"Salatın Əsgərova – Cəsarətin və qələmin simvolu"
![]()
Bu gün Azərbaycan üçün həm tarix, həm də qəhrəmanlıq günüdür. Bu tarixdə məhz Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür O, yalnız Vətən uğrunda canını qurban vermiş qəhrəman deyil, həm də Azərbaycanın ilk şəhid qadın jurnalisti kimi tarixə düşmüşdür. Salatın Əsgərovanın həyat yolu və qəhrəmanlığı bu gün də Azərbaycan xalqının yaddaşında yaşıyır. Salatın kimi insanlar göstərdiyi cəsarət, peşəkarlıq və fədakarlıqla gələcək nəsillərə nümunədir.
Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961‑ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Elmə, mətbuata və Vətənə bağlılığı ilə tanınan Salatın gənc yaşlarından yazıçı və jurnalist kimi fəaliyyətə başlamışdır. O, 1979‑cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1984‑cü ildə mühəndis diplomu almasına baxmayaraq, jurnalistikaya böyük maraq göstərib.
İlk olaraq “Bakı” qəzetində, daha sonra isə “Molodyoj Azerbaydjana” qəzetində çalışan Salatın Əsgərova Azərbaycan torpaqlarının bütövlüyü, cəbhə xəttindəki hadisələr və vətənpərvərlik mövzularında yazılar hazırlayırdı. O, tez‑tez münaqişə bölgələrinə gedir, qaynar nöqtələrdən operativ materiallarla oxucuları məlumatlandırırdı.
Salatın Əsgərovanın jurnalist fəaliyyəti ilə yanaşı, cəsarəti və peşəkarlığı onu həm də cəbhənin ən ağır məqamlarında işini davam etdirməyə sövq edirdi. Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyəti və çətin döyüş əməliyyatları haqqında idi.
Təəssüf ki, 9 yanvar 1991‑ci il tarixində içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşür və amansız atəş nəticəsində o, həlak olur.
Salatın Əsgərova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş ilk şəhid qadın jurnalistdir. Bu yüksək fəxri ada o, 6 noyabr 1992‑ci il tarixində layiq görülmüşdür. Onun qəhrəmanlığı ölkənin azadlığı, müstəqilliyi və haqqı uğrunda həyatını qurban vermək kimi şərəfli misal olaraq qalır.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub və xatirəsi hər il böyük ehtiramla yad edilir.
Allah rəhmət eləsin. Ruhun şad olsun!
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: