sedanews.az
sedanews.az

Suqovuşanın fatihi- Şəhid Vüqar Bahadurzadə

Bugün, 12:08


  Şəhid Vüqar Məmməd oğlu Bahadurzadə 22 iyul 1993-cü ildə Yevlax rayonunun Malbinəsi kəndində zəhmətkeş bir ailədə anadan olub. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra, 2011–2013-cü illərdə həqiqi hərbi xidmət keçib. Daxilindəki hərb sənətinə olan böyük sevgi və vətənpərvərlik hissi onu yenidən ordu sıralarına bağlayıb. O, xüsusi hərbi kursları müvəffəqiyyətlə bitirərək 2014–2017-ci illərdə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. 
  Atasının vəfatından sonra anasını tək qoymamaq üçün bir müddət kəndə qayıtsa da, Vətən sevgisi üstün gəlmiş və 2018-ci ilin sentyabrında yenidən ordu sıralarına, öz şərəfli vəzifəsinə geri dönmüşdür. O, kiçik çavuş rütbəsinə qədər yüksəlmişdi. Ailəli idi, arxasında xalqına və dövlətinə əmanət qoyduğu, onun adını yaşadacaq bir oğlu və bir qızı yadigar qalıb. 
   27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan ilk dəqiqələrdən etibarən kiçik çavuş Vüqar Bahadurzadə ön xəttin ən önəmli nöqtələrində düşmənə qarşı savaşıb. O, strateji baxımdan alınmaz qala hesab olunan Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak edib.     Düşmənin illərlə möhkəmləndirdiyi beton istehkamlarının dağıdılmasında və hücum xətlərinin darmadağın edilməsində misilsiz rəşadət nümayiş etdirib. 
   Yoldaşları arasında qorxmazlığı ilə seçilən Vüqar, 15 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsinin tam nəzarətə götürülməsi və müdafiəsinin təşkili zamanı düşmənin qəfil əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun nəşi doğma Yevlax şəhərinin Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla torpağa tapşırılıb. 
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən igidlik və mərdlik göstərdiyinə görə Ali Baş Komandan tərəfindən ölümündən sonra yüksək dövlət mükafatlarına layiq görülmüşdür: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,"Vətən uğrunda" medalı,"İgidliyə görə" medalı,"Suqovuşanın azad olunmasına görə" medalı.
  Allah rəhmət eləsin! Ruhun şad olsun unudulmaz Şəhidim!








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA