sedanews.az
sedanews.az

Azərbaycan -Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək

7-03-2025, 13:27



       Məlumdur ki, dünyanın fırtınalar içində çırpındığı bir dövrdə bəzi dostluqlar zamanın sərt küləklərinə qarşı tab gətirmir, lakin elələri də var ki, dağ kimi möhkəm, dəniz kimi dərin, günəş kimi istidir. Azərbaycanla Türkiyə münasibətləri qardaşlığın təcəssümüdür - əsrlərin sınağından keçmiş, qanla, canla möhürlənmiş bir birlikdir. Bu qardaşlıq hər hansı diplomatik anlaşmanın, sadəcə siyasi maraqların nəticəsi deyil, tarixin hökmüdür. Türkiyə və Azərbaycanın dövlət başçılarının görüşlərində bu qardaşlıq açıq şəkildə görünür. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın hər görüşü, hər sözü bu sarsılmaz birliyin təcəssümüdür və siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə də özünü göstərir. Azərbaycanın zəfər tarixini yazdığı 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyi qardaşlığın ən bariz nümunələrindəndir. Bu, səmimi qardaşlıqdır - birinin dərdi digərinin də dərdi, birinin sevinci digərinin də sevincidir. Müasir dünyada belə bir ittifaqlar nadir tapılır. Dövlətlər arasında əlaqələr çox vaxt maraqlara əsaslanır, lakin Azərbaycan və Türkiyə arasında maraqlardan üstün olan bir bağ var - bu, qan yaddaşıdır.
         Xüsusilə qeyd edək ki, Azərbaycanın bayrağı Ankarada, Türkiyənin ay-ulduzu da Bakıda eyni coşqu ilə dalğalanır. Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində baş tutan İğdır-Naxçıvan qaz boru xəttinin açılışı da tarixi hadisə oldu. Bu tarixi layihənin əsası 2020-ci il dekabrın 15-də Ankarada imzalanan anlaşma memorandumu ilə qoyulmuşdu. Həmin sənəd Türkiyə və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. İmzalanan memorandumdan iki il sonra, 2022-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı sərəncam imzaladı. 2023-cü il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində layihə prioritetlər sırasına daxil edildi. Layihənin təməli isə 2023-cü il sentyabrın 25-də qoyulmuşdu.
       Yeri gəlmişkən, İğdır-Naxçıvan qaz boru xətti Türkiyənin İğdır vilayətindən başlayaraq Azərbaycanın Sədərək rayonuna qədər uzanır. Kəmərin ümumi uzunluğu 97,5 kilometrdir. Onun 80 kilometri Türkiyə ərazisindən, 17,5 kilometri isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasından keçir. Bu boru xətti gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək imkanına malikdir. Bu da o deməkdir ki, Naxçıvanın təbii qaz tələbatı tam şəkildə ödəniləcək. Gələcəkdə boru xəttinin ötürücülük qabiliyyəti iki dəfədən çox artırıla bilər ki, bu da regional enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
       Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən gün baş tutan açılış mərasimi də türk qardaşlığının təntənəsidir. Hər iki liderin qətiyyəti, xalqlarımızın birliyi və dövlətlərimizin strateji hədəfləri bu layihəni gələcəyə uzanan bir enerji körpüsünə çevirir. Həmçinin bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Qardaş ölkələr bu gün regional təhlükəsizliyin və inkişafın aparıcı qüvvələrindən biridir. Onların birgə fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru xətləri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi beynəlxalq əhəmiyyətli layihələr ərsəyə gəlmişdir. Bu layihələr bütün Avrasiya regionuna iqtisadi və geosiyasi baxımdan böyük töhfə verir. İki qardaş ölkə enerji sahəsində həyata keçirdiyi layihələrlə regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Azərbaycan neftini Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına çıxaran, Avropa və Asiyanın enerji təhlükəsizliyinin əsas arteriyalardan biridir. Belə ki, ötən il BTC üzrə əməliyyat xərclərinə təxminən 146 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollar vəsait xərclənib ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 21,67 faiz artım və 4,35 faiz azalma deməkdir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri də ölkəmizin zəngin qaz ehtiyatlarını Avropaya çatdırır. TANAP və TAP boru xətləri isə Azərbaycan qazının Türkiyə və Avropaya ixracını təmin etməklə yanaşı, ölkəmizi etibarlı enerji tərəfdaşı kimi tanıdır. Belə ki, bu il yanvar ayında qaz nəqlinin 46,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1 milyard 651,5 milyon kubmetr qaz ötürülüb. Qardaş ölkələrin birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də müasir İpək Yolunun əsas seqmentlərindən biri sayılır. 2017-ci ildə istifadəyə verilən BTQ dəmir yolu Avropa və Asiyanı birləşdirən ən qısa və təhlükəsiz marşrutlardan biridir. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın və Türkiyənin liderliyi Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasına mühüm töhfə verir. Bu birlik həm regionda, həm də beynəlxalq arenada yeni güc mərkəzinin formalaşmasına şərait yaradır.
       Martın 5-də Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib: "Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir".
      Ölkələrimizin strateji tərəfdaşlığı gələcək üçün də hesablanmış möhkəm bir ittifaqdır. Bu əməkdaşlıq nəticəsində enerji təhlükəsizliyi təmin edilir, nəqliyyat dəhlizləri inkişaf edir və regional sabitlik qorunur. İki dövlətin birgə həyata keçirdiyi layihələr bölgənin siyasi, iqtisadi və geosiyasi xəritəsini formalaşdırmaqla yanaşı, türk dünyasının birliyini möhkəmləndirir və yeni inkişaf perspektivləri açır. 
     Ən əsası, Azərbaycan və Türkiyə qardaş ölkələr, həm də Avrasiyanın güc mərkəzi, sabitlik və inkişafın qarantıdır. Bu birlik zamanın sınaqlarından keçmiş və gələcəyə yönəlmiş bir tərəfdaşlıqdır.



Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA