sedanews.az
sedanews.az

Dəmiryol nəqliyyatı ilə sərnişinlərin və yük-baqajın daşınması qaydaları təsdiqlənib, uşaqlar üçün güzəştlər açıqlanıb

24-07-2024, 13:04 133 dəfə baxılıb


  “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
  Baqaj gediş sənədində (biletdə) göstərilən təyinat dəmiryol stansiyasınadək sərnişin qatarının baqaj vaqonunda daşımaya qəbul edilmiş sərnişinin əmlakı,yük-baqaj gediş sənədi tələb olunmadan sərnişin qatarının baqaj vaqonunda (boş yerlər olduqda) daşıma üçün qəbul edilən yükdür. Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın, yük-baqajın daşınması tarifləri (qiymətləri), həmçinin dəmiryol stansiyasında və sərnişin vağzalında əməliyyatlara, xidmətlərə və ya işlərə görə tarifə (qiymətə) daxil edilməyən yığımlar müvafiq olaraq infrastruktur sahibinin, daşıyıcının internet informasiya ehtiyatında dərc edilir.
  Sərnişinlərin daşınması sərnişin və daşıyıcı arasında bağlanılmış daşıma müqaviləsi əsasında həyata keçirilir. Daşıma müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün gediş sənədi (bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə edilməklə ödənildiyi andan bağlanılmış hesab edilir.   Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına yaşı 1 ayadək olan uşaq üçün gediş sənədi (bilet) doğum haqqında şəhadətnamə və ya tibb müəssisəsi tərəfindən verilmiş doğum haqqında tibbi arayışın məlumatı əsasında rəsmiləşdirilir. Belə hallarda gediş sənədində (biletində) doğum haqqında tibbi arayışda və ya doğum haqqında şəhadətnamədə əks olunan məlumatlar qeyd edilir.     Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına gediş sənədi (bilet) fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi), gediş haqqını ödəməyən və ya güzəştli şərtlərlə ödəyən şəxslərə isə əlavə olaraq bu hüququ verən müvafiq sənədin məlumatları əsasında rəsmiləşdirilir. Şəhərətrafı qatarlarda və gediş haqqının ödəniş aləti ilə ödənildiyi hallarda səyahət edən sərnişinlərə şəxsiyyəti təsdiq edən sənədlərin təqdim olunması tələb edilmir.
  Sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) rəsmiləşdirilməsi bilet kassaları, internet resursları və (və ya) ödəniş terminalları, elektron gediş kartları, mobil əlavələr, digər alət və qurğulardan istifadə edilməklə həyata keçirilir. Texniki nasazlıq baş verdiyi hallarda gediş sənədi (bilet) “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğun olaraq əllə doldurularaq rəsmiləşdirilir.
Şəhərətrafı qatarda uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:
- 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz daşınır;
- 7 yaşdan böyük uşaqlar gediş haqqı ödənilməklə daşınır.
Rayonlararası (şəhərlərarası) sərnişin qatarında uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:
- 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilmir;
- yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşınadək bir uşaq pulsuz aparıla bilər;
Yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə gedən aşağıdakı uşaqlara sərnişinin gediş haqqı uşaq tarifi ilə ödənilməklə gediş sənədi (bilet) rəsmiləşdirilir:
- bir uşaqdan başqa 5 yaşınadək digər uşaqlar;
- ayrıca yer tutmaqla daşınması nəzərdə tutulmuş 5 yaşınadək uşaqlar;
- 5 yaşından 10 yaşınadək uşaqlar;
- 10 yaşdan böyük uşaqlara tam tariflə gediş sənədi (bilet) rəsmiləşdirilir.
  Uşağın yaş həddi qatarın yola düşmə günü ilə müəyyən edilir
7 və 10 yaşınadək uşaqlar müşayiət olunmadıqda daşıyıcının nümayəndələri tərəfindən ən yaxın dəmiryol vağzalında və ya məntəqədə polisə təhvil verilir.
Aşağıdakı hallarda daşıyıcı gediş sənədini (biletini) rəsmiləşdirməkdən imtina etmək hüququna malikdir:
- qatarda boş yerlər olmadıqda;
- sərnişinin gedəcəyi təyinat məntəqəsində sərnişinin minməsi və düşməsi üçün qatarın dayanacağı olmadıqda.
  Sərnişin qatarlarının hərəkət qrafiki, o cümlədən hərəkət qrafikinə dəyişikliklər barədə məlumat daşıyıcı tərəfindən mediada və onun internet saytında elan edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA