Qazaxıstandakı hadisələrin SİFARİŞÇİSİ - DETALLAR
2022-ci il dünya siyasi meydanında baş verən proseslər nəzərindən gözlənildiyindən də "sürpriz" hərəkətliliyi ilə yadda qaldı. Hər kəsin Şərqi Avropaya - Ukrayna ilə Rusiya sərhəddindəki gərginliyə başı qarışdığı vaxtda Mərkəzi Asiyanın dominant dövlətlərindən birinə çevrilməkdə olan Qazaxıstan bir anın içində qarışdı.
Səbəb kimi isə hökümətin qazın qiymətinin ikiqat artırılması qərarı göstərildi. Maye qazın dəyərinin 60 təngədən 120 təngəyə qaldırılmasına etiraz edən narazı kütlə küçələrə axışdı. Bir neçə saat ərzində ölkənin bütün iri şəhərlərində etirazlar başladı, sanki bir himə bənd idilər.
Hökümət etirazların qarşısını almaq üçün kommunikasiyanı kəsmək məqsədilə internet və mobil rabitə məhdudiyyətləri tətbiq etsə də narazı vətəndaşların sayı durmadan sürətlə artaraq ölkənin hər nöqtəsində böyük iğtişaşların yaranmasına gətirib çıxardı. Polislə toqquşmalarda xeyli sayda yaralı və ölən oldu. Etirazçılar tərəfindən onlarla polis, təcili yardım, yanğınsöndürən avtomobillərinə zərər vuruldu, yararsız hala salındılar.
Qazaxıstan prezidenti xalqa müraciət edərək bildirsədə ki, onların istəkləri dəyərləndiriləcək, bu vədlər belə öz nəticəsini vermədi, etirazların qarşısını almaq mümkün olmadı. Baxmayaraq ki, hökumət qazın qiymət artımını ləğv etdi, lakin aksiyalar dayanmaq əvəzinə etirazçılar tərəfindən siyasi tələblərin irəli sürüldüyünün şahidi olduq: Onlar hökümətin istefasını tələb etdiblər. Tələblərə uyğun olaraq Qazaxıstan höküməti istefa verdi, prezident müvvəqqəti hökümət formalaşdırdı. Ölkədə komendant rejimi tətbiq edilsə də indiyə kimi də aksiyalar ara vermir.
Bəs bütün bunlar qiymət artımına görəmi oldu?Hadisələrin gedişi göstərir ki, Qazaxıstan dövlətçiliyini zəiflətməyi qarşılarına məqsəd qoyan xaricdəki və daxildəki qruplar tərəfindən əvvəlcədən hazırlanmış təxribatlar plan üzrə işə düşdü. Görünən odur ki, Qazaxıstan hakimiyyətinin bəzi qərarları bir çox qlobal aktorların ssenarisinə zidd idi. Son illər ərzində Qazaxıstanda dövlətçiliyin inkişafı üçün atılan ciddi addımlar görünür ki, daxili və xarici müxtəlif qüvvələrin ürəyincə deyildi. Xüsusilə nəzərə alsaq ki, son 1 ildə Türkiyə ilə Qazaxıstan arasında müdafiə və digər sahələr üzrə əldə olunan razılıqlar, əməkdaşlıqlar, Türk Dövlətləri Təşkilatındakı aktivliyi nəzərə çarpan dərəcədə sezilirdi, bu, regionda aparıcı aktorları narahat edə bilərdi. Nəhayət, hazırkı prezident Qasım-Jomart Tokayev yeni il ərəfəsində ölkədə bütün reklam lövhələrin, yol nişanlarından tutmuş restoranlarda menyulara qədər qazax dilində yazılması ilə bağlı verdiyi qərar bardağı daşıran son damla oldu.
Dünyanın ilin əvvəllərində Rusiyanın 100 mindən çox qoşunu topladığı Ukrayna sərhəddində hücum planından, Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək bu iki ölkə arasındakı gərginlikdən danışdığı bir vaxtda Mərkəzi Asiyada (Qazaxıstanda) daşların yerindən oynaması heç də qiymət artımından doğan narazılığa bənzəmədi.
Tokayevin kütləvi etirazların yatırılmasına kömək üçün dərhal üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və müsbət cavab alması sanki bu hadisələrin çoxdan düşünülmüş ssenarisinin bir hissəsi olduğu ehtimallarını artırdı. Tokayevin qorxusu əsassız deyildi, o, hakimiyyəti qorumaq üçün bu vəziyyətdə Moskvadan yardım istədi. Ancaq bu yardım və hadisələrin bundan sonrakı inkişafı Qazaxıstan üçün yeni təhlükələr yaradacaqdı ki, artıq bu mərhələnin də başladığını deyə bilərik. Belə ki, qısa zaman içində KTMT sülhməramlı kontingentinin artıq Qazaxıstana daxil olması (Sülhməramlı kontingentin tərkibində Ermənistan, Belarus, Tacikistan, Qırğızıstan əsgərlərindən ibarət hərbi birlik - red.) və Rusiyanın Hava-Desant Bölmələrinin də Qazaxıstana daxil olan hərbi dəstələr arasında yer alması Moskvanın lap ürəyincə olan, onun ssenarisi ilə üst-üstə düşən proseslər idi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qazaxıstandakı çevrilişin səbəbi olaraq açıqladığı səbəb isə məsələnin əslində qiymət artımı ilə bağlı olmadığını təsdiqlədi: "Qazaxıstanın latın əlifbasına keçməsi və türk millətçiliyinə dəstək verməsi nəticəsində bu hallar ortaya çıxdı. Dar düşüncəli millətçiliyi təşviq etmək və Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyan xarici dəstəyin nəticəsidir". Əslində Rusiya XİN rəhbəri də bu bəyanatı ilə açıq şəkildə etirazların əsl səbəbini elan etmiş oldu. Artıq 2 ildir ki, Qazaxıstanın onlar tərəfindən yaradıldığını və bu torpaqlara iddia etdiklərini açıq - aşkar dilə gətirən həmin dairələr, məhz bu açıqlama ilə bu xoşagəlməz hadisələrin yaranmasına görə əsl məsuliyyəti kimin daşıdığını özləri də istəmədən bildirdilər. Yeni ilin ilk günündən başlayan etiraz aksiyaları haqqında həmin geosiyasi bucaqların mediasına nəzər yetirsək maraqlı mənzərə ilə üzləşərik: yanvarın 1-ə kimi Qazaxıstanda milli məsələnin qabardılması, "millətçilər"in qeyri - qazaxlara mümkün hücumları qarşılığında ordunun suveren dövlət Qazaxıstanın ərazisinə yeridilməsi və s. kimi fikirlər əgər sözdə narahat edən məsələ olaraq diqqətə çatıdrılırdısa, bu gün artıq praktiki olaraq bu məsələnin hansı hadisələrə qədər gətirib çıxardığını gördük.
Narazı da, zavallı da bəlliÇoxdandır keçmiş sovet ittifaqının qurulması ilə bağlı Moskvanın hazırlıqlara başladığı ilə bağlı deyilənlər görünür öz təsdiqini tapmaqdadır. Və bu istiqamətdə ilk addımın məhz Qazaxıstandan başlaması heç də təsadüfü bir seçim deyil. Qazaxıstan türk dünyasının vacib dövlətidir. Orada baş verənlər bir tərəfdən dövlətçiliyin zəifləməsi məqsədini güdürdüsə, digər yandan da Rusiyanın Qazaxıstanda hökmranlığının bərqərar edilməsi üçün Moskvadan çoxdan gözlənilən həmlə idi. Lakin Rusiya düşünüldüyündən də hiyləgər addımı ilə bütün dünyanı mat-məəttəl qoydu deyə bilərik. Ordusunun böyük hissəsini, hərbi texnikasını Ukrayna ilə sərhəddə yığaraq, müxtəlif informasiya platformalarında Rusiya-Ukrayna müharibəsi ilə bağlı tezislərin müzakirə edilməsinə şərait yaradacaq addımları ilə diqqət çəkdiyi bir vaxtda Qazaxıstanda belə bir olayın içinə atılması, oradakı hadisələrdə Moskvanın barmağının olduğunu göstərir.
Bununla Rusiya digər rəqiblərindən olan ABŞ-ın, Alyansının diqqətini Ukrayna mövzusuna yönəltməklə Qazaxıstan həmləsini gerçəkləşdirdi. Bu manevrlə Moskva kartını gizlətməklə ABŞ-ın prosesləri qabaqlayaraq haduisələrə müdaxilə imkanını sıfra endirməyi bacardı, ancaq eyni zamanda Ukrayna ilə bağlı məsələsini də gündəmdə qorudu.
Əslində hər şey təxribatçıların hərbçiləri hədəf alması, onların silahlanması ilə bağlı yayılan kadrlardan gün kimi aydın idi. Aydın görünürdü ki, bu, sosial - iqtisadi səbəblərdən doğan aksiyadan daha çox dövlətə qarşı ciddi təxribat məqsədi daşıyır. Məhz küçələrə axışan kütlənin bu addımları Qazaxıstana xarici orduları gətirdi ki, daxildəki və xaricdəki bir qrup qüvvələrin əsas məqsədi də bu idi. Bu gün faktiki olaraq Rusiya Qazaxıstanda peyda oldu.Aktauda etirazçıların bu dəqiqələrdə mitinqləri bitirdiklərini elan etməsi (Onlar bildirib ki, hökumət onların tələblərini yerinə yetirdi, Nazarbayev hakimiyyətdən getdi - red.) hadisələrin əsl sifarişçisinin kimliyinə bir daha müəyyən mənada aydınlıq gətirdi. Həqiqətənmi onların tələbləri tək Nazarbayevin hakimiyyətdən getməsi idi, yoxsa bu qədər haqq-hesab dolayısı ilə Rusiya qoşununun Qazaxıstana daxil olması üçün qurulmuş bir oyun idi?! Məhz KTMT və Rusiya hərbiçilərinin Qazaxıstana daxil olmasından sonra etirazçıların mitinqləri bitirdiklərini elan etmələri, bu suallara ən böyük cavab olduğunu düşünürəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.