sedanews.az
sedanews.az

Kremldən qəti mövqe: İrəvan tamamən tək qalıb - Rosbalt

9-10-2020, 10:29 458 dəfə baxılıb

Kremldən qəti mövqe: İrəvan tamamən tək qalıb - Rosbalt




Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda yeni müharibə ilə əlaqədar Rusiya və İranın eyni gündə verdiyi bəyanatlardan sonra aşkar görünür ki, İrəvan Türkiyənin qəti dəstəyinə arxalanan Bakı ilə indiki hərbi qarşıdurmada siyasi və hərbi baxımdan tamamilə təcrid olunub.
Axar.az xəbər verir ki, bunu Rusiyanın “Rosbalt” federal analitik informasiya agentliyi yazır.
Agentlik xatırladır ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Bu təşkilatın Nizamnaməsinə əsasən həmin blokun üzvü olan ölkələrdən birinə hərbi hücum blokun digər üzvlərinə də hücum edilməsi və beləliklə, onların tərəfindən hərbi kömək deməkdir. Üstəlik, yeni müharibənin ilk günlərində kütləvi informasiya vasitələrində belə bir məlumat (yeri gəlmişkən, Tehran həmin məlumatı təkzib etdi) yayıldı ki, Rusiya İranın hava səması vasitəsilə Ermənistana MiQ-29 markalı 3 qırıcı təyyarə göndərib.
Hər şeydən görünür ki, Kreml Qarabağ məsələsində öz mövqeyini qəti müəyyən edib. RF Prezidenti Vladimir Putin oktyabrın 7-də “Rossiya” telekanalına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Beləliklə, Ermənistana kömək göstərməkdən imtina edilib.
Materialda qeyd edilir ki, Nikol Paşinyanın qondarma “dqr”in müstəqilliyini təsdiqləmək barədə təhdidi qaraqorxu ola bilər, lakin bu təhdid gerçəkləşərsə, NATO-nun ruhuna məlhəm olacaq və Rusiyaya güclü ziyan vuracaq.
Müəllif daha sonra yazır ki, yaxın vaxtlara qədər Ermənistanın baş naziri Nikol Paşinyan İranın da dəstəyinə müəyyən dərəcədə ümid bəsləyirdi. Son illərdə İranla İrəvan arasında kifayət qədər sıx ticari-iqtisadi əlaqələr və mehriban qonşuluq münasibətləri yaranıb. Lakin Putin Qarabağ məsələsində Kremlin mövqeyini bəyan etməsi ilə demək olar ki, eyni vaxtda İran da İslam Respublikasının xarici siyasət məsələləri üzrə ruhani liderinin köməkçisi Əli Vilayətinin vasitəsilə eyni hərəkəti edib. Vilayəti bəyan edib ki, Ermənistan “Dağlıq Qarabağın ərazisini Azərbaycana qaytarmalıdır”.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, İran problemləri üzrə ekspert Vladimir Sajinin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Tehranın mövqeyinin bu cür kəskin dəyişməsi onunla bağlıdır ki, əvvələn İranda 18 milyondan 25 milyona qədər etnik azərbaycanlı yaşayır. Bu, 82 milyon əhalisi olan ölkənin sakinlərinin təqribən dörddəbir hissəsi deməkdir. İkincisi, İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei də milliyyətcə azərbaycanlıdır.
Bu mənzərəni tamamlayan daha bir mühüm məqam var. Ermənistana dost ölkə olan Gürcüstan bu günlərdə bəyan edib ki, hər iki döyüşən dövlətdən ötrü hərbi təyinatlı yüklərin daşınması üçün öz ərazisini və hava səmasını bağlayır. Rusiya ilə ortaq sərhədi və dənizə çıxışı olmayan Ermənistan üçün bütün bunlar praktiki olaraq tam blokada deməkdir. Azərbaycan isə əksinə, məsələn, Türkiyədən, İsraildən və başqa ölkələrdən silah və sursatı necə alırdısa, yenə eləcə alacaq.
Dağlıq Qarabağ uğrunda Azərbaycanla yeni müharibədə Ermənistanın vəziyyətini gərginləşdirən bir amil də ondan ibarətdir ki, bu məsələdə beynəlxalq hüquq Ermənistanın tərəfində deyil. BMT Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi hesab edir. Faktiki olaraq, bu şəraitdə Yerevan yalnız Qərb ölkələrinin nümayəndələrinin bir hissəsinin ermənilərə rəğbətinə, bir də öz ordusuna ümid bəsləyə bilər. Lakin əldə olan məlumata görə, döyüş meydanında da Ermənistanın vəziyyəti yaxşı deyil. Görünür, cəbhədə işlər erməni silahlı qüvvələrinin zərərinə gedir.
Lakin hələlik Ermənistanın baş nazirinin gözlədiyi “Qarabağ ordusunun qəti qələbəsi” əlamətləri görünmür. Məsələ təkcə onda deyil ki, daha yoxsul olan Ermənistan uzun illər ərzində ən yeni silah növləri üçün ondan qat-qat varlı Azərbaycanın eyni məqsədlər üçün sərf etdiyi qədər vəsait sərf edə bilməyib. Hərbi ekspert Pavel Felgenhauer “Rosbalt” müxbiri ilə söhbətində qeyd edib ki, “Ermənistan əvvəlki müharibəyə hazırlaşıb”, müasir texnikadan daha çox öz əsgərlərinin döyüş ruhuna güvənib.
Bu cür müharibəqabağı strategiyanın nəticələri bu gün döyüş meydanında özünü göstərir. Ekspert deyib: “Azərbaycan müharibədən əvvəl Ermənistan üzərində texniki üstünlüyə malik idi, indi isə sadəcə qalib gəlir. Artıq 10 gündür ki, Azərbaycan qoşunları təşəbbüsü əldə saxlayırlar, bu isə ciddi məsələdir. Ermənilər təşəbbüsü öz əllərinə ala bilmirlər. Erməni silahlı qüvvələrinin əks-zərbələr endirmək cəhdləri uğursuz olur. Onlar hətta bu əks-zərbələri cəmləşdirə bilmirlər, çünki onların dəstələri Azərbaycanın yaylım atəşli artilleriya vasitələrinin, pilotsuz uçuş aparatlarından informasiya alan aviasiyanın daimi zərbələri altındadır”.
Hazırda döyüş meydanında vəziyyətin Ermənistanın xeyrinə olmamasını göstərən bir fakt da ondan ibarətdir ki, Nikol Paşinyan baş nazir olduğu bütün müddətdə bəlkə də ilk dəfə Dağlıq Qarabağ məsələsində Azərbaycanla kompromisin mümkünlüyü barədə danışıb. Xatırlayırıq ki, əvvəl onun sözünün mahiyyəti belə idi: “Qarabağ Ermənistandır və nöqtə”.
Felgenhauer əmindir ki, baş nazir Paşinyan bu müharibədə məğlub olacağı halda öz vəzifəsini itirməyə risk edir. Ekspert daha sonra deyib ki, Ermənistanın bu müharibəyə hazır olmamasında təkcə Paşinyan təqsirkar olmasa da, “buna görə o cavab verməli olacaq”.
Ekspertin fikrincə, indiki vəziyyətdə istisna olunmur ki, “şəhərlərin müharibəsi, yəni Yerevanın və Bakının atəşə tutulması başlana bilər, bu isə həmin müharibəyə qoşulmaq istəməyən Rusiyanı ona cəlb edə bilər”. Ekspertin fikrincə, əgər Azərbaycan Qarabağ problemini silah gücünə həll edərsə, Ermənistanda isə bunun nəticəsində Paşinyan hökuməti süqut edərsə, bu, Moskvanı tamamilə qane edəcək.
Belə şəraitdə ermənilər həqiqətən yalnız özlərinə ümid edə bilərlər. Lakin indi onların hərbi-siyasi imkanları çox məhduddur.
Aviasiya üzrə ekspert Vadim Lukaşeviçin fikrincə, Azərbaycan tərəfindən Türkiyədən və İsraildən alınmış müasir pilotsuz uçuş aparatlarının tətbiq edilməsi Ermənistanla indiki müharibədə Azərbaycan ordusunun üstünlüyünü təmin edib.
V.Lukaşeviç “Rosbalt”a müsahibəsində deyib: “Suriya, Liviya, indi isə həm də Dağlıq Qarabağ göstərir ki, pilotsuz uçuş aparatları hərbi əməliyyatların, xüsusən lokal hərbi əməliyyatların aparılması texnikasını ümumiyyətlə dəyişir. Qarabağ müharibəsi Dağlıq yerdə aparılır və burada dronlar, ən azı hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikasının və başqa silahların dəf edilməsi baxımından özlərini yaxşı göstərir”.
Ekspertin sözlərinə görə, “indi Ermənistan geri çəkilir, Azərbaycan havada üstünlüyə malikdir, müasir müharibədə hər hansı hərbi əməliyyatlar üçün bu, çox vacibdir. Bundan əlavə, pilotsuz uçuş aparatları təyyarə və ya helikopterlə müqayisədə daha ucuzdur, onların itirilməsi o qədər də təhlükəli deyil, pilotlu aviasiya vasitələri ilə müqayisədə pilotsuz uçuş aparatlarını daha çox sayda tətbiq etmək olar, onlar əlaqələndirilmiş şəkildə uça bilərlər. Bu gün dronlar ordu həmlə təyyarələrinin funksiyasını öz üzərinə götürürlər. Onlar müharibənin, xüsusən regional müharibənin simasını dəyişir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA