Zakir Həsənov xüsusi təyinatlılarla görüşdü - FOTO
Aprelin 30-da Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26-cı ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən mərasimdə iştirak edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb.
44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.