sedanews.az
sedanews.az

Prezidentin müraciəti dünya mətbuatında - VİDEO

22-09-2023, 13:48 128 dəfə baxılıb


Nüfuzlu media qurumlarında İ.Əliyevin fikirləri geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb.

Türkiyənin nüfuzlu “A Haber”, “TRT Haber”, “CNN Türk”, “TV 100” kanallarında, “Yeni Şafak”, “Takvim”, “Beyaz qazete”, “Star”, “Yeni çağ”, “Haber vitrini” qəzetlərində, “Ensonhaber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb.

Xəbərlərdə Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb.
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarına da xüsusi yer veriblər.
Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri və Prezident İlham Əliyevin xalqa müraciəti Rusiya mətbuatının da diqqət mərkəzindədir.
TASS agentliyinin materiallarında Prezident İlham Əliyevin xalqa müraciətində antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığı barədə fikirləri qeyd olunub.

“NTV” telekanalı Azərbaycan Prezidentinin Qarabağda aparılan tədbirlərin tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirib.

“RBK” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb, dövlət başçısının Qarabağın erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşün şahidi olacağı barədə dediklərini vurğulayıb. Agentlik Prezident İlham Əliyevin “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirlərini oxucularının diqqətinə çatdırıb.
“Kommersant” qəzeti Prezident İlham Əliyevin xalqa müraciətini ətraflı işıqlandırıb.
Nəşrin materialında qeyd olunub ki, hazırkı antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır.
Bu, Azərbaycan və Türkiyədir. İndi bölgəyə çoxlu sərmayələr, o cümlədən Qərbdən investisiyalar qoyulacaq.

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında da əks olunub.

Prezident İlham Əliyevin xalqa müraciəti və müraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasında da işıqlandırılıb. Bu ölkənin bir sıra aparıcı informasiya portallarının, eləcə də tanınmış televiziya kanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus və gürcü dillərində məlumatlar çatdırılıb.
Ümumilikdə Azərbaycan Prezidentinin müraciəti ilə bağlı 50-dən çox xəbər Gürcüstan mətbuatında öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri və prezident İlham Əliyevin xalqa müraciəti ilə bağlı xəbərlər və reportajlar adıçəkilən ölkələrlə yanaşı,Macarıstan və ərəb ölkələrinin kütləvi informasiya vasitələrində, o cümlədən “Əl Cəzirə”, “SkyNewsArabia” kimi tanınmış telekanallarda da yayımlanıb.

 











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA