Təbiətin cavab atəşi: Müharibələr, rekord istilər və Dünyanı ağuşuna alan İqlim xaosu

İyul ayı gələr-gəlməz qlobal temperatur göstəriciləri yenidən qorxulu həddə çatıb. Bu gün sadəcə bizim regionda deyil, mülayim iqlimi ilə tanınan Avropanın mərkəzində – Almaniya və Fransada kimi ölkələrdə belə termometrlər rekord dərəcələr göstərir. Bir tərəfdə can alan istilər hökm sürərkən, digər tərəfdə dünyanın fərqli nöqtələrini sel və daşqınlar ağuşuna alır. Bəs əslində dünyada nə baş verir? Niyə iqlim bu qədər aqressivləşib? Bu fəlakətdə bəşəriyyətin daxili münaqişələrinin və müharibələrin rolu nədir?
Beynəlxalq elmi hesabatlara və mütəxəssislərin rəylərinə əsaslanaraq qlobal iqlim böhranının pərdəarxasını təqdim edirik Avropa niyə "Yanır"? — Elmi faktlar nə deyir? Dünya Meteorologiya Təşkilatının (WMO) və Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin son hesabatları qorxulu mənzərəni ortaya qoyur: son illər bəşəriyyət tarixinin ən isti dövrü olaraq qeydə alınıb. Avropada yay mövsümləri artıq dözülməz həddə çatıb. Almaniya, Fransa, İspaniya kimi ölkələrdə temperaturun normadan 3-4 dərəcə yüksək olması, meşə yanğınlarını və minlərlə insanın vaxtından əvvəl ölümünü tətikləyir. Atmosfer daxilində temperatur artdıqca, hava daha çox rütubət saxlayır (hər 1 dərəcə istilik artımı havadakı rütubəti təxminən 7% artırır). Bu isə bəzi bölgələrdə quraqlığa, həmin rütubətin qəfildən boşaldığı digər bölgələrdə isə katastrofik sel daşqınlarına yol açır. Müharibələrin iqlimə "Gizli" və dağıdıcı təsiri də az deyil. Çox vaxt qlobal istiləşmədən danışarkən ağla yalnız zavodlar və avtomobillər gəlir. Lakin hərbi ekspertlərin və ekoloqların araşdırmaları göstərir ki, müharibələr planetin ekoloji sistemini ən sürətli şəkildə məhv edən amildir. Tədqiqatlara görə, qlobal hərbi sənaye və ordular dünyadakı istixana qazı emissiyalarının təxminən 5.5%-nə cavabdehdir. Bu, dünyadakı bütün mülki aviasiya və gəmiçilik sahəsinin birlikdə yaratdığı tullantıdan daha çoxdur. Məsələn, Ukrayna-Rusiya müharibəsinin ilk üç ilində havaya buraxılan CO₂ ekvivalenti təxminən 230 milyon ton olub ki, bu da Avropanın bir neçə kiçik ölkəsinin illik cəmi tullantısına bərabərdir. Hərbi təyyarələrin, tankların işlətdiyi yanacaqlar və partlayan bombalar atmosferin ozon qatını sürətlə sıradan çıxarır. Paris İqlim Sazişində hərbi emissiyaların qeydiyyatı könüllü olduğu üçün dövlətlər müharibə zamanı havaya buraxdıqları zəhərli qazları gizlədirlər. Lakin təbiət bu statistikanı gizlətmir – cavabını istilik və fəlakətlərlə verir.
Alimlərin Proqnozları Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) xəbərdarlıq edir: əgər qlobal temperatur artımı sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1.5°C limitini keçərsə, geri dönüşü olmayan nöqtəyə çatacağıq. Yaxın onilliklərdə bəzi ekvatorial və Yaxın Şərq ölkələrində yaşayış tamamilə qeyri-mümkün olacaq. Bu isə Avropaya və digər mülayim zonalara milyardlarla insanın köç etməsinə — yeni qlobal humanitar böhranlara səbəb olacaq.
Aşırı istilər və gözlənilməz sel fəlakətləri qlobal qida təhlükəsizliyini sarsıdır. Bu gün su qıtlığı çəkən ölkələrin sayı durmadan artır. Okean sularının isinməsi qasırğaların və tayfunların gücünü artırır. Bir tərəfdə meşələr küfə dönərkən, digər tərəfdə çayların məcrasından çıxması artıq qaçılmaz xarakter alır.
İqlimşünas alimlərin ortaq rəyi birdir: Təbiət sərhəd tanımır. Atılan hər bir bomba, yandırılan hər ton neft dünyanın harasında olmasından asılı olmayaraq hamımızın gələcəyini yandırır. İnsanlıq bir-biri ilə döyüşməyi dayandırıb, planetin xilası üçün birləşməlidir. Əks halda, qalibi olmayan bu ekoloji müharibədə uduzan tərəf elə bəşəriyyətin özü olacaq.
Sevinc Salehqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: