sedanews.az
sedanews.az

Diplomlu işsizlər "ordusu": Ali təhsil niyə həyatı xilas etmir?

Bugün, 15:24

 

    Hər il ölkəmizdə minlərlə gənc böyük ümidlərlə universitet qapılarından içəri addımlayır. Valideynlər illərlə topladıqları vəsaiti, bəzən isə son qəpiklərinə qədər borca girərək övladlarının təhsilinə xərcləyirlər. Məqsəd bəllidir: işıqlı gələcək və sanballı bir peşə. Lakin reallıq dörd il sonrakı məzuniyyət günündən dərhal sonra soyuq duş effekti verir. Ali təhsilli gənclərin böyük əksəriyyəti ya ixtisasına uyğun iş tapa bilmir, ya tamamilə işsiz qalır, ya da mağazalarda, xidmət sektorunda sıxılıb qalaraq mənəvi aşınmaya məruz qalır.
Sual doğulur: Niyə biz diplomlu, amma gələcəksiz gənclər "ordusu" yetişdiririk?
   Bazarın tələb etmədiyi ixtisaslar: Universitetlər Niyə qəbulu azaltmır?
  Ən məntiqi sual budur: əgər əmək bazarında kifayət qədər iş yeri yoxdursa, ali məktəblər həmin ixtisaslar üzrə qəbul planını niyə azaltmır? Cavab, təəssüf ki, kommersiya və inzibati maraqlarda gizlənir.
  Bir çox universitetlər üçün tələbə qəbulu — xüsusilə ödənişli əsaslarla — birbaşa maliyyə mənbəyidir. Ali məktəblər qəbul sayını azaltmaqda maraqlı deyillər, çünki bu, gəlirlərin azalması deməkdir. Dövlət sifarişli yerlərdə isə reallıqdan qopuq "plan doldurmaq" prinsipi işləyir. Nəticədə, əmək bazarının təhlili aparılmadan hər il minlərlə hüquqşünas, iqtisadçı və ya müəllim yetişdirilir, bazar isə bu qədər kadrı uda bilmir. Burada uduzan tərəf isə həmişə maddi və mənəvi cəhətdən müflisləşən gənc və onun ailəsi olur.
Tapşırıq, vasitəçi və rüşvət faktoru: Peşəkarlığın "ölümü"
  İş yerlərinin az olduğu mühitdə olan-qalan vakansiyalar da tez-tez subyektiv amillərlə — qohumbazlıq, tapşırıq və ya maddi maraqlar (rüşvət) hesabına doldurulur. Bu zəncirvari olaraq dövlət strukturlarına və özəl sektora da böyük zərbə vurur. Qeyri-peşəkar, sadəcə "arxası" olduğu üçün işə götürülən şəxsdən hansı böyük faydanı gözləmək olar? Öz ixtisası üzrə işləməyən və ya bacarığı çatmayan işçi həm vaxt, həm də resurs itkisidir.
   İnkişaf etmiş ölkələrdə təhsil və biznes dünyası bir-birinə qızıl zəncirlə bağlıdır. Məsələn, Almaniya, İsveçrə və Avstriyada tətbiq edilən "Dual Təhsil Sistemi" (Dual System) bu problemin ən mükəmməl həllidir.
  Bu sistemdə gənc universitetə və ya kollecə daxil olduğu gündən etibarən bir şirkətlə müqavilə bağlayır. Həftənin 2 gününü nəzəriyyə oxuyursa, 3 gününü birbaşa zavodda, fabrikdə və ya ofisdə işləyir. Şirkət həmin tələbənin təhsil haqqını ödəyir, ona təqaüd verir və ən əsası — adi bir fəhlə kimi başlayan gənci öz vəsaiti hesabına oxudub mühəndis səviyyəsinə çatdırır.
Şirkətin qazancı nədir?
Universitetin verdiyi mücərrəd bilikləri deyil, məhz öz müəssisəsinə lazım olan praktiki bacarıqları öyrədir.
Hazır, sadiq və sistemə tam bələd olan sanballı mütəxəssis qazanır.
Kadr axtarışına əlavə vaxt və pul xərcləmir.
   Bunu bizim Öökədə də tətbiq etmək olar, bu artıq seçim deyil, məcburiyyətdir. Bunun üçün dövlət və özəl sektor arasında yeni bir format yaradılmalıdır:
 Dövlət tələbələrin təhsilini maliyyələşdirən və onları işlə təmin edən şirkətlərə ciddi vergi güzəştləri tətbiq etməlidir.
Ali məktəblər biznes subyektləri ilə birbaşa müqavilələr bağlamalı, IV kursda dərslər minimuma endirilməli, tələbələr tam iş gününə buraxılmalıdır.: Əmək Siyahısı (Vakansiyalar monitoringi) aparılmalı, 5 il sonra hansı sahədə işçi qıtlığı olacaqsa, yalnız o sahələrə qəbul yerləri artırılmalı, artıq doymuş sahələrdə isə yerlər kəskin azaldılmalıdır.
   Çünki, mağaza piştaxtaları arxasında gününü keçirən, diplomu evdə sandıqda qalan hər bir ali təhsilli gənc bu cəmiyyətin ortaq ağrısıdır. Biz gənclərimizə sadəcə "diplom" yox, yaşamaq və qurmaq ümidi verməliyik. Təhsil sistemini biznesin real tələblərinə uyğunlaşdırmasaq və inkişaf etmiş ölkələrin korporativ təhsil modelini gətirməsək, hər il eyni faciəni yenidən yaşayacağıq: valideynlərin boşa gedən pulları, gənclərin qırılan xəyalları və yerində sayan bir iqtisadiyyat.
    Arzu  Tofiqqızı
     Sedanews.Az










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA