
Azərbaycanın çoxəsrlik hərb tarixi 2020-ci ilin payızında yazılan Vətən müharibəsi ilə özünün ən şanlı və parlaq səhifəsinə qədəm qoydu. Bu tarixi Zəfəri bizlərə bəxş edən, canı və qanı bahaına torpaqlarımızı azadlığa qovuşduran igidlərimizdən biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu, şəhid İsmayıl Nəbi oğlu Qəsəbovdur. Şuşanın sıldırım qayalarını dırmaşaraq tarix yazan İsmayıl, şəhadəti ilə ölümsüzlüyün ən uca zirvəsinə ucaldı.
İsmayıl Qəsəbov 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Ailənin sonbeşiyi olan İsmayıl hələ uşaq yaşlarından dürüstlüyü, ədalət hissi və Vətənə olan bağlılığı ilə yaşıdlarından seçilirdi. O, ibtidai və orta təhsilini Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində alıb.
Məktəbi bitirdikdən sonra, 2009–2011-ci illərdə Goranboy rayonu istiqamətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət keçib. Lakin qəlbindəki hərb sənətinə olan sonsuz sevgi onu yenidən ordu sıralarına qaytarıb. İsmayıl 2012-ci il dekabrın 28-də sınaqlardan uğurla keçərək DİN Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə (XTQ) qəbul olunub və peşəkar hərbi fəaliyyətinə başlayıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında İsmayıl Qəsəbov ilk günlərdən ön cəbhədə yer alıb. Xüsusi təyinatlı dəstədə atıcı qumbaraatan vəzifəsini icra edən baş çavuş Qəsəbov, ən çətin hərbi tapşırıqların öhdəsindən məharətlə gəlirdi.
O, Murovdağ zirvəsinin, Füzuli, Cəbrayıl rayonlarının və strateji əhəmiyyətli Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə şəxsi şücaət nümayiş etdirib. Döyüş yoldaşlarının xatirələrinə görə, İsmayıl hər an irəli atılan, düşmən istehkamlarını dəqiqliklə sıradan çıxaran qorxubilməz bir döyüşçü idi. Onun ən böyük amalı və arzusu isə Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad görmək idi.
Şuşa küçələrində yazılan şəhadət dastanı
İsmayıl Qəsəbov arzusunda olduğu Şuşa əməliyyatına böyük ruh yüksəkliyi ilə qatıldı. Şuşanın sıldırım qayalarını dırmaşan xüsusi təyinatlılar şəhərə daxil olaraq düşmənlə əlbəyaxa və küçə döyüşlərinə girdilər.
2020-ci il noyabrın 7-də, Şuşanın tam azad olunmasına cəmi bir gün qalmış, şəhər daxilində gedən ağır və gərgin döyüşlər zamanı baş çavuş İsmayıl Qəsəbov qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin nəşi doğulub boya-başa çatdığı Qazax rayonunun Çaylı kəndinə gətirilərək, noyabrın 12-də kənd Şəhidlər Xiyabanında böyük izdiham və hərbi ehtiramla torpağa tapşırıldı. Qəhrəmanımızdan geriyə Vətənə əmanət iki övladı qaldı.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş baş çavuş İsmayıl Nəbi oğlu Qəsəbov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək dövlət mükafatlarına layiq görülmüşdür:"Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı
"Şuşanın azad olunmasına görə" medalı İsmayıl Qəsəbov və onun kimi minlərlə şəhidimizin qanı baha başa gələn bu Zəfər, Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Hər il iyulun 6-da — onun doğum günündə və noyabr ayında şəhadəti ildönümündə qəhrəman xüsusi təyinatlımızın xatirəsi doğma rayonunda, eləcə də bütün ölkədə dərin hörmət və ehtiramla yad edilir.
Allah rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!
Arzu Tofiqqızı Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.