sedanews.az
sedanews.az

Oğru nazir, hörmətsiz prezident, uşaq qatili - Serjikin əzab yolu

5-10-2021, 12:06 342 dəfə baxılıb

Oğru nazir, hörmətsiz prezident, uşaq qatili - Serjikin əzab yolu

II Qarabağ müharibəsi haqqın, ədalətin bərqərar olması ilə yanaşı, kimin kim olduğunu erməni cəmiyyətinə, Ermənistan hakimiyyətinin uzun illərdir uydurmalarına inanan beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından olduqca əhəmiyyətli oldu. 44 günlük müharibənin başlamasından sonra Azərbaycan Ordusunun irəliləməsi xəbərini alan kimi dərhal Xankəndindən İrəvana qaçan Serjik Sarkisyan bəs niyə dilini dinc saxlamır? 
Müharibədən dərhal sonra qarşı tərəfdən edilən açıqlamalar təsdiq edir ki, II Qarabağ müharibəsində Ermənistanın 10 mindən çox fərarisi oldu. Azərbaycan ordusunun irəlilədiyi xəbərini alar-almaz dərhal Xankəndindən İrəvana qaçan Sarkisyanı da 10 min fəraridən biri hesab etmək olar. Uzun illər ölkənin müdafiə naziri, baş naziri, Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş və 10 il ərzində prezident vəzifəsini icra edən bir şəxsin müharibə vaxtı Şuşaya qaçması fərarilik deyil nədir? Halbuki Azərbaycan Ordusunun savaşdığı uzun illər sadalanan vəzifələrdə çalışan Serjikin yaratdığı, qurduğu ordu idi.
Prezident İlham Əliyev bu məqama Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxışı zamanı xüsusi diqqət çəkib: "Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb".
Bu yaxınlarda Ermənistanda baş tutan parlament seçkilərində topladığı 5%-dən də az səs, Serjikə qarşı erməni cəmiyyətində bitən inamın, etimadın rəqəmidir. Hətta Sarkisyanın nüfuzu o qədər bərbad vəziyyətdədir ki, müharibədə bir neçə ay öncə ağır məğlubiyyətə uğrayan Nikol Paşinyan səs çoxluğu ilə yenidən ölkənin başına keçdi. 
Nikol Paşinyanı Şuşanı Azərbaycana təhvil verməkdə ittiham edən Serjik Sarkisyan unudur ki, 1992-ci ildə Şuşanı öz güclərinə işğal etməmişdilər. Məhz Azərbaycan daxilində hakimiyyət uğrunda gedən çəkişmələr, xəyanətkarların "kreslo davası", o vaxtkı hakimiyyətin səriştəsizliyi nəticəsində alınmaz qala işğala məruz qaldı. Azərbaycan artıq hər daşı, hər qayası Vətən qoxan Şuşaya qovuşdu. Amma 8 noyabr tarixini istər Sarkisyan, istər sələfləri, istərsə də erməni etnosu heç vaxt unutmayacaq. Azərbaycan əsgəri küçə döyüşləri, əlbəyaxa savaşla Şuşanı Sarkisyan kimi erməni daşnaqlarından təmizlədi və bu tarix Zəfərin rəsmiləşdirən (iki gün sonra - 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı - red) hadisə oldu. 
Özünə Qaragen Njdeni, Andraniki, Monte Melkonyanı qəhrəman seçən Ermənistan, xüsusilə də bu ölkəyə 10 il rəhbərlik etmiş Serjik Sarkisyan son bəyanatında Azərbaycan hakimiyyətinə qarşı əsassız, gülünc, özünə yaraşan ittihamlar səsləndirərkən keçmişinə, xalqını saldığı duruma dönüb baxmaq barədə düşünmədi.
Kimə hədə-qorxu gəldiklərini unudursa, Serjikə xatırladaq: 44 gün ərzində 30 illik işğala son qoyan, uzun illərdir formalaşdırdıqları "məğlubedilməz erməni ordusu" mifini darmadağın edən bir ordu, bir dövlət var qarşında. Hələ müharibənin ağrı-acıları səngiməmiş, xalqının dərdini unudub, öz şəxsi mənafeyi üçün bir ölkənin gələcək taleyini uçuruma sürükləyən Serjikin bu cür bəyanatlar səsləndirməsi onun və onun kimilər üçün heç də yaxşı şeylər vəd etmir. 
Ermənistanın keçmiş rəhbəri açıqlamasında "qafqazlı" olmasından danışarkən bir nüansı unudub: Hansı qafqazlı günahsız, əliyalın insanları, uşaq, yaşlı, qadın demədən öldürər, işgəncələrə məruz qoyar? Müsahibəsində "Azərbaycanlılar Xocalıya qədər elə düşünürdülər ki, biz dinc insanlara əl qaldırmayacağıq, ancaq biz bu steriatipləri qırdıq" deyərək öyünən Sarkisyan əsl simasını, uşaq qatili olduğunu özü də bilmədən etiraf etmiş oldu. Bununla öyünən Sarkisyan üçün, dinc əhalini qətlə yetirmək, olmazın işgəncələrini vermək "kişilik" sayılırsa, onun bioqrafiyası barədə daha geniş araşdırma aparmağa ehtiyac qalmır. 
Dövlət başçısı Suqovuşandakı nitqi zamanı Sarkisyanı boş-boş, sərsəm bəyanatlar vermək əvəzinə keçmiş DQMV-ə "dəvət edib": "Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin "Madagiz" adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən".
2016-cı ildə Aprel döyüşü ilə ilk zərbəni necə aldığını unudan, indi kişikdən danışan Serjik Sarkisyan Rusiyaya yalvarıb, döyüşü dayandırmağı xahiş etdiyini necə gizlətməyə çalışdığını artıq hər kəs bilir.  Amma Prezident olduğu dövrdə heç bir beynəlxalq tədbirdə uğur qazanmayan Sarkisyan əslində Azərbaycandan ilk ağır diplomatik dərsini 2014-cü ildə Praqada keçirilən toplantıda aldı. Orada Rəcəb Tayyib Ərdoğanın iştirak etməyəcəyini bildiyi üçün "şirə dönən" Sarkisyan, Türkiyə əleyhinə bəyanat vermək istəyərkən İlham Əliyevdən sərt və yerində lazımi cavabını aldı. 
Böyük güclərin maşası olmağı yaxşı bacaran bu və digər erməni revanşistləri anlamalıdırlar ki, Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Bununla bağlı dövlət başçısı İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı növbəti dəfə revanşist qüvvələrə mütaciət edib: "Ağlınızı başınıza yığın. Dəmir yumruq yerindədir, heç yerə getməyib. Və bizi əsəbləşdirməyin, özünüzü yaxşı aparın. Yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz".  
Dövlət başçısı bu bəyanatı ilə eyni zamanda Ermənistana yenidən havadarlıq etmək eşqinə düşən qüvvələrə bir mesaj yolladı. İlham Əliyevının səsləndirdiyi bu fikirlər Azərbaycanın kəskin, qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyinin, bundan sonra da yeri gələcəksə, güc yolu ilə haqqını bərpa edəcəyinin növbəti təzahürüdür. Bu mesajları qəbul etməyənlər, etmək istəməyənlər aqibətlərini bu yaxınlarda 1 ili tamam olacaq 44 günlük müharibənin nəticəsinə nəzər salmaqla düşünsünlər. 
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA