Prezident yarımstansiyanın açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.
sedanevs.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi.
Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.
İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.
Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.
Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.
Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.
Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.
bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.
Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: