşlığını davam etdirib, həm də Moskva ilə münasibətlərini qoruyub. Lakin son hadisələr fonunda Ərdoğanın Ukrayna liderinə verdiyi dəstək daha açıq görünməyə başlayıb. Bu jestin rəsmi danışıqlardan daha güclü bir mesaj olub-olmadığı isə qarşıdakı proseslərdə daha aydın olacaq.
Modern Təhlil və Araşdırma Qrupu