
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbçiləri Qrenlandiyaya gəldikdən cəmi iki gün sonra oranı gizli şəkildə tərk ediblər.Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, bu qərar ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələrindən sonra verilib.
Məlumata görə, hərbçilərə yerində heç bir rəsmi izahat verilməyib. Nəşr yazır ki, onlara sadəcə "Geri qayıdın!" əmri verilib.
Bildirilir ki, yerli vaxtla saat 08:30-da Bundesverin 15 nəfərdən ibarət kəşfiyyat qrupu missiya rəhbəri, kontr-admiral Ştefan Paulinin başçılığı ilə Qrenlandiyanın paytaxtı Nuuk hava limanında görünüb. Heyət "Icelandair" şirkətinə məxsus "Boeing 737" təyyarəsi ilə geri qayıdıb.
Mənbələrin sözlərinə görə, geri qayıtmaq barədə əmr Berlindən səhər saatlarında daxil olub və rəhbərlik bütün planlaşdırılan görüşləri ləğv etmək məcburiyyətində qalıb. Bundesver bölməsi Qrenlandiya ərazisində ümumilikdə cəmi 44 saat qalıb. Almaniya hökuməti isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.