Quba rayon, Amsar Kənd Bələdiyyəsi: Sakinlərin Şikayətləri və Haqlı Narazılıq
Quba rayon, Amsar kənd bələdiyyə sədri Həsən Seyidovun fəaliyyətinə dair vətəndaşların səsləndirdiyi iddialar cəmiyyətin diqqətini çəkir. Onun 10 illik fəaliyyəti ərzində kənd sakinlərinə deyil, yalnız öz maraqlarına xidmət etdiyi iddia olunur.
Sakinlərin dediyinə görə, Həsən Seyidov bələdiyyənin balansında olan torpaqları qanunsuz olaraq satıb və əldə etdiyi vəsaitləri şəxsi məqsədlərinə yönəldib. Öz ailəsinə və yaxınlarına xüsusi şərait yaradaraq, bələdiyyə büdcəsini şəxsi ehtiyacları üçün istifadə etdiyi bildirilir. Bu iddialar ciddidir və təcili araşdırma tələb edir.
Amsar kəndində su qıtlığı illərdir davam edir. Sakinlər bu problemi dəfələrlə qaldırsa da, Həsən Seyidov özünə şəxsi su xətti çəkdirməkdən başqa heç bir addım atmayıb. Sakinlər evlərində su problemi ilə mübarizə apararkən, bələdiyyə sədrinin lüks şəraitdə yaşaması haqlı narazılığa səbəb olub.
Kəndin ortasında tikilən asfalt zavodu isə əsl ekoloji fəlakətə çevrilib. Zavoddan yayılan tüstü kənd sakinlərinin gündəlik həyatını dözülməz edir. Evdən çıxmaq, təmiz hava almaq çətinləşib, hətta paltar sərən sakinlərin iki saat sonra paltarlarının mazotla ləkələndiyi bildirilir. Şikayətlərə baxmayaraq, heç bir tədbir görülmür. Çünki sakinlərin dediyinə görə, zavodun sahibi məhz bələdiyyə sədri Həsən Seyidovdur.
Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbəri Hikmət Seyidova ciddi göstəriş verilsə də zavodda problem hələ də həll olunmayaraq qalmaqdadır.
Zavodda iş üçün müraciət edən vətəndaşlar isə haqsızlıq və kobud rəftarla üzləşirlər. Şikayətlərə görə, Həsən Seyidov vətəndaşları kobud şəkildə təhqir edərək, onları işə götürmədən qovub. Bu, həm insan haqlarına, həm də idarəçilik prinsiplərinə ziddir.
Sakinlər bildirirlər ki, Həsən Seyidov bütün bu fəaliyyətləri cəzasız həyata keçirir, çünki yüksək vəzifəli şəxslərin dəstəyi ilə qorunur. Lakin bu, cəmiyyətin ədalətə inamını sarsıdır və dövlətin imicinə zərər vurur.
Amsar kənd sakinləri artıq səssiz qalmaq niyyətində deyillər. Onlar kəndin problemlərinin həlli üçün təcili tədbirlərin görülməsini və Həsən Seyidovun fəaliyyətinin hüquqi yollarla araşdırılmasını tələb edirlər. Torpaqların qanunsuz satışı, bələdiyyə büdcəsinin mənimsənilməsi, su probleminin həll edilməməsi və zavodun yaratdığı ekoloji fəlakətə görə aidiyyəti orqanlardan müdaxilə gözləyirlər.
Bu məsələlər, təkcə Amsar kəndinin deyil, bütün cəmiyyətin diqqət mərkəzində olmalıdır. Ədalətin bərpası üçün vətəndaşların haqlı tələblərinə qulaq asılmalı və bələdiyyənin fəaliyyətinə şəffaflıq gətirilməlidir.
Mənbənin verdiyi məlumata görə Həsən Seyidov hərbi xidmətdə də olmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Afət Məmmədova