sedanews.az
sedanews.az

Azərbaycan Regionda Iqtisadi Layihələrə Təkan Verən Ölkədir “Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır” Prezident İlham Əliyev

26-05-2021, 12:24 424 dəfə baxılıb

Azərbaycan Regionda Iqtisadi Layihələrə Təkan Verən Ölkədir

 “Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır”

Prezident İlham Əliyev


Özünün zəngin karbohidrogen resurslarını mühüm və etibarlı beynəlxalq əməkdaşlıq predmetinə çevirərək özünün və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edən Azərbaycan geniş tranzit imkanlarından da yararlanaraq regionda ən müxtəlif iqtisadi layihələrə təkan verən əsas ölkədir.

1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini havadarlarının köməyi ilə işğal edən və buna görə də özünü qalib zənn edən Ermənistan əslində uduzduğunun fərqində deyildi. Münaqişə başlanan vaxtdan Ermənistanla Azərbaycan arasında sərhədlər bağlandı. Türkiyə işğalçı ölkə ilə hava və quru əlaqələrini kəsdi, 1993-cü ildə öz ərazisindən Ermənistana humanitar yardımın keçməsinə icazə vermədi. Beləcə, Ermənistanın dünyaya çıxışı üçün yalnız iki yol qaldı: şimaldan Gürcüstan, cənubdan isə İran vasitəsilə. Lakin bu yollar beynəlxalq transmilli layihələrin reallaşdırılması, regional iqtisadi əməkdaşlığın inkişafı baxımından qənaətbəxş deyildi. Ermənistanın dörd qonşusu ilə olan 1,500 km-lik quru sərhədinin cəmi 250 km-i transmilli əlaqələr üçün açıq idi. 

Əslində məntiqlə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqdan yararlanaraq özlərinin enerji təhlükəsizliyini təmin edən dövlətlər də regionda sabitliyi dəstəkləməli idilər. Lakin bir-biri ilə münasibəti heç də ürəkaçan olmayan bəzi ölkələrin bölgədə maraqlarının toqquşması konfliktin uzanmasına gətirib çıxarmışdır. Minsk qurpunun həmsədr ölkələrinin hər biri münaqişəyə öz maraqları prizmasından yanaşaraq məsələnin həllində hər hansı irəliləyiş əldə edə bilmədilər. Bu da arabanı hərəsi bir tərəfə çəkən xərçəng, balıq və ördəyi xatırladırdı.

Həqiqət isə budur ki, əgər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin cəsarətli və qətiyyətli mövqeyinin nəticəsində torpaqlarımızı işğaldan azad etməsəydi, bu münaqişə hələ uzun illər həll olunmamış qalacaqdı. Azərbaycanın 44 günlük müharibədəki qələbəsi siyasi arenada aralarında müəyyən soyuqluq müşahidə olunan ölkələrin məhz bu mövzuda yaxınlaşmasına səbəb oldu. Buna Türkiyə-Rusiya, Rusiya-ABŞ və digərlərini misal göstərmək olar. 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Cənubi Qafqazda tək bölgə ölkələrinin deyil, eləcə də regionun təbii sərvətlərini və strateji geosiyasi və geoiqtisadi əhəmiyyətini nəzərə alaraq Azərbaycanla iqtisadi layihələr həyata keçirmək istəyən digər ölkələrin də əməkdaşlığına və inteqrasiya mühitinin formalaşmasına imkan yaratdı. 

Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasətinin təməli olan “Əsrin müqaviləsi”ndən başlanan yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirən Azərbaycan ən mühüm enerji layihələrində öz sözünü deyir, beynəlxalq miqyasda iqtisadi və siyasi çəkisini artırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəal dəstəkçisi və iştirakçısıdır, beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası isə regionun bütün ölkələrini bir-biri əlaqələndirən və bölgənin geniş iqtisadi potensialından tam yararlanmağa imkan verən yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır. Artıq işğaldan azad olunmuş ərazilərdə Türkiyə, İsrail, İtaliya başda olmaqla dost və tərəfdaş ölkələrin şirkətlərinin iştirakı ilə nəhəng infrastruktur layihələrinin - yolların, hava limanlarının tikintisinə, su elektrik stansiyalarının bərpasına və yenilərinin qurulmasına, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Həmçinin, daha böyük layihələr nəzərdə tutulur. 

Əgər erməni “liderləri” ucuz şöhrət dalınca qaçaraq revanşist şüarlarından əl çəkməsələr, əvvəlki kimi bölgədə həyata keçən bütün layihələrdən kənarda qalacaq, əvəzində isə erməni xalqı əziyyət çəkəcək, kasıb və hərcmərcliyin baş alıb getdiyi ölkəni tərk edənlər daha da çoxalacaq. Nəticədə Ermənistan faktiki olaraq bir dövlət kimi real mövcudluğunu itirəcək. Ermənistandan fərqli olaraq, Azərbaycan keçmişlə yox, gələcəklə yaşayır. Vəziyyətlə barışmaq istəməyən aqressiv erməni lobbisinin, Ermənistandakı revanşist qüvvələrin və onlara havadarlıq edən xarici dairələrin səylərindən asılı olmayaraq Azərbaycan azad edilmiş ərazilərlə bağlı qarşıya qoyduğu bütün hədəflərə nail olacaqdır.

Bununla da Azərbaycan yaxın aylaradək münaqişə, müharibə zonası olan Qarabağı sülh, əməkdaşlıq, yüksək texnologiyalar bölgəsinə çevirəcəkdir. Əminliklə deyə bilərik ki, yaxın bir neçə ildən sonra “Qarabağ” termini beynəlxalq ictimai-siyasi şüurda öz məzmununu, imicini tamamilə dəyişərək, maddi-mənəvi zənginliyi ilə seçilən bu tarixi bölgəmiz dostluq, multikulturalizm, mədəniyyət, inkişaf və rifahla assosiasiya olunacaqdır.


Güllü Yoloğlu

Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru,







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA