sedanews.az
sedanews.az

Əməkdaşlığın səmərəliliyini artıran amil

25-04-2022, 09:22 360 dəfə baxılıb

                               


     “Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə”nin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi.
 İki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsini şərtləndirəcək çoxlu sənədlər imzalandı. Həmin sənədlərdən ən əsası “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” oldu. Prezident İlham Əliyev adı çəkilən bəyannamənin önəmini diqqətə çatdıraraq dedi: “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”.
      Azərbaycan və Qırğızıstan prezidentlərinin istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, eləcə də mətbuata bəyanatlarla çıxışlarında iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi bildirilib. Dövlət başçılarının nitqlərində, eyni zamanda, bu fəaliyyətin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Görüləcək işlər nəticəsində həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formada yeni müsbət nəticələrin gerçəkləşəcəyi diqqətə çatdırılıb. 
Şübhəsiz ki, bütün bunlar qarşılıqlı iqtisadi fəaliyyətin, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizliyi şərtləndirəcək.
Göründüyü kimi, Azərbaycan hökuməti ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. 
      Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. 
Görüşlərdə iki dövlət arasında investisiya layihələri ilə bağlı məsələlərin müzakirəsi zamanı nəqliyyat imkanlarının birləşdirilməsinin mümkünlüyü qeyd edildi. Dövlətimizin başçısı bununla bağlı mətbuata bəyanatında bildirdi: “Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”. 
     Qırğızıstan və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirmək barədə də fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə də nəzər salındı, bu sahədə böyük perspektivlərin mövcudluğu diqqətə çatdırıldı.
     Dövlətimizin başçısı daha sonra beynəlxalq sahədə Qırğızıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birilə həmfikir olduğunu, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və ECO çərçivəsində, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında bu ölkə tərəfindən dəstək göstərildiyini bildirdi.
     Səfərin yekunlarına əsasən əldə edilən razılaşmaların, imzalanan sənədlərdə nəzərdə tutulan məsələlərin reallaşması üçün konkret proqramın müəyyənləşdiriləcəyi və bunun üçün yaxın vaxtlarda hökümətlərarası komissiyanın iclasının keçiriləcəyi qərara alındı. 


                                                                        Suraxanı rayonu Qaraçuxur
                                                                    Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA