
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında qaçqınların və məcburi köçkünlərin statusu, mənzil təminatı və sosial müdafiəsi ilə bağlı qanunvericiliyə təklif edilən köklü dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara və Mənzil Məcəlləsinə edilən düzəlişlər Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsində yeni mərhələnin əsasını qoyur.
Qəbul edilən yeni dəyişikliklərə əsasən, məcburi köçkün statusunun saxlanılması və ya ləğvi birbaşa mənzil təminatı ilə əlaqələndirilir. Layihəyə görə, işğaldan azad edilmiş ərazilərdə müəyyən olunmuş ölçülərə uyğun olaraq yeni yaşayış sahəsi ilə təmin edilən şəxslərin mülkiyyət hüququ bərpa olunmuş sayılır. Bu andan etibarən həmin vətəndaşlar məcburi köçkün statusunu itirirlər.
Hüquqi tənzimləmədə digər mühüm məqam isə dövlət tərəfindən təklif edilən qanuni mənzillərdən imtina halları ilə bağlıdır. Əgər şəxs öz doğma yurdunda onun üçün tikilmiş və qanunvericiliyin tələblərinə cavab verən yaşayış sahəsini qəbul etməkdən imtina edərsə, onun da məcburi köçkün statusu ləğv olunacaq. Bununla da, dövlətin vətəndaş qarşısındakı mənzil təminatı öhdəliyi müvafiq mənzilin sadəcə təklif edilməsi ilə icra olunmuş hesab ediləcək.
Dəyişikliklər məcburi köçkünlər üçün nəzərdə tutulan sosial paketlərin müddətinə də aydınlıq gətirir. Mövcud qanunvericilikdə əksini tapan 3 illik sosial dəstək və güzəştlər (o cümlədən aylıq müavinətlər) şəxsin statusunu itirdiyi və ya təklif edilən mənzildən imtina etdiyi tarixdən etibarən hesablanmağa başlayacaq.
Təhsil sahəsindəki güzəştlər isə daha uzunmüddətli xarakter daşıyacaq. Belə ki, keçmiş məcburi köçkün ailələrinin övladları ali məktəbə daxil olarkən dövlət hesabına təhsil almaq hüququ qazanıblarsa, ailənin mənzil almasından 3 il keçsə belə, bu güzəşt qüvvədə qalacaq və tələbənin bütün təhsil müddətini əhatə edəcək.
Qayıdış prosesinin mənzil-məişət tərəfini sistemləşdirmək məqsədilə Mənzil Məcəlləsinə mühüm əlavə edilib. Ölkənin xüsusi təyinatlı mənzil fondunun tərkibində “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaradılır. Bu fonda daxil olan mənzillər məhz məcburi köçkünlərin köçürülməsi, yerləşdirilməsi və mülkiyyətin onlara qanuni şəkildə verilməsi üçün xidmət edəcək.
Parlament tərəfindən qəbul edilən bu dəyişikliklər işğaldan azad olunmuş şəhər və kəndlərin tezliklə canlanmasına, daxili miqrasiya proseslərinin şəffaf və ədalətli idarə olunmasına hüquqi zəmin yaradır.
Sevinc Salehqızı
Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.