sedanews.az
sedanews.az

Nazarbayev-Tokayev cütlüyünün ağlasığmaz addımları...

11-01-2022, 12:35 251 dəfə baxılıb

Nazarbayev-Tokayev cütlüyünün ağlasığmaz addımları...

Yeni ilin ilk günlərindən başlayan və sürətlə genişlənib, qarşıdurma səviyyəsinə qalxan, qarət və yağmalamalar, yanğınlarla müşahidə olunan Qazaxıstan iğtişaşlarına görə Prezident Tokayevin KTMT – daha doğrusu, rus qoşunlarını ölkəyə çağırması maraqlı reaksiyalarla müşayiət olunur: bunu Tokayev və hətta Nazarbayevin ölkəni ruslara satmasından tutmuş, onların zəif, ağılsız, iradəsiz siyasətçilər olması, türk dünyasına xəyanət və sairlə “izah etməyə” çalışırlar.
Ən maraqlı münasibəti Nazarbayevə qarşı müşahidə edirik: dünənə qədər türk dünyasının ağsaqqalı olaraq görüb-dəyərləndirdikləri Elbaşı səbatsız, korafəhm, savadsız, siyasi baxımdan hazırlıqsız biri imiş – nə əcəbsə nəvəsi yaşında olan və heç vaxt bir həftəlik də olsa, mühüm dövlət vəzifəsi tutmayan bizim politoloq-siyasətçi-şünaslardan məsləhət almadan bu addımı atıbmış!
Qazaxıstanda nə baş verdi – hər kəsin gözü önündədir. 2 yanvarda sıxılmış qazın qiymətlərinin iki əyalətdə iki dəfədən də çox qaldırılmasına etiraz olaraq aksiyalar başladı və sürətlə digər bölgələrə yayıldı. 2 gün sonra rəsmi şəkildə maye qaz yanacağının qiymətinin əvvəlki səviyyəyə enəcəyi elan edildi, bu işə məsul olanların vəzifədən çıxarılmasına başlandı, ancaq aksiyalar dayanmadı, tələbləri icra edilən etirazçılar nədənsə sakitləşmədi, əksinə, mitinqlər nəzarətdən çıxdı, bir çox halda qarət, zorakılıq, inzibati binaların tutulması, polis maşınlarının aşırılıb yandırılması, aeroporta, televiziya binalarına hücumla – dövlət strukturlarının iflicinə yönələn aqressiya ilə - müşayiət olundu.
Tokayev 5 yanvarda TŞ katibi, sabiq prezident Nursultan Nazarbayevi vəzifədən çıxartdı (halbuki Nazarbayev ömürlükdür, Konstitusiyaya görə), NK-nı istefaya göndərdi, qaz şirkətinin direktorunu və Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrini həbs etdirdi və s.
Sosial tələbləri yerinə yetirilən aksiyaçıların siyasi tələblərə keçməsi, getdikcə təzyiqi artırması və istefa, növbədənkənar seçki tələbləri qurulmuş ssenaridən xəbər verirdi və buna hər kəs hazırlaşmışdı: Qərbdən qrant alan QHT-lər də (son məlumata görə, Qərbdən son 15 ildə 16 min QHT maliyələşib), xarici xüsusi xidmət orqanları da. Əlbəttə ki, burada FSB-nin də xüsusi hazırlıq gördüyünü qətiyyən unutmaq olmaz.
Qazaxıstan MDB ölkələri arasında bütün iqtisadi göstəricilərə görə ikinci sıradadır; Qazaxıstan Qərbin külli miqdarda qrant ayırdığı və geniş QHT şəbəkəsinin olduğu nadir MDB ölkələrindən biridir; Qazaxıstan, Tokayevin sözləri ilə desək, hətta icazəsiz aksiya keçirmək hüququ verilən ölkələr sırasındadır və deməli, demokratiya istiqamətində ciddi addımlar da atır.
Qazaxıstanda uzun aylar, bəlkə də illərdir hazırlanan “üsyanı”, “məxməri inqilabı”, “qiyamı”, “dövlət çevrilişini”, “xaosu” – necə adlandırılmasının heç bir fərqi yoxdur – görmədiyi və yaxud buna şərait yaratdığı üçün Qasım-Jomart Tokayev məsul şəxslərə qarşı olduqca sərt addımlar atdı.
