sedanews.az
sedanews.az

104 illik şərəfli yol gələn Müzəffər Azərbaycan Ordusu, bayramın mübarək!

27-06-2022, 09:25 298 dəfə baxılıb

    1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti öncə ordu quruculuğuna başladi. Çünki ordu və donanma yaratmadan dövlət müstəqilliyinə nail olmaq mümkün deyildi. Hökumət tərəfindən də 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Ölkədə səfərbərlik elan edildi, hərbi qulluğa çağırış başladı və nəhayət 1918-ci il noyabrın 1-də isə Hərbi nazirlik yaradıldı. O illərdə hərbi nazir Səməd bəy Mehmandarov, müavini Əliağa Şıxlinski tərəfindən də ordu sahəsində yeni uğurlar əldə olundu.             Həqiqətən də, 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusu yaradılması tarixi hadisə idi. Məhz həmin ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etmişdir.
    Qeyd edim ki, 1969-cu ildə görkəmli dövlət xadimi, böyük siyasətçi, Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərməklə, respublikamızda tərəqqiyə, elmin, təhsilin yüksəldilməsinə və azərbaycanlı hərbiçi kadrların artırılmasına nail olmaq üçün düşünülmüş siyasət yeritməyə nail olmuşdu. Ümummilli lider Heydər Əliyevin C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratması, eləcə də azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasında xidmətləri də böyükdür. Sonradan Birinci Qarabağ müharibəsində də yenicə yaranan ordunun əsgər və zabit heyətini həmin hərbiçi gənclərimiz təşkil etmiş, onlar da Azərbaycanın ərazi bütövlüyünü qəhrəmancasına qorumuşdur.            Ulu Öndər Heydər Əliyev həmişə ordu quruculuğuna həssaslıqla yanaşır, böyük diqqət yetirirdi. 1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi ilə bağlı imzaladığı fərmanlar bunu bir daha sübut edir.                    Təsadüfi deyil ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Azərbaycan NATO ilə bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Prezident İlham Əliyev ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”. Hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da böyük fəxarətdir!    Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də  əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə də imza atdı. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edildi.                             Bəli, Azərbaycan Ordusunun qalibiyyətini, böyük Zəfər sevincini Ali Baş Komandan İlham Əliyev bütün dünyaya 44 günlük Vətən müharibəsində bir daha bəyan etdi. Erməni faşistlərinə qarşı döyüşən Müzəffər Azərbaycan Ordusunun oğulları sözün həqiqi mənasında əsl tarix yazdılar. Analarından böyük əxlaq tərbiyəsi alan oğullarımız ölümün gözünə dik baxaraq, canlarını Vətən yolunda, el yolunda da sipər etdilər. Onlardan biri də Füzuli, Cəbrayıl, Xocavən uğrunda döyüşlərdə iştirak edən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan oğlum Əlihüseyn Məmmədovdur. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun əsgərlərindən biri olan oğlum Əlihüseyn mənfur düşmənə qarşı son damla qanına qədər döyüşmüşdü. Mən də fəxr edirəm ki, erməni faşistləri ilə təkbətək döyüşdə əsl kişi kimi vuruşaraq, düşməni məhv etməyi bacaran Azərbaycan əsgərinin – şəhid Əlihüseyn Məmmədovun anasıyam! İndi biz analar çox arxayınıq ki, 104 illik şərəfli yol gələn Müzəffər Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.Tanrı Aszərbaycanı, onun sərhədlərində mətin dayanan Müzəffər Azərbaycan Ordusunu qorusun!

Suraxanı rayonu, 226 nömrəli 
tam orta məltəbin direktoru 
Arzu Məmmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA