"SSRİ hesabı" açıldı - Revanş Rusiya üçün BƏRBAD BİTƏ BİLƏR
Qazaxıstanda qazın qiymətinin bahalaşması bəzi qüvvələr üçün əsl göydəndüşmə oldu. Baş verən proseslərə nəzər salarkən bunu anlamaq elə də çətin deyil. Küçələrə axışaraq bahalaşmanı bəhanə gətirərək etirazlarını polis maşınlarını yandıraraq, insanlara hücum edərək bildirmək nə qədər gözlənilməz idisə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu iğtişaşları yatırmaq məqsədilə üzvü olduğu KTMT-dən dəstək istəməsi bir o qədər ikrah doğuran məsələyə döndü. Bununla da Rusiya ordusunun Qazaxıstana daxil olmasını dolayısı ilə təmin edən Tokayevin bu qərarı atılan sonuncu absurd addım olmadı. O, artıq iki gündür qərar verib ki, etirazçılara heç bir xəbərdarlıqsız atəş açılsın, zərərsizləşdirilsinlər.Nəzərə alsaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi qazax xalqına silah tutan, atəş açanlar arasında erməni hərbçiləri də var, o zaman bu hadisələrin Qazaxıstanda hansı yaralar açacağını düşünmək çətin deyil. Cəmi 1 ildən bir az artıq müddət əvvəl 44 günlük müharibə nəticəsində ağır məğlubiyyət alan, ordusu tamamilə məhv edilən bir ölkənin ordusunun idarə etdiyi respublikadakı sabitliyin bərqərar edilməsi məqsədilə dəvət edilməsi və xalqını namərd gülləsinə hədəf etməsi bir dövlət üçün ən absurd qərar ola bilərdi ki, bu gün Qazaxıstanda bu hadisələrin şahidi oluruq.
Nəzərə alsaq ki, KTMT-nin nizamnaməsinin 4-cü maddəsinə əsasən üzv dövlətlərdən birinə kənardan hər hansı bir təcavüz olarsa, onlar kollektiv müdafiə hüququna malikdirlər. Amma iş orasındadır ki, Qazaxıstanda heç bir xarici müdaxilədən söhbət gedə bilməzdi. Heç bir xarici müdaxilənin olmadığı halda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana böyük kontingentlə daxil olmasının hüquqi əsası yoxdur.
Bəs bu qədər dinc insanı qırğına vermək kimin planıdır?Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qazaxıstandakı çevrilişin səbəbləri ilə bağlı ilk dəqiqələrdən etdiyi açıqlamalara diqqət yetirdikdə hadisələrin haradan və hansı məqsədlə qaynaqlandığını müəyyənləşdirmək mümkün olur: "Qazaxıstanın latın əlifbasına keçməsi və türk millətçiliyinə dəstək verməsi nəticəsində bu hallar ortaya çıxdı. Dar düşüncəli millətçiliyi təşviq etmək və Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyan xarici dəstəyin nəticəsidir". Lavrovun bu açıqlaması imkan verir deyə bilək ki, Kreml 8 il əvvəl Krımı və Donbassı məhz "rusdilli əhalini qorumaq" adı altında ilhaq edərək Ukraynanı parçaladığı kimi, təəssüf ki, eyni ssenarini Qazaxıstanda təkrarlamağa çalışır.
Amma Ukraynadan fərqli olaraq sözügedən ssenarini Qazaxıstanda həyata keçirmək Kreml üçün daha rahat başa gələ bilər. Hər kəsə bəllidir ki, Ukraynanın Rusiyaya bağlı prezidenti Viktor Yanukoviç rus hərbçilərini ölkəsinə dəvət etməmişdi, bu, bəlkə heç onun ağlına da gəlməmişdi. Yanukoviçdən fərqli olaraq Tokayev Rusiya hərbçilərini özü ölkəsinə dəvət etməklə Kremlin işini yüngülləşdirdi desək yanılmarıq. KTMT-ni ölkəsinə dəvət etmək üçün "ekstremist", "terrorçu" adlandırdıqları təxribatçıların Qazaxıstanda rus mənşəli bir neçə şəxsə və yaxud "sülhməramlılara" qarşı hücumu kifayət edəcək ki, Kreml çoxdan arzuladığı Qazaxıstanda möhkəmlənmək, orada təxminən 30 il sonra bərqərar olmaq planını həyata keçirsin.
Bu işlərdə aksiyaların ilk dəqiqələrində Nikol Paşinyanın aktivliyi də heç nəzərdən qaçmadı. Hətta görünür Ermənistanda hər bir dövlət adamı bu məsələdə ilk dəfə eyni mövqedən çıxış edirlər: Rusiya Qazaxıstanı parçalasın. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini tərifləyərkən işlətdiyi ifadələr isə İrəvanın növbəti istək və arzularından xəbər verir: "Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər". Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: "Ümid edirik ki, oxşar durum yaranarsa təşkilat Ermənistana dəstək olacaq". Təhlükəsizlik Şurasının katibinin bu ifadəsi heç şübhəsiz ki, ikibaşlı cümlədir. Görünür, Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı Azərbaycandan qoruması üçün nəhayət praktiki addımlar atmaq üçün fürsət düşdüyünə işarə etmək, rusiyalı müttəfiqlərinə mesaj vermək istəyib.
Ancaq Azərbaycan diplomatiyasının uzaqgörən, ağıllı siyasəti Ermənistanın 44 günlük müharibə zamanı bu planlarını iflasa uğratmağı bacardı. Təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, "bu müharibə bizlik deyil" deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədiyini açıq şəkildə Nikol Paşinyan və komandasına bildirdilər. Çünki Azərbaycan zamanında və doğru şəkildə təşkilat üzvlərinə öz ərazilərini işğaldan azad etmək üçün müharibədən başqa yolunun olmadığını, işğalçını dəstəkləyəcək istənilən qüvvənin onlardan heç bir fərqinin olmadığı ilə bağlı yetəri qədər dövlət başçısı səviyyəsində xəbərdarlıqlar etmişdi. Hazırda Azərbaycan Ermənistanla sərhədini müəyənləşdirməyə çalışır ki, buna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. Ermənistan hakimiyyətini və cəmiyyətini o yandırır ki, təşkilat Qazaxıstan prezidenti Tokayevin kömək istəyinə dərhal müsbət reaksiya verdi, onların çağırışları isə qulaqardına vuruldu. Məsələ burasındadır ki, dəstək qərarı təşkilatlıq məsələ deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin hərbçilərinin Qazaxıstana göndərilməsi qərarı Kremldə verilib, o birilər isə bu qərarı yerinə yetirmək məcburiyyətində qalıblar.
Armen Qriqoryanın "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oxşar durumda Ermənistana dəstək ola bilər" ifadəsinin başqa mənası da var. Təşkilat Qazaxıstanı hansısa xarici hücumdan qorumur, yerli hakimiyyəti ona hücum edənlərdən qoruyur. Belə çıxır ki, bir gün Ermənistanın hazırki hökumətini və baş nazir Nikol Paşinyanı radikal müxalifət, o cümlədən "Qarabağ klanı" devirmək istəyərsə, Qriqoryanın məntiqinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların da köməyinə çatmalıdır. Ancaq bunun üçün Qazaxıstanda olduğu kimi banklara və dükanlara hücum edilməli, silahlı qarşıdurmalar qeydə alınmalıdır. Əslində yerli hakimiyyəti qorumaq üçün bəhanə tapmaq çətin məsələ deyil. Əgər Kreml Paşinyanın və hökumətin devrilməsində maraqlı olacaqsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yerindən tərpənməyəcək.
Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironovun da bu aralar aktivliyi xüsusilə sezilir. Yeni il günlərində Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonası hesab edilən ərazilərinə qanunsuz səfər edərək orada separatçı qalıqlarla görüşlər keçirməsi azmış kimi ardınca dərhal Qazaxıstandakı proseslərlə bağlı fikirləri də diqqət çəkməyə bilməzdi: "KTMT qüvvələri Qazaxıstanda ekstremizə qarşı müqavimət, habelə yerli rusdilli əhalinin müdafiəsi sisteminin formalaşması üçün baza ola bilər. KTMT qüvvələrini Qazaxıstanda daimi əsasda saxlamağı təklif edirlər. Bu, illər sonrasında sülhü və əmin-amanlığı təmin edər". Duma deputanın belə bir açıqlama ilə çıxış etməsi və nəzərə alsaq ki, o şəxs Kremlin birbaşa cəsarət edib dilinə gətirib deyə bilmədiyi anti-müsəlman, anti-türk çıxışları ilə tez-tez diqqət mərkəzinə düşən rus hökümətinin bir neçə təlxəyindən biri olan Mironovdur, o zaman Qazaxıstandakı hadisələrin başlamasından tutmuş KTMT qüvvələrinin ölkəyə daxil olmasına kimi hər bir addımın öncədən planlaşdırılmış ssenarinin tərkib hissəsi olduğuna növbəti dəfə şübhə yeri qalmır.
Hadisələrin gedişi deməyə əsas verir ki, Kreml ətrafdakı ölkələri zorla Rusiyanın "strateji müttəfiqinə" çevirmək niyyətindədir. Konkret desək "SSRİ-ni bərpa planı"na start verilib. Lakin "SSRİ-nin bərpa" əməliyyatının Kreml üçün bumeranq effekti olacağını Moskvanın hesablayıb hesablamadığını indidən demək çətindir. Çünki müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olduğu kimi, buna qarşı çıxan milli qüvvələr də mövcuddur. Bu sözügedən milli qüvvələr Rusiyanın vassalı olmaq niyyətində deyillər və onların sayı ölkələrində çoxluq təşkil edir. SSRİ-nin bərpası məsələsinin yeni libasda zühuruna çalışan Rusiya qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmayacağı təqdirdə şimal qonşumuz özü çox böyük suverenlik təhlükəsi ilə üz-üzə qala bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.