Aksiya iştirakçıları və yaxud “radikallar”, “terrorçular” və s. adlandırılanların ilk hədəfi Nursultan Nazarbayev idi - Nazarbayev dərhal vəzifədən istefa verdi.
Klan mübarizəsi qətiyyən deyil və proseslərdə Nazarbayevin “əlini” axtarmaq absurddur. Belə olsa, Nazarbayev konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərdi və Tokayev onu TŞ katibi vəzifəsindən uzaqlaşdıra bilməzdi. Üstəlik, Nazarbayevin rəsmi nümayəndəsi iki dəfə açıq çağırışla Elbaşının sözlərini elan etdi və Tokayevi maksimum dəstəklədi, onun ətrafında birləşməli olduqlarını elan etdi.
Özü hələ ki, açıq müraciət etməyib və bu dünyagörmüş ağsaqqal ən son addıma da hazırdır: əgər Tokayev bacarmasa...
Qazaxıstanda nə baş verir?
Tam bir Ukrayna ssenarisi – amma daha radikal, daha amansız, daha hazırlıqlı.
10 və 12 yanvar tarixlərində Rusiya-NATO (və AB) görüşlərinə hazırlıq gedir, hər iki tərəf dünyanın yenidən bölüşdürülməsində əl qoyduqları əraziləri müzakirə predmeti olmaqdan çıxarmaq istəyir. Rusiya NATO-nun şərqə genişlənməsini birdəfəlik dayandırmaq, öz ətrafında daha geniş bufer-zonalar yaratmaq və bu zonaları yeni birliklə möhkəmləndirmək istəyir; Rusiyanın açıq tələbləri var: NATO 1997-ci il sərhədlərinə qayıtmalı, Rusiyanın təsir dairəsində olan bölgələrə nüfuz etməməli, Rusiyanı öz sərhədlərinə sıxmağı dayandırmalıdır!
Bu, artıq istək deyil, Kreml bu tələblərini müharibə səviyyəsində elan edib və ən sərt şəkildə icrasına başlayıb.
Belarus liderinin Milad günü kilsədə etdiyi çıxış 2022-ci il üçün Rusiyanın əsas planlarının elanı idi: Ukrayna, Qazaxıstan, Belarus və Rusiya – bir İttifaq Dövlətində birləşməlidir.
Aleksandr Lukaşenkonun ardınca artıq Rusiya Dumasının deputatları da bunu açıq şəkildə dilə gətirirlər.
Əlbəttə, ən çox maraqlı olan da budur: Ukrayna niyə?
Lukaşenko israrla “Ukraynanı geri qaytarmaq üçün əlimizdən gələn hər şeyi etməliyik” sözünü açıq şəkildə dedi.
Bu, Rusiyanın qəti tələbidir, Kreml Ukraynanı geri istəyir və bunun üçün müharibəyə hazırdır!
Bəs, niyə Qazaxıstan?
Qazaxıstan Avrasiyanın ən önəmli ölkəsidir, burada çoxsaylı etnik ruslar yaşayır. Aylardır Jirinovski də daxil olmaqla, rus siyasiləri Qazaxıstanın Rusiya torpağı olduğu haqda mesajlar verir. Bunları hansı formada istəyirsinizsə, o cür də qəbul edin – fiziki olaraq, ya da təsir dairəsi baxımından! Bunlar həm də dünyaya bir mesaj idi – heç bir halda Qazaxıstandan vaz keçməyəcəyik!
Qazaxıstan üzərində Qərbin böyük bir ssenarisi cızılırdı və Rusiya dəfələrlə ekstremistlərin, radikalların bu əraziyə - Orta Asiyaya sızdığı haqda açıq mətnlə çağırışlar edirdi. Bu isə o demək idi ki, Orta Asiyada ciddi hazırlıq gedir. Əlbəttə ki, Orta Asiyanın ürəyi Qazaxıstandır: bu 2,8 milyon kv.km-a sahib, ancaq ərazisinə görə əhalisi, xüsusilə aparıcı etnosu yetərli qədər olmayan ölkədə daha ciddi oyun qurmaq imkanları vardı.
Belarus – gözü çıxmış qardaşından nümunə götürdü, Lukaşenko 2020-ci ildə bütövlükdə Rusiyanın çətiri altına girməklə, ölkəni xilas etdi. Bəli, məhz xilas etdi! Çünki “məxməri inqilab” Ukraynadakı kimi nəticə versəydi və Yanukoviç kimi, Lukaşenko da aradan çıxsaydı, Rusiya Belarusu da parçalayacaqdı və kimsə buna şübhə etmirdi.
Qərb üçün heç bir fərqi yoxdur – ölkəni tammı, yoxsa yarımçıqmı qəbul edir və nə qədər dəhşətli də olsa, bunu etiraf etməyə də başlayıblar. NATO-nun keçmiş rəhbəri Rasmussen elə bu cür də açıqlama vermişdi: Gürcüstan və Ukraynanı “hazırda nəzarət etdiyi ərazilərlə” NATO-ya qəbul etmək lazımdır! Yəni “əlimizdən çıxan” hissəni Rusiyaya verək!
Bu, Rusiyanın təsir dairəsindən nə qədər mümkündür, ərazi qoparmaq deməkdir və onların bu ölkələrin parçalanması, poliqona çevrilməsi eyninə də deyil: heç kəs Gürcüstanın (Abxaziya və Cənubi Osetiya) və Ukraynanın (Krım və Donbas) 20% torpağının və bir o qədər də ərazisinin “neytralda” qalmasının bu xalqlar və dövlətlər üçün nə qədər dəhşətli olduğunu düşünmür.
Eyni proses Qazaxıstanda başlamışdı – ancaq bu dəfə daha dəhşətli formada. Çünki Ukrayna təcrübəsi vardı və Qərblə Rusiya Ukraynadakı “səhvlərdən” hər biri özü üçün “nəticə” çıxarmışdı. Həm də bu bir müsəlman və türk torpağıdır – orda daha amansız savaş da aparmaq olardı.
Nazarbayev təkcə istefa vermədi, yalnız Tokayevə dəstəklə kifayətlənmədi, həm də Lukaşenko ilə daimi təmasa keçdi. Rəsmi məlumata görə, 5-7 yanvar aralığında Lukaşenko ilə Nazarbayev arasında iki telefon danışığı olub. Ancaq bu danışıqların daha çox olduğunu düşünmək üçün xeyli əsaslar var.
Nazarbayev sözün bütün mənalarında ölkəni parçalanmaqdan xilas etmək üçün hər şeyi etdi, elə Tokayev də!
Əlbəttə, hamı yaxşı bilir ki, 2,8 milyon kv.km ərazini, Tokayevin sözləri ilə desək, yalnız Almatıya hücum edən 20 min terrorçunu, yüz minlərlə aksiya iştirakçısını Qazaxıstanın öz ordusu, xüsusi xidmət orqanı əməkdaşları, Milli Qvardiyası, polisi – üst-üstə 290 min civarında qiymətləndirən hərbi gücü dayandıra bilmirsə, 2,4 minlik KTMT qüvvələri də dayandıracaqdı!
Hər kəs doğru olaraq bunu absurd sayır. Ancaq KTMT – daha doğrusu Rusiya ordusunun həcmi məsələsi burda ən sonda yer alır: burda əsas məsələ Rusiyanın bu ölkəyə çağırılması və rus ordusunun yerləşməsinin siyasi əhəmiyyətidir. Qazaxıstan Qərbə heç bir şans tanımadığını, Rusiya ilə birgə hərəkət etdiyini göstərdi; Qazaxıstan Rusiyanın birbaşa nüfuz etməsi üçün şərait yaratdı və Ukrayna ssenarisindən qaçdı; Qazaxıstan Qərblə danışıqlarda Rusiyanın Nur-Sultanla bağlı qəti və konkret çıxış etməsi üçün siyasi şərait yaratdı.
5 yanvardan Lukaşenko ilə dəfələrlə danışan Nazarbayevin Putinlə bir dəfə də olsun, kontakta girməməsi (və yaxud bu barədə məlumat olmaması) ciddi məsələdir. Putinin hər zaman sayğı ilə yanaşdığı Nazarbayevlə Putin arasında birbaşa danışıqlar niyə olmayıb? Niyə Lukaşenkodan yardım istənilir? Bəli, məhz yardım, məhz Lukaşenko vasitəçilik edir...
Bu məqamda MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-rəsmi görüşündə Putin-Nazarbayev görüşü diqqət çəkir. O görüşdə nələr baş verdiyini bilmirik, ancaq hər nədirsə, nəticə yalnız 2 yanvarda başlayan hadisələr deyil, həm də Nazarbayevlə Putin arasında bu proseslər zamanı əlaqənin olmamasıdır.
Nazarbayev nəyə razı olmayıb? Putin Nazarbayevə nəyin xəbərdarlığını edib və nələr istəyib? Yoxsa Qazaxıstanda aksiyaların başlanması nəzərə alınıb, ancaq rus kəşfiyyatının bu qədər fəal müdaxiləsi təsəvvür edilməyib? Bəlkə Qərb ənənəvi olaraq verdiyi vədi yerinə yetirməyib?
Qazaxıstanla Ukraynanın taleyi həddən artıq oxşardır: hər ikisi SSRİ-nin nüvə sənayesində mühüm rol oynayıb: 90-larda hər iki ölkə Qərbin və Rusiyanın qarantisi ilə nüvə silahından imtina edib; hər iki ölkənin ərazisi həddən artıq böyükdür – Ukrayna qərb, Qazaxıstan isə cənubda Rusiya və Qərb üçün olduqca strateji əhəmiyyət kəsb edir; hər iki ölkədə böyük ölçüdə ruslar yaşayır və onların əksəri kompaktdır; hər iki ölkədə rusca dövlət dili kimi paralel işlənib və rus dilinin, mədəniyyətinin nüfuz dairəsində olub; hər ikisi Rusiya hərbi sənayesində açar dövlətlərdir və s. Bura mütləq şəkildə Baykanuru da əlavə etmək lazımdır.
Nazarbayev-Tokayev cütlüyü faktiki olaraq Qazaxıstan üzərində böyük dövlətlərin qurduğu oyundan ölkəni xilas etmək üçün ən ağlasığmaz addımları atırlar.
Nursultan Nazarbayev – dünyanın ən müdrik siyasətçilərindən biridir və 30 il ərzində Qazaxıstanı türk dövlətinə çevirmək üçün hər şeyi edib. Məhz buna görə Qərb donorlarına şərait yaradıb, QHT-lərin inkişafını əngəlləməyib, ABŞ ilə münasibətləri yüksək səviyyədə qoruyub ki, Qazaxıstana rus təsirini balanslaşdırmaq mümkün olsun.
Ancaq 2020-ci ildən dünya siyasətində mühüm transformasiya gedir və hər iki güc mərkəzi həddən artıq aqressivləşib: savaş dünyanın müxtəlif ərazilərində aparılır və Putin 2022-ci il üçün olduqca sərt və ağır siyasi hədəf müəyyən edib.
Çevik siyasət tələb olunurdu və Qazaxıstan kimi hələ milli şüurun güclənmədiyi, 40 faiz rus nüfuzu olan, radikal islamçıların əhatəsində qalmış bir ölkədə nələr etmək olardısa, Nazarbayev onu da edib və hətta mümkünsüzlərə imza atıb!
Dünya yenidən bölünür, nüvə gücləri bütün hüquqi sərhədləri aşırlar. Putin necə demişdi? “Ayı (rusların totemini və Rusiyanı nəzərdə tutaraq – red.) tayqanın sahibidir. O, tayqadan heç yerə getmir, çünki onun üçün münasib deyil. Ancaq tayqaya da heç kimi buraxmır. Bunu unutmayın!”
Putin ən sərt formada bu siyasəti yeridir və AB-dən, NATO-dan daha fərqli bir ittifaq yaratmaqda israrlıdır: ya Qazaxıstan, Ukrayna buna tabe olacaq, ya da hər ikisi iki güc arasında parçalanacaq!
Ukrayna zatən parçalanıb və rəsmiləşməsi prosesi gedir!
Nazarbayev parçalanmanın qarşısını almaq üçün çalışır və ümid edək ki, buna nail olacaq!
İndi birilərinin Nazarbayevi qeyri-peşəkarlıqda suçlamasından gülməli heç nə yoxdur. Siz Nazarbayevin dövlət idarəetmə təcrübəsindən də, millətçi düşüncə və bu düşüncənin icrası müddətindən də çox gəncsiniz; Putinlə ən son görüşən də siz deyildiniz; Lukaşenko ilə danışan da...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA