26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
XIX əsrin əvvəllərində müstəqilliyini itirmiş Azərbaycan, nəhayət ki, 1918-ci ilin 28 may tarixində öz müstəqilliyinə qovuşdu. Belə ki, bu tarixdə Tiflisdə AXC elan olundu, milli dövlətçiliyimiz yenidən bərpa edildi. Milli dövlətimiz və hökumətimiz yaşadığı çox qısa bir dövrdə - 23 ayda bir çox sosial-iqtisadi, siyasi, mədəni, hərbi islahatlar həyata keçirdi. Bu işlərdən də biri milli ordumuzun yaradılması idi. 26 iyun 1918-ci ildə AXC-nin II hökumət kabineti Azərbaycan Əlahiddə Korpusunun yaradılması haqqında qərar qəbul etdi. Qısa vaxt ərzində peşəkar ordunun yaradılmasına başlanıldı.
1 noyabr 1918-ci ildə isə Hərbi Nazirlik yaradıldı. 26 dekabr 1918-ci ildə general S.Mehmandarov hərbi nazir, general Ə.Şıxlınski isə onun müavini təyin olundu. Orduda milliləşmə aparıldı. Belə ki, salamlaşma, əmrlər Azərbaycan dilində aparılmağa başlandı, ordunun şəxsi heyəti üçün milli hərbi formalar hazırlandı.
Azərbaycan Milli Ordusunun ilk sınağı 27 iyun - 1 iyul 1918-ci ildə Bakı XKS-nin erməni-ruslardan ibarət olan ordusu ilə oldu və ordumuz qələbə qazandı. 15 sentyabrda isə Bakı azad edildi. Azərbaycan ordusu Qarabağda separatçılıqla məşğul olan erməni qüvvələrini də Əsgəran döyüşündə məğlub etdi.
1919-cu ildə artıq AXC 40 minlik nizami orduya malik idi. Ordumuzda S.Sulkeviç, Məmməd Mirzə Qacar, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov kimi məşhur generallar var idi. Lakin 28 aprel 1920-ci ildə Sovet Rusiyası AXC-nin varlığına son qoydu. Sovet hakimiyyəti dövründə də Azərbaycan hərbçiləri öz qəhrəmanlıqlarını göstərmişlər. II Dünya Müharibəsi zamanı azərbaycanlı döyüşçülər Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş və çoxlu orden, medallarla təltif edilmiş, fəxri adlar almışlar.
1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçilik tarixində yeni və parlaq bir səhifə açıldı. Heydər Əliyev siyasətinin ən vacib məqamlarından biri də respublikada milli hərbi kadrların hazırlanması idi. Bu məqsədlə də 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəb yaradıldı. Onlarla azərbaycanlı gənc keçmiş SSRİ-nin ali hərbi məktəblərinə təhsil almağa göndərildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə yenidən qayıdışından sonra o vaxtadək ordudakı siyasiləşməyə, qruplaşmalara, uğursuzluqlara son qoyuldu. Davamlı və məqsədyönlü ordu quruculuğu həyata keçirildi. Bunun nəticəsi kimi 1994-cü ilin yanvarında ordumuz uğurlu Horadiz əməliyyatını həyata keçirdi və bir sıra torpaqlarımız işğaldan azad edildi.
2016-cı ilin aprel döyüşləri isə ordumuzun gücünü hamıya sübut etdi. Bu qələbənin ardınca 2018-ci ilin mayında Naxçıvanda uğurlu Günnüt-Ağbulaq əməliyyatı həyata keçirildi. 2020-ci ilin iyulunda isə Tovuz döyüşləri ordumuzun düşmənə layiqli cavab vermək zərurətini ortaya qoydu. Nəhayət, 27 sentyabr-10 noyabr 2020-ci il tarixində ordumuzun “Dəmir yumruq” adı altında apardığı Vətən müharibəsi düşmənin darmadağın edilməsi ilə nəticələndi. Cəmi 44 günə ordumuz düşmənin bütün müdafiə istehkamlarını, hərbi texnikasını və canlı qüvvəsini məhv etdi.
Bu gün artıq Azərbaycan fəxr edə bilər ki, onun güclü ordusu var. Artıq Azərbaycan dünya hərb tarixində öz yeri olan azsaylı dövlətlərdəndir. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, müzəffər sərkərdə İlham Əliyevin yeritdiyi düzgün və məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Bundan sonra artıq heç bir kənar qüvvə Azərbaycanla hərbi formada danışmağa cürət edə bilməz, çünki rəşadətli ordumuz bu qüvvələrə öz layiqli yerini qısa vaxtda göstərəcəkdir.
Bakı şəhəri Suraxanı rayonu
281 nömrəli tam orta məktəbin
müəllimi Mərziyə Əliyeva