sedanews.az
sedanews.az

Qələbə sevincli Azərbaycanın Novruz bayramı

17-03-2022, 16:38 340 dəfə baxılıb

Xalqları millət edən onların milli-mənəvi dəyərləri, adət-ənənələri və mərasimləridir. Bir milləti yaşadan, davamını var edən də məhz bu cür mənəvi dəyərlərdir. Türk dünyasının hər yerində böyük coşqu və müxtəlif mərasimlərlə qeyd edilən Novruz bayramı türk dünyasının ortaq mədəniyyət məhsullarından biridir. Türk xalqlarının milli bayramıdır. Uzun və sərt qış aylarından sonra baharla təbiətin canlanmasını simvolizə edən Novruz ictimai birliyi, həmrəyliyi və əməkdaşlığı təmin edən məzmunu ilə Orta Asiyadan Anadoluya qədər bir çox coğrafiyada varlığını davam etdirir. Türk cəmiyyətində Novruz təkcə təqvim başlanğıcı və ya yeni il kimi qəbul edilmir. Bundan əlavə, Novruz yeni həyat, ümidlərin başlanğıcı kimi mənaları ehtiva edir. Türk dövləti olan Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə martın 21-ni  Beynəlxalq Novruz Günü elan etməsi isə bu bayramın təkcə türk dünyasının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri olduğunu bütün dünyaya sübut etdi. 
Milli adət-ənənələrə dərin köklərlə bağlı olan xalqımız hər zaman bu bayramı böyük coşqu və inamla qeyd etmişdir. SSRİ dövründə uzun illər keçirilməsinə qadağa qoyulan bu el bayramı 1969-cu ildən etibarən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, tariximizə, adət-ənənələrimizə olan bağlılığının təzahürü nəticəsində təntənə ilə qeyd edilməyə başladı. Lakin 1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Vətənimizdə yaşanan ağır siyasi vəziyyət və faciələr isə Novruzun yüksək-əhval ruhiyyədə keçirilməsinə əngəl yaratdı. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra faciələr aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin olundu, xalqımız Novruz bayramını da yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Müstəqil Azərbaycana başçılıq etdiyi zamanlarda hər il Novruz bayramında müxtəlif tədbirlərdə iştirak edən Ümummilli Lider Heydər Əliyev xalqımızın milli bayramına böyük əhəmiyyət verir, Novruz bayramının mahiyyətini ehtiva edən fikirlər bildirirdi. Novruzun bizə bəxş etdiyi ən gözəl nemətin qədim zamanlardan bu bayramda insanların kin-küdurəti unutduğunu, küsülülərin barışdığını, ziddiyyətlərin aradan götürüldüyünü qeyd edən Ulu Öndər Novruzu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırırdı. İşğal olunmuş torpaqlarımızın bir gün mütləq azad olunacağına əmin olan dahi rəhbər Novruz bayramının mütləq Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirələcəyinə inamını heç zaman itirmirdi. 
Öz fəaliyyəti dövründə adət-ənənələrimizə, milli dəyərlərimizin qorunmasına hər zaman önəm verən cənab Prezident İlham Əliyev də Novruz bayramının əhəmiyyətini daima yüksək qiymətləndirmiş, öz çıxışlarında qeyd etmişdir ki, "Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq". Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınması da cənab Prezidentin apardığı uğurlu siyasətin və dəyərlərimizə göstərilən hörmət və qayğının təzahürüdür.
Novruzu ümumxalq bayramına çevirən dəyərlərdən ən vacibi milli birlik, həmrəylik və bütövlükdür. Məhz bu birliyimiz nəticəsində mənfur düşmən üzərində parlaq qələbə qazandıq. Bu gün biz fəxrlə qeyd edirik ki, zaman keçdi və Ulu Öndərin dediyi fikirlər, onun arzuları reallaşdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın gücü, birliyi dəmir yumruğa çevrildi, torpaqlarımız düşmən əsarətindən azad olundu, 30 illik işğal aradan qaldırıldı. Doğma yurdumuzda 30 ildən sonra yenidən həyat canlandı. Bu gün birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzda Ulu Öndərin ruhu ona görə şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı üçrəngli bayrağımız Qarabağ torpağında dalğalanır. Onun dediyi kimi, bu gün bayram tonqalları mədəniyyət paytaxtımız olan Şuşada və azad olunmuş digər ərazilərimizdə qürurla alovlandırılır. Novruz bayramı Şuşada, Cıdır düzündə bayram xonçaları ilə qeyd edilir. Bu sevinci, qüruru xalqımıza bəxş etdiyi üçün Prezidentimiz cənab İlham Əliyevə, Şanlı Azərbaycan Ordusuna borcluyuq. Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhu qarşısında baş əyirik. 
                                             Novruz bayramınız mübarək!

                                                                        Bakı şəhəri A.Muradov adına 
                                                        84 nömrəli tam orta məktəbin direktoru Şəfəq İbişova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA