Yağış yox, məsuliyyətsizlik şəhəri iflic edir – Bakı və ətraf qəsəbələr nə vaxta qədər eyni mənzərəni yaşayacaq?

Yenə yağış yağdı. Ümid gətirən, torpağa bərəkət verən yağış bu dəfə də Abşeron yarımadasında minlərlə sakinin narahatlığına çevrildi. Küçələr gölə döndü, avtomobillər hərəkətsiz qaldı, piyadalar evlərinə çata bilmədi. Sanki bir neçə saatlıq yağıntı bütöv şəhərin həyatını iflic etdi.
Ən acınacaqlısı isə odur ki, bu mənzərə artıq heç kimi təəccübləndirmir. Hər dəfə yağış yağanda eyni problemlər, eyni görüntülər və eyni şikayətlər təkrarlanır.
Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində, "Zeynəb" ticarət mərkəzinin yerləşdiyi ərazi artıq kiçik gölü xatırladır. Nəqliyyatın hərəkəti çətinləşir, insanlar suyun içindən keçməyə məcbur qalırlar. Heydər Əliyev küçəsinin bir çox hissəsində də vəziyyət ürəkaçan deyil. Digər küçələrdə də oxşar mənzərə müşahidə olunur.
Ən düşündürücü məqam isə kanalizasiya və drenaj sistemlərinin öz funksiyasını yerinə yetirməməsidir. Yağış sularını qəbul etməli olan drenajlar əksinə, suyu küçələrə qaytarır. Belə olan halda vətəndaş haqlı olaraq soruşur: quru hava şəraitində bu sistemlər niyə vaxtında təmizlənmir və təmir olunmur?
Sakinlər dəfələrlə aidiyyəti qurumların qaynar xətlərinə müraciət etdiklərini bildirirlər. Müraciətlər qeydə alınır, lakin onların sözlərinə görə, bir çox hallarda problem uzun müddət həllini tapmır. Vətəndaşın gözlədiyi təkcə müraciətin qeydiyyata alınması deyil, real nəticədir.
Dövlət-vətəndaş münasibətlərinin əsas dayaqlarından biri insanların gündəlik problemlərinin operativ həllidir. Sadə görünən, lakin insanların həyatına birbaşa təsir edən bu cür məsələlərin uzun müddət davam etməsi cəmiyyətdə narazılıq yaradır. Halbuki vaxtında görülən profilaktik işlər həm büdcə vəsaitinə qənaət edər, həm də minlərlə insanı əziyyətdən xilas edər.
Yağış təbiət hadisəsidir və onun qarşısını almaq mümkün deyil. Ancaq yağışın fəlakətə çevrilməsinin qarşısını almaq məsul qurumların və şəhər infrastrukturunun üzərinə düşən vəzifədir.
Bu gün insanlar sadəcə bir sual verir: Nə vaxta qədər hər yağışdan sonra Bakı küçələri gölə çevriləcək? Nə vaxta qədər vətəndaş eyni problemlə üz-üzə qalacaq? Ümid edək ki, bu suallar növbəti yağışa qədər cavabsız qalmayacaq. Çünki vətəndaşın gözlədiyi bəhanə deyil, real iş və görünən nəticədir.
Arzu Tofiqqızı
Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: