sedanews.az
sedanews.az

Ordumuz Qarabağda vurur: Bakıda nələr dəyişir?

9-10-2020, 13:27 395 dəfə baxılıb

Ordumuz Qarabağda vurur: Bakıda nələr dəyişir?



90-ların Bakısı bu idi: işğal xəbərləri ilə artan pozuculuq, əlisilahlıların paytaxtda gəzməsi, pərakəndəlik, anarxiya, kəskin iqtisadi tənəzzül, gecələr qaranlığa bürünən neft şəhəri... Sanki “Küləklər şəhəri”ndə xəzri yox, səmum yeli əsirdi. Və hər gün bu “yel” içimizi darmadağın edirdi, bizim olanları silib-süpürüb aparırdı.
Yox, bugünlə müqayisə edib, hazırkı Vətən müharibəsinin Azərbaycanda hər hansı iqtisadi silkələnmə yaratmadığı haqda danışmayacam. Bunu bilirsiniz.
Bilinməyən, daha doğrusu, görünməyən, material olaraq toxuna bilmədiklərimiz, amma yaşadıqlarımız var...
İşğal – yalnız bir ölkənin ərazisinin müəyyən hissəsinin yadlar tərəfindən tutulması deyil.
İşğal - ümumilikdə millətin düşüncəsinə, təfəkkürünə, davranışına, psixologiyasına, səhhətinə təsir edən dəhşətli zərbədir.
İşğal neçə faizdirsə, sənin ağlın, canın, yaradıcılıq qabiliyyətin, maddi imkanların da o qədər məhdudlaşır.
Yəni: biz 30 ildir düşünmə imkanlarımızın 20 faizini itirmişik, fiziki olaraq 20 faiz şikəstik – kiminin ayağı, kiminin qolu işləmir; aqressivik, bir-birimizi it kimi qapmağa, hansısa yanlış hərəkətimizə görə “ictimai qınağa” qarşı sərt şəkildə çıxmağa, ictimai düşüncəni “saymamağa” meyilliyik. Çünki aldığımız kosmik informasiya yarımçıqdır, mövcudluq təsəvvürlərimiz bütöv deyil, özümüzdən bədgümanıq, məğlubluq sindromu o qədər canımızda yer edib ki, hamının bizə aşağılayıcı tərzdə baxdığı altşüurumuzda oturuşub.
Niyə əsəbi olduğumuzu, niyə fiziki gücümüzdən tam istifadə edə bilməməyimizin mənasını da dərk etmirik.
Bəs, Ordumuzun Qarabağda düşmənə qan uddurması, kəndlərimizin azad olunması xəbərləri ilə dəyişiklikləri hiss edirsinizmi?
Artıq metroda insanlar bir-birinin üstünə çıxmamağa, bir-birinə yol verməyə çalışır; artıq bir-birimizə mümkün qədər xoş söz demək istəyirik; hətta gecə balkonlardan zibili, butulkanı məhəlləyə atanların da sayı qat-qat azalıb.
Çünki bir-birimizi düşünməyə başlamışıq; artıq bir-birimizin qədrini bilirik, özümüzü tanımağa çalışırıq...
Düşüncəmiz aydınlaşır, 30 ildir iflic olan qolumuz (ya da ayağımız) açılmağa başlayıb, təfəkkürümüz, düşüncəmiz aydınlaşır, əminlik yaranır, qürurumuz geri qayıdır.
Nəhayət, bu millət öz-özünü təbrik etmək istəyir. Təsadüfən gözün birinin gözünə sataşanda, “nə gözünü zilləmisən” hikkəsi doğmur, əksinə, “sabahın xeyir” ilıqlığı yaranır...
Hələ işğaldakı torpaqlarımızın az hissəsini qaytarmışıq. Bütünləşsək, ərazilərimiz tam azad olunsa, bilirsinizmi bir-birimizə münasibətimizdə nələr dəyişəcək...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA