sedanews.az
sedanews.az

Milli Qəhrəman Şükür Həmidov: nələr etmişdi?

27-10-2020, 10:12 633 dəfə baxılıb

Milli Qəhrəman Şükür Həmidov: nələr etmişdi? 

Vətən müharibəsi apardığımız bu günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərək şəhid olanlardan biri də Milli Qəhrəman Şükür Həmidovdur.
Axar.az xəbər verir ki, doğma yurdunun işğaldan azad edilməsi əməliyyatları zamanı şəhid olan Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə on uşaqdan biri olub. Gənclik illərindən mərdliyi və cəsarətilə yoldaşlarından fərqlənirdi.
Ş.Həmidov 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Hələ təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. O, 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.
O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.
Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabrda Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyev onun adının doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA